Qarabağdakı erməni separatçı tör-töküntülərinin “başçısı” Araik Arutunyan son günlər bəzi “nazir"ləri vəzifədən azad edib. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın isə qondarma qurumun “xarici işlər naziri” təyin olunacağına dair iddialar ortaya atılıb.
Əlbəttə, bu, qondarma qurumun növbəti məkrli oyunlarından biri kimi qiymətləndirilməlidir. Məsələ ondan ibarətdir ki, rusiyalı milyarder Ruben Vardanyan Qarabağdakı separatçıların qanunsuz hökumətində Baş nazir postuna uyğun olan “dövlət naziri” vəzifəsinə təyin edilməsi təsadüfi addım deyildi. Separatçılar bununla nəyəsə nail olacaqlarına ümid bəsləyirlər. Onlara elə gəlir ki, bu addımlarla hazırkı proseslərlə bağlı yeni aura yarada və Qarabağ məsələsini danışıqlar predmetinə çevirə bilərlər. Halbuki Azərbaycan dövlətinin mövqeyi kifayət qədər konkretdir. Prezident İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən bildirib ki, Azərbaycan Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma Moskvanın göndərdiyi Ruben Vardanyan kimi insanlarla yox.
İndi isə İrəvan və havadarları yeni “taktika” seçiblər: Azərbaycan torpaqlarının işğalında, Qarabağdakı separatçı prosesdə, terrorçu fəaliyyətdə və münaqişənin sülh yolu ilə həll olunması üçün aparılan danışıqların uzanması və nəticəsiz başa çatmasında xüsusi fəallıq göstərən şəxsləri Qarabağa yığırlar.
Nəzərə almaq lazımdır ki, Qarabağda yeni siyasi fiqurların gətirilməsi, aparılan “islahatlar” səmərəsizdir. Azərbaycan işğaldan azad olunan bütün ərazilərdə vəziyyətə nəzarət edir.
Qondarma qurumun başçısı Araik Arutunyan cinayətkardır. Onun bütün fəaliyyəti qeyri-qanunidir. Deməli, Arutunyanın kimliyindən asılı olmayaraq, Qarabağa gətirdiyi istənilən siyasi fiqurun onun özündən heç bir fərqi yoxdur. Vardanyan da, Oskanyan da cinayətkardırlar. Onlar Azərbaycanın qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar və gec-tez qanun qarşısında cavab verəcək, məhkəmə qarşısına çıxacaqlar.
Bunu rəsmi İrəvan da, Qarabağdakı erməni separatçılarının tör-töküntüləri də yaxşı bilir. Həmçinin siravi ermənilər də Azərbaycanın mövqeyindən xəbərdardırlar. Ermənistanın hakimiyyətinin hərbi-siyasi təxribatlara əl atması ancaq onun öz işini çətinləşdirir. Qarabağdakı “nazir oyunlar”ı səbrimizin sınanması deməkdir. Torpaqlarımızdakı bu cür özbaşınalıqlar Azərbaycanı adekvat addım atmağa, lazım gələrsə, anti-terror əməliyyatına başlamağa məcbur edir. Rəsmi Bakının buna tam hüququ var.
Ermənistan vətəndaşları isə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan dövründə olanları xatırlamalı və anlamalıdırlar ki, siyasi oyunların qurbanı olmaq onlar üçün yaxşı nəsə vəd etmir.
Report
Paylaş: