Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və Birinci vitse-prezidentə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, ümumi ərazisi 3 hektardan artıq olacaq hotel və konfrans mərkəzinin inşaat işlərinə bu ilin aprelində başlanılıb. Mərkəz ümumilikdə 154 otaqdan ibarət olacaq. Burada 400 nəfərlik konfrans zalı, görüş otaqları, restoranlar, mağazalar, yeraltı və yerüstü avtodayanacaqlar və digər zəruri infrastruktur yaradılacaq.

Qeyd edək ki, Şuşa hotel və konfrans mərkəzinin inşası şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi zəngin mədəni həyatına qovuşması üçün aparılan bərpa-quruculuq işlərində mühüm yer tutur. Qədim dövrdə Böyük İpək Yolunun əsas qovşaqlarından biri olan Şuşa Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib–gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaralar tikilirdi. Məhz bu baxımdan mərkəz karvansara konsepti əsas götürülərək müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib. Xarici görünüşündə milli memarlıq elementləri tətbiq olunacaq. Fasadın üzlənməsində isə şəhərin tarixi binalarının tikintisində işlədilən Şuşa daşından istifadə ediləcək.





Ana səhifəyə qayıt        Baxış: 3 312          Tarix: 28-09-2022, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma