Xəbər lenti

Rusiya imperiyası dövründə Naxçıvan


10 fevral 1828-ci ildə imzalanan Türkmənçay sülh müqaviləsinə görə Naxçıvan xanlığı ləğv edilərək Rusiyanın tərkibinə verilir. Elə həmin il ləğv edilən İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni oblastı” formalaşdırılır. Lakin 12 il sonra erməni millətçiliyinin qarşısını almaq üçün etnik adlandırma ləğv edilir və yeni inzibati ərazi vahidi olan İrəvan quberniyası formalaşdırılır. Naxçıvan vilayəti bu quberniyaya Naxçıvan qəzası kimi daxil olur. 1828-ci il Türkmənçay müqaviləsi imzalandıqdan sonra Naxçıvana ilk erməni köçü başlayır.

Ermənilərin gəldiyi ərazilərdə müsəlmanların əksəriyyəti Rusiya tərkibində yaşamaq istəmədiyi üçün İran və Osmanlıya axın etməyə başlayır. Lakin İrəvan və Zəngəzur bölgəsi ilə müqayisədə Naxçıvanda yaşayan əhalinin böyük bir qismi yaşadıqları əraziləri tərk etmədi. Bu səbəbdən regionda yerli müsəlmanlarla ermənilər arasında qarşıdurmalar başladı. Bu qarşıdurmalar barədə Rusiyanın İrandakı səfiri Qriboyedov da məlumatlı idi. Azərbaycanlı əhalinin narazılığını nəzərə alan Qriboyedov 500 erməni ailəsinin Naxçıvana yox, Dərələyəz mahalına köçürülməsini təklif edir. Beləcə, İrəvan, Zəngəzur və Dərələyəzlə müqayisədə Naxçıvana köçən erməni əhalisinin sayı yüksək olmur. 1829-1831-ci illərdə İrandan Naxçıvana 10.652, Ordubada 1340 erməni köçürülmüşdü. (Şopen, 1852:635-638).

1831-ci ildə aparılan kameral təsvirə görə Naxçıvan əyalətində müsəlmanların sayı 17.138, yerli erməni sakinlərin sayı 2690, mühacir ermənilərin sayı isə 10.670 nəfər idi. Naxçıvan əyalətindən ayrılmış Ordubad mahalında müsəlmanların sayı 7247, yerli ermənilərin sayı 2388, mühacir ermənilərin isə sayı 1340 nəfər idi (Potto, 1901:229). 1832-ci ilə qədər Naxçıvana köç edən ermənilər əhalinin 41,2%-ni təşkil edirdi (Şnirelman, 2003:242). Regiona erməni köçü ilə bağlı etirazlar Çar Rusiyasının bu regiondakı siyasətini dəyişdirdi və beləcə Naxçıvanda ermənilər azlıqda qaldı.
Naxçıvanda güclü rus administrasiyasının qurulması XX əsrin əvvəllərinə qədər regionda etnik qarşıdurmalara imkan vermədi. Rusiyanın 1905-ci ildə Yaponiyaya məğlub olmasından sonra ölkədə başlanan inqilabi dalğa Zaqafqaziyayada özünü hiss etdirməyə başladı. Çar administrasiyasının zəifləməsi ilə regionda güclü etnik qarşıdurma yaşanmağa başladı. 1905-ci il qırğınları fevralda İrəvan və ətrafında, may ayında isə Naxçıvanda başladı. Tiflis daxil bütün Zaqafqaziyada baş verən bu qırğınlarda 128 erməni və 158 tatar (azərbaycanlı) kəndi talan olundu və ya məhv edildi (Altstadt, 1992:242). Bu qarşıdurmalar 1906-cı ildə çətinliklə dayandırıldı. Bu hadisələrdən sonra Rusiyada siyasi idarəetmə sistemi nisbətən yumşaldıldı.




Rusiyada konstitusiyalı monarxiya elan edilməsindən sonra quberniya və qəzalarda yerli idarəetmələr formalaşmağa başladı. Lakin bu yerli idarəetmələrdə iştirak qəzanın etnik xüsusiyyəti ilə uzlaşmırdı. Əhalinin 52 faizi azərbaycanlı, 46 faizi erməni olduğu Zəngəzurda idarəetmədə ermənilər çoxluqda idi, əhalisinin 53 faizi azərbaycanlı, 44 faizi erməni olduğu Şuşada isə azərbaycanlılar və ermənilər idarəetmədə bərabər dərəcədə təmsil olunurdular. Azərbaycan türklərinin əksəriyyət təşkil etdiyi Naxçıvan və Şərur-Dərələyəzdə isə idarəetmədə azərbaycanlılar üstünlük təşkil edirdi. Beləliklə, Naxçıvan azərbaycanlıları ADR-in müstəqilliyi ərəfəsində inzibati idarəetmə təcrübəsi qazanmışdı. (Altstadt, 1992:31).

İnzibati idarəetmənin formalaşması Rusiyaya qarşı bəzi islamçı qrupların fəallaşması ilə eyni vaxtda baş verdi. Osmanlıya qarşı müharibə bu qrupları daha da gücləndirdi. 1915-1916-cı illərdə Naxçıvanda radikal müsəlmanların Mücahidlər adlı birliyi var idi. Onların məqsədi həm sünni, həm də şiə olan yerli əhalini Rusiya hökmranlığına qarşı üsyana təviq etməkdən ibarət idi. Onların təşviqatçıları məscidlərdə kəndlilər arasında hakimiyyətə itaətsizliyi təbliğ etdilər. Bu kimi tədbirlərin camaata hansı formada təsir etdiyi bəlli deyil. Bəlli olan odur ki, bu təriqət üzvlərinin demək olar hamısı 1916-cı ilin dekabrında polis tərəfindən tutularaq İrəvan həbsxanasına atıldı. Naxçıvan və Şərur əhalisi hər hansı qarışıqlıq və iğtişaşlarda iştirak etməsə də Çar rəsmiləri yerli müsəlmanların sadiqliyinin yalnız Rusiyanın müharibədəki uğurundan asılı olduğuna əmin idilər. Osmanlının qalib gələcəyi təqdirdə Rusiya yerli müsəlmanlara arxalana bilməzdi. (Baberovski, 2010:86).


Fevral inqilabından sonra Naxçıvan


Rusiyada 1917-ci il fevralın 27-də çarizm devrildikdən sonra bütün imperiyada olduğu kimi, Naxçıvanda da ikihakimiyyətlik meydana gəldi. Naxçıvanda müvəqqəti hökumətin qəza komissiyaları və kənd icraiyyə komitələri formalaşdırıldı. Naxçıvanda ikinci idarəetmə qrupu isə əlahiddə fəhlə və əsgər deputatları Sovetləri, Culfa şəhərində, habelə Şahtaxtı dəmir yolu stansiyasında təşkil edilən əsgər Sovetləri idi.

1917-ci il martın 9-da təsis edilən Ozakom elə həmin aydan başlayaraq bütün Zaqafqaziyada, o cümlədən Azərbaycan qəzalarında müvəqqəti hökumətin hakimiyyət orqanları olan ictimai təşkilatların icraiyyə komitələrini və komissarlıqlarını yaratmağa başladı. 1917-ci il aprel ayının sonunda Naxçıvan və Şərur qəzalarına Ozakom-un vəkalətli komissarları təyin edildi. 1917-ci ilin may ayında isə Ozakom-un müvəkkilləri Naxçıvanda yerli hakimiyyət orqanları olan qəza və kənd ictimai təşkilatları icraiyyə komitələrinin təşkilinə başlamışdılar. Sonrakı aylarda kənd ictimai təşkilatlarının icraiyyə və ərzaq komitələrinə seçkilər keçirilmiş, 1917-ci ilin yayında isə Naxçıvan diyarında müvəqqəti hökumətin yerli hakimiyyət orqanlarının yaradılması başa çatdırılmışdı. (Mədətov, 1968:15).




Rusiyada fevral inqilabının qələbəsi və mütləqiyyətin devrilməsi milli azadlıq hərəkatının genişlənməsində yeni bir mərhələ oldu. Fevral inqilabından sonra Naxçıvan, Culfa və Ordubad şəhərlərində əhalinin milli tərkibinə müvafiq olaraq təmsil edildiyi qarışıq milli komitələr yaradıldı. Milli komitələr milli hərəkatın qarşısında duran vəzifələri müəyyən edən tələblər hazırlamaqla yanaşı, şəhər dumaları və digər təşkilatlarla birgə Naxçıvan qəzasında yerli hakimiyyət orqanlarının möhkəmlənməsinə də kömək edirdilər. Bundan başqa milli komitələrin silahlı qüvvələrinin yaradılmasına başlanırdı.

Milli komitələrdə təmsil olunan əsas partiyalar – müsavatçılar və daşnaklar öz qüvvələrinin sayını artırmaq məqsədilə yerlərə öz təşkilatçılarını göndərirdilər.

Naxçıvan qəzasında azərbaycanlıların əhalinin böyük əksəriyyətini təşkil etməsi onların qarışıq milli komitələrdə də təmsil olunmasında özünü göstərirdi. Bu isə müsavatçıların və daşnakların qarışıq milli komitələrdə birgə fəaliyyət göstərməsini getdikcə çətinləşdirirdi. Naxçıvanda fəaliyyət göstərən Sovetlər isə daha çox rus ordu bölmələrinə arxalanırdı (Sadıqov, 1995:9).

Naxçıvanın 1-ci dünya müharibəsində cəbhəyə yaxınlığı regionda siyasi vəziyyətin mürəkkəbləşməsi ilə nəticələnir. Belə ki, azərbaycanlıların türklərlə yaxınlığı səbəbi ilə həm ruslar, həm də ermənilər onlara agent gözü ilə baxırdı. Kəndlilərin mal-qarasından cəbhə üçün istifadə edilməsi polislə toqquşmalara gətirib çıxardı. İrəvan quberniyası qubernatoru mərkəzə yazdığı məktubda Naxçıvanda müvəqqəti hökumətin yerli nümayəndə orqanı olan Ozakom-a qarşı dərin nifrət yarandığını bildirirdi. Qubernator bu kimi addımların regionda bolşevikləri gücləndirə biləcəyindən ehtiyatlanırdı. Bununla belə, Naxçıvanda bolşeviklər sayca az idilər. Onlar Naxçıvan, Culfa və Şahtaxtı şəhərlərində formalaşan əsgər deputatları Sovetində çoxluqda idilər.

Rus ordusu 1917-ci ildə Naxçıvandan geri çəkildikdən sonra Sovetlərin fəaliyyəti xeyli zəiflədi. Regionda əsas güc Ozakom və yerli milli komitələr idi. Ermənilər kimi azərbaycanlıların da Naxçıvanda milli komitəsi var idi. Naxçıvan milli komitəsinin rəhbəri olan Cəfərqulu xan əhalinin mülkü talan edilməsindən sonra üsyan qaldıraraq regionda hakimiyyəti ələ keçirdi. Cəfərqulu xan Naxçıvanın təhlükəsizliyini qorumaq üçün Osmanlı ordusuna və qohumu Maku xanı Murtuzaqulu xana müraciət etdi. Bu hadisələr baş verən dövrdə Rusiyada Oktyabr inqilabı baş verdi. Bu hadisənin baş verməsinin Naxçıvana xüsusi təsiri hiss edilmədi. Cəfərqulu xan regionda həm ağlara, həm də bolşeviklərə qarşı mübarizə aparırdı. Bolşeviklərin Şahtaxtıda dəmiryolu xətti boyunca təsir dairələrini artırdığı bir dövrdə Cəfərqulu xan Rusiya ordusuna aid anbarları partlatmışdı. Beləcə, Naxçıvan milli komitələri faktiki olaraq hakimiyyəti ələ keçirdilər (Altstadt, 1992:104).





1918-ci ilin əvvəllərində Rusiyada baş verən siyasi proseslər Naxçıvana da ciddi təsir göstərdi. 1918-ci ilin yanvarında bolşeviklər onların hakimiyyətini tanımadığı üçün Rusiya məclisini ləğv etdi. Təsis məclisini dəstəkləyən Zaqafqaziya Komissarlığı bolşeviklərə qarşı açıq şəkildə düşmən mövqeyi tutdu və eyni zamanda Sovet hakimiyyətini tanımadı. Milli şuralarla bir sıra məsləhətləşmələrdən sonra Zaqafqaziya Komissarlığı Zaqafqaziyanın qanunverici orqanı olaraq Zaqafqaziya Seyminin çağırılmasına qərar verdi. 3 mart 1918-ci ildə bolşeviklərin Osmanlı ilə separat sülh müqaviləsi imzalaması və Zaqafqaziyaya aid bəzi torpaqları Osmanlıya verməsi Zaqafqaziya Seymi tərəfindən tanınmadı.

Osmanlı nümayəndə heyəti Trabzon konfransında Zaqafqaziya Seyminin Brest-Litovsk müqaviləsinin Qafqaza aid maddələrinə etirazını rədd etdi. Nümayəndə heyətinin fikrincə, Zaqafqaziya hökuməti ya Rusiyanın tərkib hissəsi kimi onun imzaladığı müqavilə ilə razılaşmalı, ya da Rusiyadan ayrılaraq müstəqilliyini elan etməli idi.

Bu zaman Osmanlı da Zaqafqaziya ilə ayrıca sülh müqaviləsinin imzalanmasına razı olacaqdı. Osmanlının təzyiqlərindən sonra 26 martda Seym Zaqafqaziya Komissarlığının istefasını qəbul etdi və Müvəqqəti Zaqafqaziya hökumətini qurdu. Bu hökumətin Osmanlı ilə danışıqları uğursuz alındı. Aprel ayında Seym Osmanlıya müharibə elan etdi. Lakin Osmanlının bütün cəbhə boyu hücumundan sonra daşnak və menşeviklərdən ibarət olan ordu tamamilə dağıdıldı. 22 aprel tarixində toplanan Seym üzvləri daşnakların etirazına baxmayaraq Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradılmasını elan etdilər (Sadıqov, 1995:9).


Naxçıvan Osmanlı tərkibində


Zaqafqaziya federasiyasının gələcəyi və xarici siyasəti ilə bağlı daşnaklar və müsavatçılar fərqli düşüncələrə sahib idilər. Bu formada fikir ayrılığı Naxçıvan milli komitəsindəki ziddiyyətləri daha da dərinləşdirdi və müsavatçılarla daşnakların birgə fəaliyyətini qeyri-mümkün etdi. Naxçıvan Milli Komitəsi üzvləri əsasən müsavatçılardan təşkil olunmuşdu və onlar Osmanlının şərqə doğru yönəlməsinin regionda daşnak problemini həll edəcəyinə inanırdılar. 1918-ci ilin yazında Naxçıvan Milli Komitəsinin başçısı Cəfərqulu xan Naxçıvanski o zaman Osmanlının tabeliyində olan Maku xanlığına getmiş və burada Naxçıvana türk hərbi dəstələri yeridilməsi barədə danışıqlar aparmışdı. Osmanlı komandanlığı ingilislərə qarşı fəal döyüş əməliyyatları keçirmək məqsədilə Culfa – Aleksandropol dəmir yolu xəttinin onların nəzarəti altına keçməsinə çalışırdı. 1918-ci ilin yazında

Qarabəkir paşanın rəhbərliyi altındakı Osmanlı ordusu Naxçıvana daxil olur (Altstadt, 1992:104).
Naxçıvanı ələ keçirən Qarabəkir paşa şəhərdə Osmanlı bayrağını qaldırır. Osmanlı rəsmiləri ilk olaraq Naxçıvan Milli Komitəsini və Naxçıvan özünümüdafiə qüvvələrini ləğv edirlər (Bağırov, 1965:45). Xəlil bəy Naxçıvanın general-qubernatoru təyin olunur (Sadıqov, 1995:10). Bu cür münasibət türklərlə Naxçıvan Milli Komitəsi arasında münasibətlərin soyumasına səbəb oldu. Kazım Qarabəkir paşanın komandanlığı altında olan türk diviziyası Şərur qəzasına daxil olduqdan sonra hücumu müvəqqəti dayandırdığından daşnakların Türkiyə qolunun lideri Andranikin Naxçıvanı ələ keçirməsi üçün əlverişli imkan yaranır. Belə bir şəraitdə Naxçıvan Milli Komitəsi daşnakların üstün qüvvələri qarşısında döyüşə girmədən geri çəkilir. Bununla da bəzi sərhədyanı ərazilərdəki kəndlər daşnakların əlinə keçir.

May ayında Osmanlı ilə danışıqlarda heç bir irəliləyişin əldə olunmaması Zaqafqaziyada üç müstəqil respublikanın yaranması ilə nəticələndi. Osmanlı ordusu bu ərəfədə Qarsdan Ermənistanın daxilinə doğru hərəkət edirdi. 1918-ci ilin mayın sonlarında baş verən Sərdarabad döyüşü daşnakları tamamilə məhv olmaqdan qurtarır. Bu döyüşdə Osmanlıya qalib gələn daşnaklar Batumda Osmanlı ilə müqavilə imzalamağa məcbur olur. Müqavilənin şərtləri Ermənistan üçün ağır idi. Osmanlı Ermənistanın kiçik bir ərazidə varlığını tanıdı. Türkiyə ermənilərindən ibarət milli korpusun rəhbəri olan Andranik bu müqaviləni imzalayan Milli Şuranı və Daşnaksütyunu xəyanətdə günahlandırdı. Andranik Batum müqaviləsinin Ermənistanı Osmanlının vassal dövləti kimi xarakterizə etdiyini bildirərək respublikanı tərk etdi. Qarakilsə-Dilican regionundan Sevan gölü boyunca Naxçıvana doğru hərəkət edən Andranikin dəstəsində üç min nəfər var idi. O özü ilə Türkiyədən bir neçə min erməni qaçqın ailəsini də götürərək İrana çatmağı hədəfləyirdi. Naxçıvan və Zəngəzurdan keçən Andranik buralarda qarşısına çıxan bütün azərbaycanlılar yaşayan kəndləri yağmaladı, əhalisini isə qətl etdi. Minlərlə evsiz müsəlman Araz çayı üzərindən İrana və ya şərqə – Bakı quberniyasına qaçmaqla canını qurtardı (Hovannisian, 1967:194).




Batum müqaviləsi ilə Osmanlı və yeni qurulan ADR arasında ittifaq formalaşdırıldı. Bununla belə Osmanlı ADR-in müstəqilliyini tanımadı. Osmanlı üçün bu müqavilə Ermənistan və Azərbaycan ərazisinə müdaxiləni hüquqi çərçivəyə salmaq baxımından əhəmiyyətli idi. Bu səbəbdən eynilə Naxçıvanda olduğu kimi Gəncədə də yerli idarəetmə ləğv edildi. Burada azərbaycanlılar və türklərdən ibarət Qafqaz İslam ordusu formalaşdırıldı. 15 sentyabrda Osmanlı-ADR ordusu Bakını ələ keçirdi. Bakı tutulduqdan 2 gün sonra ADR hökuməti Bakıya köçdü. Məhz Bakıya köçdükdən sonra Müsavat hökuməti əhali tərkibini nəzərə alaraq İrəvan quberniyasına daxil olan Naxçıvana iddia etdi. Naxçıvan və Zəngəzura olan iddialar Ermənistanla Azərbaycan arasında mübahisələrə səbəb oldu. (Altstadt, 1992:92). Hər iki tərəf iddialarını həyata keçirmək üçün regionlarda etnik təmizlik etməyə başladı. Naxçıvanda bunu Osmanlı həyata keçirirdi. 1918-ci ilin sentyabrında türk qoşunları burada yaşayan erməniləri öldürməyə və yaşadıqları yerdən qovmağa başladılar. Erməni əhali təqibdən qurtulmaq üçün İrəvana və Qarabağa qaçmaq məcburiyyətində qaldı. Tərk edilmiş yaşayış məntəqələrinin çoxu müsəlmanlar tərəfindən ələ keçirildi. 1918-ci ilin noyabrında türk ordusunun Mudros sazişinə əsasən Naxçıvandan çıxmasından sonra erməni qaçqınları Naxçıvana geri qayıtdılar (Baberovski, 2010:164).


Naxçıvan İngiltərə tərkibində


1918-ci ilin ikinci yarısında Osmanlının müharibədə vəziyyəti gərginləşməyə başlayır. 30 oktyabrda Osmanlı müttəfiq dövlətlərlə müharibədən çıxma haqqında Mudros sazişini imzalayır. Bu müqavilənin bəndlərinə görə Osmanlı ordusu Qafqazda ələ keçirdiyi bütün torpaqlardan çıxmalı idi. 1918-ci ilin sonunda Osmanlı ordusu Naxçıvan ərazisini tərk etməzdən əvvəl orada ərazisi əsasən Naxçıvan və Şərur-Dərələyəz qəzalarından ibarət olan Araz respublikası formalaşdırır (Bağırov, 1965:46). Osmanlı Araz respublikasını tanıyaraq burada Xəlil bəyin rəhbərliyində 5 zabit və 300 əsgər saxlayır (Sadıqov, 1995:10). Bu respublika Naxçıvanı Qara dəniz sahilləri ilə əlaqələndirəcək ərazi zolağında formalaşan “Cənubi Qərbi Qafqaz Respublikası” ilə birləşdi. Kağız üzərində qurulan bu respublikalar Antanta əleyhinə formalaşdırılmış “tampon bölgə” xarakteri daşıyırdı. İngilislər 1919-cu ilin yanvarında Naxçıvanı işğal etdikdən sonra Araz respublikasını ADR kimi Osmanlı tərəfindən qurulan “kukla dövlət” kimi qəbul etdilər və onu tanımadılar (Altstadt, 1992:104). Naxçıvanın ingilislər tərəfindən işğal edilməsindən sonra burada qalan Osmanlı zabitləri özlərini Araz respublikasının əsgərləri kimi qələmə verdilər.

1919-cu il yanvarın əvvəllərində Böyük Britaniya ordusunun mayoru Gibbon Naxçıvana gəlir. Onun gəlişinin əsas məqsədi Araz respublikası silahlı qüvvələrinin vəziyyətini və bu dövlətin siyasətinə türklərin təsir dərəcəsini öyrənmək idi. 1919-cu ilin fevralında digər bir ingilis emissarı kapitan Lautonun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana gəlir. O, Britaniya qoşun hissələrinin Dəvəlidə, Naxçıvanda, Culfada və Şahtaxtıda yerləşdirilməsi, bu yerlərdə bütün məsələlərin ingilis hakimiyyət orqanları tərəfindən həll ediləcəyi barədə danışıqlar aparmışdı.

ABŞ prezidenti Vilson tərəfindən dəstəklənən xalqların öz müqəddəratlarını təyinetmə hüququna müraciət edən Ermənistan və Azərbaycan rəsmilərinin ərazi iddialarının reallaşmasına və beynəlxalq hüquqda möhkəmləndirilməsinə cəhdləri uğursuz oldu. Versalda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Topçubaşı Vilsonun Qafqaz respublikasının işlərinə maraq göstərmədiyinə şahid oldu. Parisdə Azərbaycanın Naxçıvana və Qafqazın digər müsəlman yaşadığı bölgələrinə qarşı ərazi iddiaları nəzərə alınmadı (Baberovski, 2010:158). Tomson Qarabağın Yelizavetpol quberniyasına daxil olduğu üçün Azərbaycan iddialarını qəbul etdi və ora qubernator kimi Xosrov bəy Sultanovu təyin etdi. Buna baxmayaraq, ingilislər Azərbaycanla Türkiyə arasında dəhlizin formalaşmasına imkan verməmək üçün Naxçıvanı müvəqqəti olaraq Ermənistan ərazisi kimi tanıdılar. Bu addım Naxçıvan Milli Şurası və ADR tərəfindən narazılıqla qarşılandı (Altstadt, 1992:94). Azərbaycan Milli Şurasının sədri Rəsulzadə bu qərarı xainlik adlandırdı. Naxçıvan Milli Komitəsinin lideri Cəfərqulu xan Azərbaycandan başqa ərazi üzərində hər hansı idarəetməni rədd etdiyini açıq şəkildə bildirmişdi. Buna görə də Naxçıvan Milli Komitəsi regionu daşnak təhdidlərindən qorumaq və onun Ermənistana birləşdirilməsinin qarşısını almaq üçün türklərlə daha sıx əlaqələr qurmağa çalışırdı (Geukjian, 2012:59).




Naxçıvan üzərində Ermənistanın idarəetmə haqqının tanınması daşnakları daha da cəsarətləndirdi. 1918-ci ilin sonlarında nizami erməni ordusunun bölmələrinin də iştirak etdiyi müsəlman və erməni kəndlilər arasında silahlı toqquşmalar baş verdi. 1918-ci il dekabrın ortalarında 25 min nəfərdən ibarət erməni ordusu Ordubad yaxınlığındakı 8 müsəlman kəndini mühasirəyə aldı və yerlə yeksan etdi. Ümumilikdə bu qarşıdurmalar zamanı 200-dən çox kənd viran edildi. Rusiyanın yerli idarəçiləri müsəlman kəndlilərin şikayətlərini lağa qoyaraq belə cavab verirdi: “Türkləri siz bura gətirdiniz və buna görə də sizin kökünüzü kəsmək lazımdır” (Baberovski, 2010:164). Ordubad yaxınlığında yerləşən kəndlərdə ermənilər və müsəlmanlar birlikdə yaşayırdılar. Bu vəziyyətdə daşnakların apardığı etnik təmizləmə konsepsiyası qonşuları və hətta dostları bir-birinə qarşı qoymuşdu. Milli qırğın zamanı kənddə qalan müsəlmanlar qovulmuş və öldürülən müsəlmanların əmlakını müsadirə etmək hüququ verilmişdi. “Azərbaycan” qəzeti hadisələrlə bağlı bunu yazırdı: “Beləliklə sülh elan edilənə qədər regionda yaşayan bütün müsəlman əhali buradan çıxarılacaq. Əhali çıxarıldıqdan sonra ərazinin etnoqrafik xüsusiyyətlərinə əsaslanan bölgüsü ermənilərin xeyrinə dəyişəcək. Beləcə biz bu əraziləri barışıq konfransında sonsuza qədər itirə bilərik.” (Baberovski, 2010:164).

1919-cu ilin yanvarında Ermənistanla Gürcüstan arasındakı iki həftəlik müharibə bitdikdən sonra erməni ordusu şimaldan cənuba doğru hərəkət etməyə başladı. Dəvəli kəndində qoşunlarını hazırlayan erməni general İvan Haqverdiyan Şərur üzərinə hücuma hazırlaşırdı. Lakin əməliyyat ərəfəsində Şərur və Naxçıvan müsəlmanlarının nümayəndələri qan tökülməsinin qarşısını alacaq şərtlər barədə razılığa gəlməyi təklif edirlər. Bu səbəbdən hərbi kampaniya 10 gün müddətinə ertələndi. İngilis korpusunun nümayəndəsi Lauton qan tökülməsinin qarşısını almaq üçün 18 yanvarda Tiflisdən İrəvana, oradan da Naxçıvana gəldi. Lauton Şərur və Naxçıvanda yerli komitə üzvləri ilə görüşdükdən sonra Milli Komitəni qane edən müvəqqəti sülh barədə razılıq əldə etdi. Lauton 21 yanvarda Ermənistan səhra qərargahına qayıdaraq Əlahəzrət hökuməti adından bütün döyüş əməliyyatlarına son qoyulmasını tələb etdi. Ermənistan hökuməti İngiltərənin dəstəyini itirməmək üçün müvəqqəti sülhə razı oldu (Hovannisian, 1971:230-231).

İngilislər bu dövrdə Naxçıvanda general qubernatorluq yaratmaq haqqında plan qururdular. Plan 1919-cu ilin fevralında polkovnik Forestier-Uolker tərəfindən qəbul edildi. Uolker 8 fevral tarixində Ermənistan ordusunun (Dəvəlidəki 50 nəfərlik qarnizon istisna) Vediçayın şimalına doğru geri çəkilməsini tələb etdi. Kaçaznuni hökuməti ingilislərlə bununla bağlı danışıqlar aparmağa cəhd etsə də ingilislər bunu rədd etdilər. 10 fevralda erməni ordusu Kəmərli istiqamətində geri çəkilməyə məcbur oldu. Ermənistan xarici işlər naziri Tiqranyan Parisdəki erməni nümayəndə heyətinə göndərdiyi teleqramda məyusluğunu gizlətmirdi: “Beləliklə müvəqqəti də olsa Şərur və Naxçıvan da əlimizdən alındı və Qarsda olduğu kimi ingilis hərbi qubernatorluğuna çevrildi. Hətta bu sərhədin digər tərəfindəki Vedibasardan belə qoşunları uzaqlaşdırmaq məcburiyyətində qaldıq.” (Hovannisian, 1971:235). Lakin ingilislərin Qafqazda daimi qalmaq niyyəti yox idi. 1919-cu ilin yazında ingilis generalı Biç Paris Sülh konfransı üçün hazırladığı xəritədə Qars, Sürməli, Şərur, Naxçıvan və Zəngəzurun Ermənistana verildiyi göstərilmişdi.

İngilislər mübahisəli ərazilərdən yalnız Qarabağı Azərbaycana daxil etmişdilər. Bir müddətdən sonra bu qərar rəsmən elan edildi. İngilis korpusu komandirinin bütün qaçqınların milliyyətindən və dinlərindən asılı olmayaraq Naxçıvana qayıtması barədə əmri sadəcə kağız üzərində idi və bir yaxşı arzu olaraq qaldı.

Ermənistan hökuməti status-kvonu dəyişdirmək üçün Naxçıvan istiqamətində böyük sayda ordu topladı. İngilislərin Naxçıvandan çıxması ilə yerli komitə Ermənistanla mübarizədə yalnız qaldı. İyun ayında Ermənistan qoşunları Ordubadı mühasirəyə aldı və bu şəhərin yaxınlığında yaşayan müsəlman əhalini qovmaq üçün əməliyyat həyata keçirdi. Eyni günlərdə beş həftə ərzində Naxçıvan şəhərində müsəlmanlar və ermənilər arasında ağır döyüşlər başladı. Bu döyüşdə müsəlmanlar qalib gələrək şəhəri tamamilə ələ keçirdi (Baberovski, 2010:165). Azərbaycanın Ermənistandakı səfiri Xan Təkinski 4 iyun 1919-cu ildə Bakıya teleqram vuraraq Ermənistana göndərilən neftin dayandırılmasına, Şərur, Naxçıvan və Ordubadın birləşmiş müsəlman şuraları üçün vəsait verilməsinə çağırdı. Xarici işlər naziri Cəfərov tələb olunan maddi yardımı vəd etdi və Azərbaycan səfirini cəsarətli xidmətinə görə təqdir etdi. Növbəti həftələr ərzində Təkinski Bakını dərhal Ermənistana müharibə elan etməyə çağırdı.



İyunun 20-də erməni general Dronun rəhbərlik etdiyi qoşunlar Şərur və Naxçıvanda bir çox strateji nöqtəni ələ keçirdilər. Naxçıvan Milli Komitəsinin Antantaya müraciəti cavabsız qaldı. İngilis general Deyvinin vədlərinə baxmayaraq işğal edilən ərazilərdə dinc sakinlərin qovulması və həbs edilməsi davam edirdi. Xan Təkinskinin 22 iyunda Bakıya verdiyi məlumatda Naxçıvanda ermənilərə yalnız 300 nəfər yerli özünümüdafiə qüvvələrinin müqavimət göstərdiyini qeyd edilirdi (Hovannisian, 1971:248-249). Ciddi müqavimətə baxmayaraq 1919-cu ilin iyunun sonunda daşnaklar Naxçıvanı ələ keçirdilər. Naxçıvanda yeni təşkil edilmiş general-qubernatorluğa əvvəlcə general Şelkovnikov, sonra isə daşnak Varşamyan təyin olundu (Sadıqov, 1995:11).

Daşnakların Naxçıvanın böyük bir hissəsini ələ keçirməsindən sonra regionda güclü üsyan başladı. 22 iyulda Xəlil bəyin rəhbərliyində üsyançılar Şəruru və Şahtaxtını ələ keçirmiş erməni ordusuna hücum etdilər. Sayca az olan erməni ordusu polkovnik Karakeşişyanın rəhbəri olduğu Noraşen qarnizonunu köməyə çağırır. 2 gün sonra kömək üçün gələn qarnizon da mühasirəyə alınır. 25 iyulda qarnizon çox çətinliklə mühasirədən çıxır və Dərələyəz istiqamətində geri çəkilir. Xanlıqlar kəndinin erməni qarnizonu isə döyüşsüz təslim olur. 26 iyulda üsyançılar Qurd qapısı ilə Noraşen stansiyası arasında erməni zirehli qatarını qənimət olaraq ələ keçirirlər. Qurd qapısı uğrunda 2 gün davam edən amansız döyüşlər ermənilərin məğlubiyyəti ilə başa çatır. Daşnak ordusu Qurd qapısından Dəvəli istiqamətinə geri çəkilməyə məcbur olur. Daşnakların Şahtaxtı və Noraşendəki məğlubiyyəti Naxçıvandakı erməni qarnizonunu çətin vəziyyətə saldı. Şəhərdə qalmağın təhlükəli olacağını yəqin edən general Şelkovnikov mülki ermənilərlə birlikdə Martiros dağına doğru geri çəkildi. Bu vaxt Culfadakı erməni əsgərləri və mülki erməni qaçqınlar şəhərin İran hissəsinə qaçmağa məcbur oldular. Ümumiyyətlə, iyul döyüşləri erməni ordusunun tam məğlubiyyəti ilə başa çatdı (Hovannisian, 1982:71-72).
Beləliklə, bir müddət regionda hərbi əməliyyatlarda fasilə yarandı.


Naxçıvan ABŞ tərkibində


1919-cu ilin ikinci yarısında ABŞ-ın Zaqafqaziyada siyasi fəallığı hiss edilirdi. ABŞ Naxçıvana strateji vacib bir bölgə kimi böyük əhəmiyyət verirdi. Bu ərazi vasitəsi ilə həm Azərbaycan, həm Ermənistan, həm İran, həm də Türkiyəyə fəal təsir imkanları formalaşdırmaq mümkün idi. Bu səbəblə ABŞ öz nümayəndələrini Naxçıvana göndərdi.




Naxçıvanda bu dövrdə faktiki olaraq 3 idarəetmə mövcud idi. Polkovnik Rey, polkovnik Haskel Naxçıvanla bağlı həm müsavatçılar, həm daşnaklar, həm də Xəlil bəylə danışıqlara başlayırlar. Amerikalı diplomatlar bir tərəfdən daşnakları Naxçıvanda türklərə qarşı qızışdırdılar, digər tərəfdən də türk zabiti Xəlil bəyi ABŞ-ın türk sultanına qarşı xeyirxah niyyətlərinə inandırmağa çalışırdılar. Haskel sentyabr ayında Bakıya gələrək baş nazir Yusifbəyli ilə görüşdü və Antantanın tərəfsiz siyasətini bir daha dilə gətirdi. Haskel Qarabağ və Zəngəzurun Azərbaycanın bir hissəsi kimi təsdiqləməyə hazır olduğunu, ancaq Naxçıvan və Şərur-Dərələyəz qəzasında Amerikanın idarəçiliyi olan “bitərəf bölgə” yaradılacağını bildirdi (Altstadt, 1992:102).

Naxçıvanda Amerika general-qubernatorluğu yaratmaq siyasəti ABŞ-ın Ermənistan üzərində mandatını qurma siyasəti ilə eyni vaxtda həyata keçirilirdi. 1 sentyabr 1919-cu ildə Bakıdan İrəvana qayıdan Haskel Azərbaycan və Ermənistan hökumətlərinə Naxçıvan və Şərur-Dərələyəzlə bağlı “müddəa” göndərdi. Bu “müddəa”ya görə, Şərur-Dərələyəz və Naxçıvan bölgələri neytral zona elan edildi, idarəetmə isə Haskel tərəfindən təyin olunan Amerika general-qubernatoruna həvalə edildi. Bütün hərbi qüvvələr (yerli və xarici) və yerli məmurlar Amerika general-qubernatoruna tabe olmalı idi (Bağırov, 1965:47-48).

Lakin ABŞ-ın həmin mövqeyi ADR hökuməti və Naxçıvan Milli Komitəsi tərəfindən qəbul edilmədi. Hətta 1919-cu ilin oktyabrında polkovnik Haskelin Naxçıvana səfəri də vəziyyətdə əsaslı dəyişiklik yaratmadı. Naxçıvan Milli Komitəsinin lideri Kəlbəli xan Haskelə ABŞ-ın Zaqafqaziya işləri üzrə ali komissarına tabe olmaq şərti ilə Naxçıvanda ümumi general-qubernatorluğun yaradılması təklifini irəli sürdü.

1919-cu il oktyabrın 22-də Bakıda ADR-in rəsmi orqanı olan “Azərbaycan” qəzetində Naxçıvanda ABŞ polkovniki Edmund Deyli başda olmaqla Amerika general-qubernatorluğunun təşkil olunması haqqında əsasnamə dərc edildi. Bu hadisə Osmanlının kapitulyasiyanı qəbul etməsindən sonra baş verirdi. Kamal paşanın rəhbərliyində türk zabitləri Sevr müqaviləsini qəbul etmədikləri üçün Anadoluda qüvvələr toplayırdı. Naxçıvanda ABŞ qubernatorluğunun yaradılması türk milli hərəkatına təhdid olduğu üçün Qarabəkir paşa Ərzuruma gəldi və buradan Naxçıvanda qalan türk zabitləri ilə əlaqə saxlamağa başladı (Altstadt, 1992:105).

1919-cu il noyabrın sonunda polkovnik Rey ABŞ qubernatorluğunu formalaşdırmaq üçün Naxçıvana gəldi. Onun gəlişində əsas məqsəd Deyli ilə Naxçıvan Milli Komitəsi arasındakı ixtilafları aradan qaldırmaq idi. Danışıqlar zamanı Müsavat hökumətinin Naxçıvanda ümumi qubernatorluq yaradılması təklifi dəstəkləndi. İdarəetmədə iştirak edən Xəlil bəy isə Müsavatın Naxçıvanda ərazi uzaqlığı səbəbi ilə həqiqi inzibati hakimiyyət yarada bilməyəcəyinə əmin idi. Bu səbəbdən türklər Naxçıvana birbaşa müdaxilə edərək regionu ələ keçirmək istəyirdilər. 1919-cu ilin ikinci yarısından etibarən Müsavat ilə Türkiyənin Şərq komandanlığı arasında münasibət pisləşməyə başladı. Bu dövrdə Sevr müqaviləsinə qarşı olan türk zabitləri Anadoluda Osmanlıya qarşı milli azadlıq mübarizəsinə başlamışdı. Osmanlı meylli Müsavat hökuməti isə bu dövrdə bu hərəkatı tanımırdı.
Rusiyada isə bolşeviklərin müharibədə qələbə qazanması ABŞ-ın Zaqafqaziya dövlətləri ilə bağlı bütün planlarını alt-üst etdi. Naxçıvanda general qubernatorluq quran ABŞ həm siyasi vəziyyətin dəyişməsi, həm də yerli Naxçıvan Milli Komitəsinin amerikalılara olan inamsızlığı səbəbi ilə istədiyini yerinə yetirə bilmədi. 2 ay sonra polkovnik Haskelin əmri ilə ordu regiondan çıxmağa başladı. 1920-ci ilin yanvarında sonuncu Amerika əsgəri Naxçıvan tərk etdi. ABŞ ordusunun çıxmasından istifadə edən Qarabəkir paşa Naxçıvan və ona bitişik əraziləri himayəsinə götürdü. 1920-ci ilin fevralında türklərin təzyiqi ilə Müsavat rəhbərliyi Naxçıvanı tərk etməyə məcbur oldu. Qarabəkir paşa Naxçıvanı Azərbaycandan ayrılmağa və müstəqilliyini elan etməyə çağırdı. Bunun müqabilində türklər Kəlbəli xana daşnaklara qarşı mübarizədə kömək edəcəklərini söz verirdilər. Xəlil bəy 11-ci türk diviziyasının komandiri Cavid bəyə bununla bağlı belə yazırdı: “Kəlbəli xanın Müsavat hökumətindən imtinası Naxçıvanın Türkiyəyə daxil olmasını asanlaşdıracaq. Hazırda Naxçıvan Ermənistandan müstəqildir və əgər Kəlbəli xan da Azərbaycandan müstəqilliyini elan etsə o zaman biz Kəlbəli xanı hakimiyyətdən kənarlaşdırıb rahatlıqla Naxçıvanı öz ərazimizə qata bilərik (Bağırov,1965:49-50).

Ardı var

Tural Həmid 
azlogos.eu



Ana səhifəyə qayıt        Baxış: 8 847          Tarix: 11-02-2021, 07:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma