Əziz RZAZADƏ
Strateq.az
Əhməd Hakanın “CNN Türk”dəki “Tarafsız bölge” (“Tərəfsiz bölgə”) proqramında qonaq olan, ötən illərdə türk ordu mənsublarına qarşı açılmış cinayət işlərindən birində müttəhimlər kürsüsündə əyləşmiş Ümit Özdağ maraqlı məqama toxundu. Yeni yaradılmış İyi Parti funksioneri, Rza Zərrabın Azərbaycanla bağlantısı barədə məlumat aldığını dilə gətirdi. Özdağın sözlərinə görə, bu məlumatlar ona Bakıdan etibar etdiyi qaynaqlardan göndərilib.
Türk-İran iş adamı Rza Zərrabın ABŞ məhkəməsində hələlik şahid qismində ifadə verməsinin təkcə Türkiyədə deyil, İranda da diqqətlə izləndiyi yenilik deyil.Məhkəmə prosesinin istər Ankara, istərsə də Tehran üçün müəyyən siyasi və maliyyə-iqtisadi nəticələr doğuracağına şübhə yoxdur.
Amma bu dəyənək zərbəsinin Bakıda əks-səda verməsi ehtimalı kənara atılmamalıdır.
İran mediasını az-çox izləyənlər yaxşı bilirlər, elə bir həftə yoxdur ki, Baş Prokurorluğunun sözçüsü Qulamhüseyn Mohseni Ejeiyə eyni sual verilməsin:“Babək Zəncani nə zaman edam ounacaq?”
Xəbər qaynaqlarının 2017-ci ilin fevral-mart aylarından gözlədiyi edamla bağlı Ejeinin cavabı hər dəfə təkrarlanır: “Əsas məsələ 2,5 milyard $ vəsaitin tapılmasıdır. Buna görə də, edamın qeyri-müəyyən müddətə ləngidilməsi təbiidir”.
Bu məqamda Azərbaycanda Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin niyə bu qədər hələ də istintaq altında saxlandığını, qudası, sabiq Milli Təhlükəsizlik nazir Eldar Mahmudovun barəsində mediada niyə tez-tez "hər an həbs oluna bilər" xəbərlərinin tirajlandığını anlamaq asanlaşır.
Zəncani-Zərrab bağı
Amma mövzudan uzaqlaşmayaq.
“Al-Monitor” (ABŞ) saytı qeyd edir ki, Rza Zərrab məsələsi İran mətbuatında geniş işıqlandırılır. Ancaq bu, Tehrana qarşı sanksiyalarla bağlı ABŞ-dakı real ittihamlardan qaynaqlanmır. Zərrab indi İran həbsxanasında olan Babək Zəncani ilə bağlı maraq doğurur.
“2015-ci ildə nüvə proqramı üzrə razılığa gələnədək İran və onun neft sənayesi ağır sanksiyalar altında idi. Tehrandakı hökumət neft ixracı təşkil edən və hökumətdən pul alan brokerlər vasitəsi ilə sanksiyalardan yan keçib. Zəncani ən mühüm vasitəçilərdən biri idi; o, çox pul qazanır və lüks həyat yaşayırdı. Bir hesabatda hətta Zəncaninin dünyanın ən zəngin adamlarından biri və 13,5 milyard dollar vəsaitə sahib olduğu söylənirdi. Ancaq İran Neft Nazirliyi neft ixracından yaranan borcu ödəmədiyi üçün ona qarşı iddia qaldırdı və Zəncani cəzalandırıldı, ölüm hökmünə məhkum edildi”.
Zəncani işini araşdırmış İran parlamentinin sabiq deputatı və parlament komitəsinin üzvü Əmir Abbas Soltaninin Zərrab-Zəncani bağına dair açıqlamaları maraqsız oxumaq mümkün deyil. O, Zərrabı biznes şəriki Zəncaninin "qara qutusu" adlandırır.
Öz ifadələrində Zərrab İranın sabiq prezidenti Mahmud Əhmədinejadın (2005-2013) və İran Mərkəzi Bankının sədri ilə əlaqəsini açıqlayıb. Soltani deyir ki,“Zərrabın Əhmədinejadla görüşünün təfərrüatından xəbərdar deyiləm, amma əvvəlki hökumətin (Əhmədinejad administrasiyasının) maliyyə komandası ilə görüşdə, onlar bunu inkar etməyiblər. Nəyi müzakirə etdikləri bilinmir, amma Zərrab, həqiqətən, Mərkəzi Bankın rəhbəri, iqtisadiyyat naziri və Əhmədinejad ilə görüşlər keçirib".
Parlament komitəsinin sabiq üzvü bildirib ki, "Zərrab Zəncaninin bütün maliyyə planlarının meneceri idi. O, Zəncani şirkətlərinin bir çoxunu və onun kommunikativ əlaqələrini idarə edirdi".
Daha sonra Soltani deyib ki, "Türkiyənin Zərraba əvvəllər verdiyi dəstək Zəncaninin Türkiyədəki aktivlərini idarə etməsi və Zəncani planının direktorunun məhz Zərrab olduğuna sübutdur. Bu uşaqlar Zəncani ilə birgə mafiya qrupudur və Zəncani hər şeyi idarə edən pərdəarxası rəhbərdir".
Soltaninin sözlərinə görə, "Zəncaninin Türkiyədəki aktivlərinin əksəriyyəti Zərrabın adında olub".
Bu həmin “SFK”dırmı?
Nəhayət, iranlı sabiq deputatın açıqlamalarında ən maraqlı məqama yönələn açıqlama: "Zərrabın atası tacirdir və İranda yaşayır. Mənimlə bir neçə dəfə görüşmək istəyib, amma razı olmadım. O, Zərrabın günahsız olduğunu və Zəncaninin işinə heç bir aidiyyəti olmadığını deyir".
“Hürriyet” qəzetinin (Türkiyə) yazdığına görə, Zərrabın atası Hüseyn, Əhmədinejadın 2005-ci ildə prezident seçilməsindən sonra ABŞ sanksiyalarına qarşı xüsusi qrup yaradıb. Bundan başqa, məqalədə deyilir ki, İranın şimal-qərbində yerləşən Təbriz şəhərində 2007-ci ildə keçirilən bir mərasimdə Hüseyn Zərrab prezident Əhmədinejada “SFK” polad şirkətinin qurulması təklifini verib, prezident təklifi dərhal qəbul edib.
Belə bir şirkətin mövcud olduğunu yüzdə-yüz söyləmək olar. İranın Şərqi Azərbaycan əyalətində 2016-cı ildə yaradılmış “Folad Kaveh Tikmeh Dash”,yəni “SFK” polad şirkətinin məhz “Hürriyet”in qeyd etdiyi biznes strukturu olduğunu və “Zərrab işi” ilə hər hansı əlaqəni iddia etmək qeyri-mümkündür. Amma “SFK”nın İraq, Əfqanıstan, Türkmənistan və Ermənistanla bərabər, Azərbaycana da məhsul ixrac etdiyi gizli fakt deyil (http://sfksteel.com/english.php).
Bu şirkətin hazırda ABŞ-da gedən məhkəmə prosesinin diqqətinə düşüb-düşməyəcəyini söyləmək çətindir. Amma “Azarpassillo” şirkətinin (İran) Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov ailəsi ilə əlaqələri yeni sanksiyalarla bağlı ABŞ mediasının gündəmindən düşmür (https://www.newyorker.com/news/news-desk/the-iran-business-ties-trump-didnt-disclose). Xüsusilə “New Yorker” jurnalının (13, 30 mart və 20 oktyabr 2017-ci il).
Son olaraq vurğulayaq ki, “Zərrab işi” hazırda onsuz da hədəfdə olan İranın sabiq prezident Mahmud Əhmədinejadı yenidən diqqət mərkəzinə gətirib. Korrupsiya ittihamı ilə administrasiyasının üzvü Həmid Bəqayinin istintaqa cəlb edilməsi və Kirmanşah vilayətindəki təbii fəlakətdən sonra “xalq üçün ucuz evlər” layihəsi ilə ittiham atəşinə tutulan Əhmədinejadın artıq son rəsmi iqamət yeri – Məsləhət Şurasından çıxarılması tələbi daha ucadan eşidilir.
Ola bilsin ki, Azərbaycanda da, Ziya Məmmədovun vəzifəsindən kənarlaşdırılması kimi, son proseslər əsnasında, Rza Zərrabın məhkəmədə səsləndirdiyi ifadələr də əvvəl-axır gözlənilməz “hədiyyələr” versin – ehtimal ki, Gömrük Komitəsi, Maliyyə Nazirliyi, Mərkəzi Bank (və ya özəl bank) rəhbərlərindən kiminsə vəzifəsindən uzaqlaşdırılması, hətta həbsi xəbəri çıxsın.
Əgər Ümit Özdağın Bakıda etibarlı mənbəyi varsa, deməli…
Paylaş: