Elçin Əhmədov,
Vəkillər Kollegiyasının üzvü
Naxçıvanın ilk peşəkar polisi, 2009-cu ildə Azərbaycan Polis Akademiyasına qəbul olunan, 2014-cü ildə bu ali məktəbi yüksək qiymətlərlə bitirib Muxtar Respublikaya qayıdan, 6 ildən sonra isə başını götürüb Bakıya qaçan və hazırda Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərən Elçin Əhmədov xüsusi olaraq Ovqat.com üçün bir məqalə yazıb.
Naxçıvanın polis orqanlarında baş verən özbaşınalıqlardan bəhs edən silsilə məqaləni oxucularımızın diqqətinə çatdırırıq:
I YAZI
“Mən ilk növbədə, Naxçıvan Muxtar Respublikasında olan polis şiddəti haqqında, amma polisin vətəndaşa, əhaliyə qarşı yox, əksinə polisin elə polisə qarşı təzyiqi haqqında danışmaq istəyirəm.
Mən 2009-cu ildə AR DİN Polis Akademiyasına (PA) qəbul oldum. Muxtar respublikada həmin il PA-na qəbul olan yeganə şəxs mən idim. Hətta yüksək nəticə göstərdiyim üçün şəxsən Vasif Talıbov məni qəbul edib, pul və qiymətli hədiyyə ilə mükafatlandırdı. 2014-cü ildə AR DİN Polis Akademiyasını bitirib, Naxçıvan MR-na təyinat aldım. Və heç kəsə arzu etmədiyim həmin o 6 il başladı həyatımda.
Orada polis sistemi 2 yerə bölünür. Rəhbər heyət və sıravi heyət. İnandırım sizi ki həmin bu sıravi heyətin nəinki hüquqları pozulur, ümumiyyətlə onların heç bir hüququ yoxdur!
Dövlət qanunlarının, Əmək Qanunvericiliyin ümumiyyətlə o struktura aidiyyatı yoxdur.
Rəhbər heyətdə vəzifə tutan əksər zabitlər gecə-gündüz CƏNABA (nazirə) daha yaxın olmağın, onun gözünə girməyin yollarını axtarmaqla məşqulkən, həm sıravi heyətin bütün peşə həvəsini məhv etmək, eyni zamanda da polisin orada olan-qalan hörmətini məhv etdilər!
AR Polis Haqqında Qanunu və digər normativ aktlar istisnasız olaraq dövlətimizin bütün ərazisində aid olduğu şəxslər üçün məcburi xarakter daşıdığı halda Naxçıvan MR Daxili İşlər orqanlarına aid deyil bu norma.
Polis sahə inspektoru ictimai asayişin təmin olunması prosesində əsas fiqurlardan biridir. Siz isə polis sahə inspektorlarının (daşıdığı rütbədən asılı olmayaraq) əlində kəlbətinlə kənd sakinlərinin həyətyanı çəpərini sökməsini, əlində bel-kürəklə kənd əhalisinin həyətində və yollarda zibil təmizləməsini bir komediya janrlı filmlərdə bir də Naxçıvan MR DİN-də müşahidə edə bilərsiniz.
Kənd arasında, ictimaiyyət içində fəhləlik edən bir polis əməkdaşının həmin ərazidə hər hansı nüfuzu, hörməti ola bilərmi?
Bu səhnəni görən bir valideyn övladının gələcəkdə polis əməkdaşı olmasını arzu edə bilərmi?
İnternetdə Naxçıvan MR hər il cinayətsiz region olaraq qeyd olunur, ərazi polis orqanlarında isə həmin o rəhbər şəxslər bütün sahə inspektoru və post patrul əməkdaşlarına iltizam imzalatdırırlar ki, “bu ay şöbəyə bu qədər fakt, "iş" gətirməlisən, əks halda günün qara olacaq”.
Bu absurd, məntiqsiz proses orada illərdir davam edir. Axı necə olur ki, nazirin bəyan etdiyi cinayətsiz regionda polis əməkdaşları məcbur edilir ki, "get şöbəyə iş gətir".
Ən acınacaqlı vəziyyətdə olan isə sıravi serjant heyətidir!
Öz evindən neçə km. aralıda ən ucqar kəndlərə təhkim olunan bu təbəqənin çəkmədiyi zülm qalmır. Bir düşünün, bu təbəqəyə heç normal yemək üçün belə şərait yaradılmır. Öz evindən gətirdikləri yeməyi, şəxsi avtomobili olanlar avtomobildə yeyir, olmayanlar isə qıraq-bucaqda tapdıqları yerdə. Yayın istisində, qışın şaxtasında (Naxçıvanın sərt iqlimi hər kəsə məlumdur) 24 saat kənd mərkəzində durmalı və nəbadə onları gün ərzində dəfələrlə yoxlayan həmin o rəhbər heyətin gözündən yayınalar. Dərhal işdən xaric olunma, ən yüngül halda isə şəxsi işinə yazılmaqla şiddətli töhmətə məruz qalarlar.
Digər regionlarda 24 saat xidmətdə olan əməkdaşa 48 saat istirahət hüququ verildiyi halda NMR-da bu müddət 24 saatdır.
Bu sadaladığım şərtlər altında xidmət göstərən bir polis əməkdaşının öz peşəsinə nə rəğbəti olar, Sizcə?
Ərazi polis orqanlarında ən adi tələblər nəzərə alınmır! Ərazi polis orqanlarında olan MSY (müvəqqəti saxlama yeri) bütün məmləkətdə kamera sistemi ilə təchiz olunduğu halda Naxçıvan MR-də bu hal yoxdur, bütün kameralar sökülüb!
İzahı isə çox sadədir: CPM-nə əsasən şəxsin MSY-saxlanılma müddəti 24, bəzi hallarda isə 48 saatdan artıq ola bilməz və şəxs ya məhkəməyə çıxarılmalı və ya dərhal azad olmalıdır. Naxçıvanda isə bu müddət 1, bəzən isə 2 ay çəkir.
Növbətçi hissələrdə hadisələrin qeydiyyatı kitabında saxlanan şəxslər qeydiyyata alınmır !
Düşünün ki, MSY-də saxlanılan bir şəxs üçün hər bir şərait yaradılmalıdır, yataq dəstindən tutmuş vacib ləvazimatlara qədər. Orada isə ümumi sahəsi 5-6 kv.m-lik bir boş, əşyasız otağa bəzən 20 nəfərədək adam doldururlar. Qışda beton döşəmədə yatmağa məcbur edilir. Ta ki, onların üzərinə qoyulmuş pul məbləği çatdırılanadək.
Növbəti məktubumda, Rəşad Seyidov və Tahir Həsənov adlı iki zabitin o qurumu necə məhv etdiyini Sizə bildirəcəm. Təşəkkürlər”.
Paylaş: