Son vaxtlar Naxçıvanda müzakirə obyektinə çevrilən məsələlərdən biri də “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin muxtar respublikada dövlət orqanlarının işinə kobud şəkildə müdaxilə etməsi, bu MMC-nin rəhbəri İsmayıl Məmmədovun özünü Naxçıvanda xüsusi mandat verilmiş şəxs kimi aparmasıdır.
TNS xəbər verir ki, İsmayıl Məmmədovun rəhbərlik etdiyi MMC muxtar respublikada tikinti sektoruna nəzarət funksiyasını həyata keçirir. Fakt odur ki, İsmayıl Məmmədov muxtar respublikada istənilən tikinti obyektinin tikintisini dayandırır, istədiyi obyekti sökdürür.
Bu məsələ dəfələrlə gündəmə gətirilsə də hələ heç bir rəsmi şəxs “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hansı statusla və səlahiyyətlə bu işləri gördüyünə aydınlıq gətirməyib.
İsmayıl Məmmədovla bağlı son günlər əldə etdiyimiz məlumatlardan sonra dəqiqləşdirdik ki, bu şəxs bizim bildiyimizdən və yazdıqlarımızdan daha çox səlahiyyətə malikdir. Sən demə, adıçəkilən MMC-nin rəhbəri təkcə Naxçıvanın yüksək vəzifəli şəxslərinə tapşırıqlar vermirmiş, eyni zamanda xüsusi səlahiyyətli şəxs kimi mütəmadi olaraq, muxtar respublika hökumətinin müşavirələrinə, iclaslarına da qatılırmış. Deməli, bir özəl qurumun rəhbəri muxtar respublikada dövlət idarəçiliyinin iştirakçısına çevrilib. Nə qədər absurd və təəccüblü olsa da, bu, belədir.
Maraqlıdır, görəsən, bu sahibkarı muxtar respublika hökumətinin iclaslarına kim və nə məqsədlə dəvət edir? İsmayıl Məmmədova həmin müşavirə və iclaslarda hansı tapşırıqlar verilir? Onun muxtar respublikanın idarəçiliyində qeyri-rəsmi rolu və funksiyası nədən ibarətdir? Naxçıvanın baş naziri niyə soruşmur ki, ay sahibkar, sənin mənim hökumətimin iclaslarında nə işin var?
Ötən yazılarımızda da buna bənzər suallar ünvanlamışıq. Ancaq təəssüf ki, bizim suallarımıza hələ cavab verən yoxdur.
Bir özəl müəssisənin rəhbərinin mütəmadi şəkildə dövlət əhəmiyyətli tədbirlərdə iştirakı kifayət qədər ciddi məsələdir və haqlı suallar doğurur. Həmin müşavirə və iclaslarda qapalı müzakirələr gedir, dövlət sirri hesab edilən məlumatlar verilir. Dövlətlə heç bir əlaqəsi olmayan hansısa sahibkar niyə bu məlumatlara malik olmalıdır? Onun heç bir öhdəliyi və rəsmi məsuliyyəti yoxdur. Həmin iclaslarda səsləndirilən dövlət əhəmiyyətli sirlərin sonra haralarasa ötürülməyəcəyinə kim zəmanət verə bilər? İsmayıl Məmmədovu bu iclaslara dəvət edənlər bu işin ciddiliyinin fərqindədirlərmi?
Əminik ki, bu suallar da açıq qalacaq və onlara cavab verən tapılmayacaq. Çünki bu sualların cavabı yoxdur. Ona görə ki, bir sahibkarın hökumətin iclaslarında iştirakının məntiqi izahı yoxdur.
Azərbaycanın müvafiq dövlət orqanları bu faktı istənilən vaxt asanlıqla dəqiqləşdirə bilər. Çünki həmin müşavirə və iclaslarda Naxçıvanın demək olar ki, bütün nazirləri, komitə sədrləri və agentlik rəhbərləri iştirak edib.
Azərbaycan hüquqi dövlətdir. Bizim ölkəmizdə hər şey qanunlarla tənzimlənir və idarə olunur. Azərbaycanda dövlət orqanlarının və vəzifəli şəxslərin səlahiyyətləri dəqiq müəyyənləşdirilib. Hər bir orqan və vəzifəli şəxs öz səlahiyyətlərini qanunlar çərçivəsində icra edir. Bu günə qədər olmadığı kimi, bundan sonra da Azərbaycan hökumətinin iclaslarında hansısa xüsusi səlahiyyətli sahibkarın iştirak edəcəyini təssəvvürümüzə belə gətirə bilmərik.
Naxçıvan Mozambik deyil, Azərbaycanın tərkib hissəsi olan muxtar respublikadır. İsmayıl Məmmədova xüsusi səlahiyyət verib onu hökumətin iclaslarına dəvət edənlərin ya dövlət idarəçiliyindən xəbəri yoxdur, ya da ki Naxçıvanı Mozambik hesab edirlər. Bilirik, bir az ağır oldu, amma bu biabıçılığı başqa cür izah edə bilmədik.
Deyilənlərə görə, İsmayıl Məmmədov iş adamıdır, Naxçıvanda da xeyli obyekt alıb. Kim deyə bilər ki, sahibkar İsmayıl Məmmədov Naxçıvan Ali Məclisi sədrinin sabiq birinci müavini Azər Zeynalovun Batabat yaylağındakı villasını niyə alıb? Onun Naxçıvan şəhərindəki “Dəyirmançı” restoranlarını almaq üçün sövdələşməyinə kimin sözü ola bilər? Sahibkar Naxçıvanda onlarla obyekt alıb və yaxud alacaq. Bundan kimə nə?
Bizim onun sahibkar kimi fəaliyyətinə hansısa iradımız ola bilməz. Heç kimlə də şəxsi qərəzimiz yoxdur. Amma əgər kimsə səlahiyyətinə aid olmayan işlə məşğul olub dövlətimizə və xalqımıza problem yaradacaqsa, buna göz yumacağımızı da heç kim gözləməsin.
Paylaş: