Xəbər lenti
Dünən, 19:25

 “Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Bir neçə gündür oğurlanan körpənin cəsədi bu gün quyuda aşkar edilib.”

Yuxardakı cümlələr hər gün olmasa da, tez-tez rast gəldiyimiz, oxuduğumuz, eşitdiyimiz xəbərlərdən birindən alıntıdır. Bəs, bunda diqqəti cəlb edən nə var? Var. Həmin xəbər bu cümlə ilə davam edir: “Anası körpəni yedizdirdikdən sonra yuxuya getdiyi zaman beşikdən yoxa çıxan uşağın üstü taxta və daşla bağlı olan su quyusunda axtarılmasının atanın ağlına gəlməsi müəyyən şübhələr yaradır.”

Diqqətimi cəlb edən məhz şübhə oxlarının ölmüş/öldürülmüş qızın atasını göstərməsi oldu və fikrimi, xəyalımı çox-çox uzaqlara - on beş əsr əvvəl bədəvi ərəblərin tarixinə apardı, oradan da günümüzə çəkib gətirdi.

İslam tarixində özündən əvvəlki dövr Cahiliyyə dövrü adlanır və ondan danışarkən dinsizliyin (daha dəqiq, ilahi dinsizliyin) cəmiyyətə vurduğu ağır yaralar, əxlaqın çökməsi, nəticədə qadının dəyərsizləşdirilməsi nəzərə verilir. İş o yerə çatmış olur ki, atalar qız övladlarını diri-diri torpağa basdıraraq qətl etmək kimi bir cinayətə imza atırlar. İslamın məhz bu vəhşiliyə son qoyması qeyd edilir.

 

Bu 1500 il əvvəl baş vermiş hadisə idi. İndi sizə təqdim edəcəyim isə XX əsrin Sovet Azərbaycanında təbliğ olunan ideyadır:

Anam, bacım qız gəlin,

Əl-ayağı düz gəlin! 

Yeddi oğul istərəm

Bircə dənə qız, gəlin! 

 “Yeddi oğul istərəm” filminə baxanlar bunu yaxşı xatırlayırlar. Az qala yarım əsr əvvəl ekranlara çıxmış bu film də eyni şeyi təbliğ etmirdimi? Axı niyə yeddi oğul, bir qız? Qız övlada qarşı bu ikrah haradandır?

Bu bizim folklor nümunəmiz deyildir. Bizim xalqda belə bir əxlaqsız fikir olmamışdır, ta müstəmləkəyə çevrilənədək. Yalnız XIX əsrin başında müstəmləkə boyunduruğu altına düşəndən sonra mənəvi dəyərlərimizə qarşı xaçlı yürüşlərinin, ateist təbliğatının və bu ikisini özündə cəm etmiş kommunist ideologiyasının nəticəsi olaraq əxlaqdan əxlaqsızlığa – Cahiliyyəyə geri dönməyə başlamışıq.

Etiraz etməyə tələsməyin. Təkcə keçən əsrin bolşevik dövründə minlərlə yarımçıq doğulmuş usagın zibil qutularına atıldığını, qanunsuz doğulmuş övladın doğum evlərinə tərk edildiyini, abort edilərək qətl edilən daha çox uşağın həyat haqqının əlindən alındığını kim bilmir? Oğlan usagı doğmadığı üçün ər evindən qovulan nə qədər qız, qızı olduğuna görə pərtliyindən gömgöy göyərən neçə ər, qaynana, qaynata, baldız olduğunu, neçə ailənin xaraba qoyulduğunu kim inkar edə bilər? Bu gün bu hadisələrin azaldığını, aradan qalxdığını heç kəs iddia edə bilməz, əksinə, bu gün belə hadisələrin sayının artdığına dair daha çox fakt məlumdur. Cahiliyyə dövründə, heç olmazsa, bunların bir qismi yox idi.

Nə böyük əxlaqsızlıqdır, elə deyilmi? Valideyn övladının dünyaya gəlib-gəlməməsini təyin etmək iqtidarında deyildir. Doğulacaq övladının cinsini müəyyən etmək, onu dəyişmək imkanından məhrumdur. Bütün bunları əta edən – hədiyyə edən, verən Allahdır. Əgər belədirsə, o zaman insanların bu davranışlarının adı nədir? Buyurun, bunun adını siz qoyun.

Cahiliyyə dövründə əxlaq çökmüşdü. Qadın adam hesab edilmirdi. Hətta iş o yerə gəlib çatmışdı ki, həftənin müəyyən günlərində qadınlar Kəbəni… çılpaq təvaf edirdilər. Qadın əks cinsin ehtirasını söndürmək vasitəsindən başqa heç nə sayılmırdı. Buna görə də ailələrdə qız övlad dünyaya gələndə valideynlər, xüsusən də ata onu gözləyən əxlaqsızlıqdan qəhr olur, çox vaxt anadan gizlin qız övladlarını qaçırıb xəndəkdə, quyuda, çuxurda dəfn edir, bu yolla rüsvayçılıqdan xilas olduğunu zənn edirdi.

Bu gün biz özümüzü mədəniyyətin zirvəsində hiss edirik. Mədəniyyəti isə yanlış anlayırıq. Küçədə, məhəllədə, həyətdə, evdə gözümüzün qarşısında dolaşan qız, gəlin, arvad geyim tərzinə, ailə və cəmiyyət barədə düşüncələrinə, həyata baxışına görə hansı dövrə daha yaxındır, mədəniyyətə, yoxsa Cahiliyyəyə? Cahiliyyə dövründə qadınlar Kəbə evini lüt təvaf edərkən, heç olmazsa, kişilərin baxışlarından təcrid olunur, bu şəkildə təvaf edirlər. Bu gün qadınlar, qızlar oğlan, kişi, ağsaqqal, ağbirçək, qaynata, qaynana, müəllim, müdir, iş yoldaşı demədən gözlərimiz qarşısında cahiliyyə dövründəki kimi “təvaf edirlər”.

İndi qayıdaq yuxarıdakı xəbərə. Valideynin öz övladını qətl edilməsi şübhəsi var. Əxlaqın çökdüyü bir mühitdə bu niyə bizi təəccübləndirir ki? Mən o atanın (əgər doğrudan da canidirsə) öz qız övladını qətl etməsini onun namus çəkməsinə aparıb çıxarmaqdan uzağam. İslam “Bir canlını öldürmək, bütün canlıları öldürmək kimidir,”-deyir. Öz övladına əl qaldırıb onu öldürmək isə… Əgər biz insan olaraq bu dünyada bir ömür yaşayırıqsa və əxlaqdan məhrum olaraq ömrümüzü davam etdiririksə, bizdən hər şey gözləmək olar – övladımızın qatili olmaq kimi bir vəhşiliyi də!

P.S. Vəhşilərdən üzr istəyirəm, xətirlərinə dəyməsin. Onlarda belə bir hadisə olmur. Sözgəlişi dedim.




Ana səhifəyə qayıt        Baxış: 3 612          Tarix: 1-08-2017, 20:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma