Xəbər lenti

 

İsveçrənin dağ-kurort şəhəri olan Davosda növbəti Dünya İqtisadi Forumu keçirilib. Tədbirdə çoxlu sayda siyasi lider, mütəxəssis, ekspert və ictimai xadimlər iştirak ediblər. Foruma 70-dən artıq ölkənin dövlət və hökumət başçısı qatılıb. Bütövlükdə 100-dən çox ölkədən 3 minə yaxın nümayəndə iştirak edib. Prezident İlham Əliyev də tədbirdə iştirak edib. Dövlət başçısı 30-a yaxın görüş keçirib, Azərbaycan üçün əhəmiyyətli olan məsələləri müzakirə edib. Forumda əhəmiyyət daşıyan məqamlar sırasında ənənəvi inklüziv indeksin müəyyənləşməsində Azərbaycanın əldə etdiyi nəticə də olub. Ölkəmiz həmin indeks üzrə inkişaf edən ölkələr arasında 3-cü yeri tutub. Onu xatırladaq ki, inklüziv indeks ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanır. Mütəxəssislərin rəyinə görə, o, insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir. Bu ilki hesabatda Azərbaycan 7 mümkün baldan 4,69-nu toplayaraq Litva və Macarıstandan sonra 3-cü yeri tutub. Forumda dövlət başçısı çıxış edərək geosiyasi aspektdə çox maraqlı məqamlara toxunub. Azərbaycanın əldə etdiyi uğurların fonunda Prezident İlham Əliyevin irəli sürdüyü fikirlərin geniş təhlilinə ciddi ehtiyac var.

Qonşuluq siyasəti: Azərbaycan dünyaya nümunə göstərir

Ənənəvi Davos İqtisadi Forumu həmişə mütəxəssislərin böyük marağına səbəb olur. Bu tədbirdə dünya iqtisadiyyatı və siyasəti üçün aktual olan məsələlərin yüksək səviyyədə müzakirə edildiyi bir qayda olaraq qəbul edilib. Hətta Davosda ekspertlər dünya geosiyasəti üçün əhəmiyyəti olan proqnozlar da verirlər. 2017-ci il üçün verilmiş proqnozların böyük əksəriyyəti özünü doğrultdu. Burada söhbət qlobal miqyasda özünü göstərə biləcək risklərdən gedirdi.

2018-ci il yanvarın 23-də işə başlayan Forumda da dünya üçün kifayət qədər əhəmiyyətli məsələlər müzakirəyə çıxarılmışdı. Azərbaycan Prezidenti "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda iştirak edib. Aydındır ki, bu iclas bütövlükdə Avrasiya üçün çox aktual olan problemə həsr edilib. Çünki hazırda bütövlükdə planet üçün əhəmiyyəti olan proseslər məhz Avrasiyada cərəyan edir. Burada ziddiyyətlər, risklər və təhdidlərlə yanaşı, əməkdaşlığın perspektivləri də liderləri maraqlandırır.

Bu baxımdan tədbirin aparıcısının Azərbaycan Prezidentinə "bu il üçün Avrasiya ilə bağlı baxışınız nədən ibarətdir və Azərbaycan olduqca gərgin və hətta təhlükəli regionda necə davranacaqdır" sualı ilə müraciət etməsi təsadüfi deyildi (bax: Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda iştirak edib / AZƏRTAC, 23 yanvar 2018).

Dövlət başçısı İlham Əliyevin bu suala cavabı nəzəri-konseptual və praktiki aspektdə müasir dövrdə qonşuluq siyasətinin ən gözəl nümunəsi sayıla bilər. İlham Əliyev ifadə edib: "Sözsüz ki, qonşuluq problem də ola bilər, üstünlük də. Bu, sizin siyasətinizdən və qonşularla əlaqələrdən asılıdır. Məncə, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda" (bax: əvvəlki mənbəyə).

Burada müasir qloballaşma şəraitində suveren ölkələrin bir-birinə münasibətlərinin mühüm bir prinsipi ifadə edilib. Azərbaycanın dövlət başçısı dünya dövlətləri arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu bir mərhələdə belə, xarici siyasətin pozitiv məzmun kəsb etməsi zərurətini bir daha xatırladır. Yəni qloballaşma özlüyündə hər şeyi yoluna qoymur, gərək dövlət başçısının əməkdaşlığa yönəlik siyasi iradəsi olsun. Buna görə də qonşuluq problem də ola bilər, üstünlük də. Məsələn, Ermənistan üçün qonşuluq problemdir, Azərbaycan üçün üstünlük. Ermənistan qonşu ölkələrə ərazi iddiasında olur, onlara qarşı təcavüzkar davranır, bu səbəbdən onun üçün Avrasiya ziddiyyətlər məkanıdır. Erməni dövləti İrandan başqa bütün qonşularına qarşı iddialarla çıxış edir – Azərbaycana, Türkiyəyə və Gürcüstana onun əsassız iddiaları barədə KİV geniş informasiyalar yayıb.

Azərbaycan üçün isə situasiya tamamilə fərqlidir. Bakı üçün qonşularla münasibət prioritetdir ki, təcavüzkar istisna olmaqla onların hər biri ilə bütün sahələrdə əməkdaşlıq uğurla davam edir. Rusiya, Türkiyə, Gürcüstan, İran, Türkmənistan, Qazaxıstanla Azərbaycanın strateji xarakterli əlaqələri hamıya məlumudur. Azərbaycan yaxın qonşularla yanaşı, Avrasiya məkanı ölkələri ilə də sıx əməkdaşlıq strategiyasına sadiqdir. O cümlədən "Yeni İpək Yolu" layihəsi çərçivəsində Azərbaycanın fəallığı inkaredilməzdir. Bunu konkret layihələrdə də görmək olar. TAP, TANAP, "Cənub Qaz Dəhlizi", Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və başqa beynəlxalq layihələr Azərbaycan rəhbərliyinin qonşuluq və Avrasiya səviyyəsində yeritdiyi siyasətin bariz nümunələridir.

Qarşılıqlı etimad: regional əməkdaşlıqdan qlobal inteqrasiyaya

Azərbaycan rəhbərliyi regional əməkdaşlığı yeni keyfiyyət səviyyəsinə yüksəltmək üçün yeni əməkdaşlıq formatları da təklif edib. Üçtərəfli əməkdaşlıq formatları artıq özünün müsbət nəticələrini verməkdədir. Sözsüz ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir.

Dövlət başçısının vurğuladığı məqamlar çox əhəmiyyətli başqa bir məqama da işarə verir. Məsələ ondan ibarətdir ki, Azərbaycana yaxın və uzaq qonşuların münasibətlərinin necə olması da ciddi əhəmiyyət kəsb edir. Bunun fəlsəfəsinin başlıca prinsipini də Prezident İlham Əliyev Davosda ifadə edib. Ölkə rəhbəri fikrini inkişaf etdirərək vurğulayıb: "Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır" (bax: əvvəlki mənbəyə).

Bəli, məsələnin bu tərəfi Davosda aparıcının verdiyi sual kontekstində də çox vacib məqama bağlıdır. Çünki məsələ yalnız Azərbaycanın mürəkkəb və ziddiyyətli regionda həyata keçirdiyi siyasətlə tamamlanmır. Azərbaycana yönəlik güdülən siyasi məqsədlər də əhəmiyyət kəsb edir. Ona görə ki, Azərbaycanın təhlükəsizliyi təmin edilməli, onun ərazi bütövlüyü qorunmalı və suverenliyinə hörmət edilməlidir. Bütün bunlara daxildə heç bir təhlükə yoxdur. Səbəbi ondan ibarətdir ki, Azərbaycanın daxili siyasəti tam demokratik məzmun kəsb edir.

Ölkədə hər bir vətəndaşın hüquq və azadlıqları təmin olunub. İlham Əliyev qətiyyətlə bu bağlılıqda bəyan edib ki, "Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir" (bax: əvvəlki mənbəyə). Aparılan daxili siyasət heç bir etnik və dini mənsubluğa fərq qoymadan bütün ölkə cəmiyyəti üzvlərinə eyni dərəcədə aiddir. Azərbaycan regionda yeganə dövlətdir ki, multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir.

Lakin təcrübə göstərir ki, bəzi yaxın və uzaq qonşular bu reallığı düzgün qiymətləndirmir və Azərbaycana xaricdən neqativ təsirlər göstərməyə çalışaraq daxili sabitliyi pozmağa cəhd edirlər. Azərbaycanı əsassız və süni olaraq ittiham etməyə çalışır, onun antidemokratik ölkə obrazını yaratmağa cəhd göstərir, müxtəlif böhtan kampaniyaları təşkil edirlər. Azərbaycanda siyasi məhbus və insan haqlarının pozulması hallarının axtarışında olanlar da vardır. Təəssüf ki, belələri Azərbaycanın Avropadakı tərəfdaşları sırasında da var.

Ancaq Bakı bütün bu qərəzlərə sivil, demokratik və milli maraqlara dayanan mövqeyi ilə qarşılıq verir. Prezident İlham Əliyev Davosda məsələnin bu aspektini ayrıca vurğulayıb. Bununla aydın olur ki, Azərbaycan haqqında ağlasığmayan, iftira dolu, yalan məlumatlar yayanlar əsas olaraq xaricdədirlər. Məhz onlar ilk növbədə özlərinin "qonşuluq" anlayışına yenidən baxmalı və ədalətli mövqe tutmalıdırlar.

Əslində, Azərbaycanın əldə etdiyi uğurları Davosda mütəxəssislər etiraf edirlər. Ölkəmiz rəqabətə davamlılıq üzrə MDB ölkələri arasında liderdir. Bu ilki Forumda isə Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında 3-cü yerə layiq görülüb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iqtisadiyyatın şaxələndirilməsi uğurla davam edir. Azərbaycanda artıq milli gəlirin 70%-i qeyri-neft sektorunun payına düşür. Bu o deməkdir ki, ölkə xammala deyil, yüksək texnologiyaya, elmə, biliyə, postsənaye mərhələsinin aparıcı faktorlarına əsaslanan inkişaf xəttinə çıxıb. Bu da böyük perspektivlər vəd edir.

Beləliklə, Davos Forumu bir daha Azərbaycanın regionda getdikcə artmaqda olan nüfuzunun real sosial-iqtisadi, siyasi, mədəni, energetik parametrlərə dayandığını nümayiş etdirdi. Ölkəmizə qarşı nə qədər qərəzli olsalar da, faktlar qarşısında geri çəkilməyə məcburdurlar. Belə ki, Azərbaycan hər il əldə etdiyi nailiyyətlərlə dünyanın sivil, demokratik, dinamik inkişaf edən ölkələri sırasında yer aldığını konkret faktlar əsasında dünyaya sübut edir. Davos Forumu da bu bağlılıqda istisna deyil.

Newtimes.az




Ana səhifəyə qayıt        Baxış: 806          Tarix: 5-02-2018, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma