Naxçıvan Muxtar Respublikasında Azərbaycandan fərqli olaraq ƏDV -li QR kodlu çek (qəbz) mövcud deyil. Heç bir marketdə, mağazada və s. kimi yerlərdə ƏDV-nin bir hissəsinin vətəndaşa geri qaytarılması həyata keçirilmir.
Ovqat.com-a məktub yazan Naxçıvan sakinlərindən biri bu iddianı irəli sürüb.
Məktubda vurğulanır ki, ƏDV-nin bir hissəsinin vətəndaşa geri qaytarılması haqqında qanunvericilik Naxçıvanda keçmir: “Bu qəbzlərdəki ƏDV vətəndaşlara deyil, ayın sonunda maliyyə naziri Rafael Əliyevə gedir. Vergilər naziri Azər Nağıyev belə, demek olar ki, əksər nazirlər kimi Rafael Əliyevdən qorxur.
Rafael Əliyev öz səlahiyyətinə aid olmadığı işləri zor tətbiqi ilə həyata keçirir. Naxçıvanda tikinti məhsullarının qiymətini Iqtisadiyyat Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti deyil, Maliyyə Nazirliyi tənzimləyir. Naxçıvanda tikinti şirkətləri ancaq Rafaelin müəyyən etdiyi mağazalardan material ala bilərlər”, - şikayət məktubunda bildirilir.
Qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində qanunsuz Operativ Nəzarət Portalı yaradılıb.
“Portalda tikinti şirkətləri həmin mağazalardan aldıqlarını bəyan edirlər. Həmin mağazalardan isə satdıqları malların 15 faizi Rafael Əliyev tərəfindən geri alınır”, - deyə bildirilən məktubda Naxçıvanda Zəfər bayramının keçirilmədiyinə də diqqət çəkilir: “Dünən və bu gün bayram olmasına baxmayaraq, Naxçıvanda bütun tikinti şirkətləri fəhlələri və ustaları istismar edilir. Etiraz eden fəhlələrə bildirilir ki, yalnız dəlilərə hər gün bayramdır. Naxçıvan əhli isə Bakı sakinləri kimi dəli olmadığına görə, bayramın da onlara aidiyyatı yoxdu”.
Maraqlıdır, İran da Azərbaycana Bakı dövləti kimi baxır, Naxçıvan MR də muxtar hüquqlarına güvənib Zəfər günü kimi bayramların yalnız Bakıda keçirə bilinəcəyini açıq şəkildə öz sakinlərinə bildirir. Bu iki məntiq arasında hansı üzvü əlaqənin olduğunu müəyyənləşdirməyi Vasif “xan”ın məmurlarının təbiri ilə desək, Bakının öhdəsinə buraxırıq.
Paylaş: