“Media haqqında Azərbaycan Respublikası Qanunu”nun 59-cu maddəsinin 2-ci bəndinin şərhi
Qanunun müvafiq maddəsində göstərilir:
“Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər”.
Göründüyü kimi, bu maddədə 3 bölgü var:
a) “Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar)”;
b) “Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi”;
c) digər dövlət qurumları media qurumu yarada bilməzlər. Naxçıvan Ali Məclisi və Nazirlər Kabineti də bu kateqoriyaya daxildir.
Şərhə b) bəndindən başlayaq.
Sual oluna bilər: Maddədə “Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi” niyə istisna olunur?
Fikrimcə, bu, demokarik dövlətçilik ənənəsinin olmazsa olmazı sayılan hakimiyyət bölgüsü prinsipindən irəli gəlir. Konstitusiyamızın 7-ci maddəsinin III hissəsində dövlət hakimiyyətinin bölünməsi belə tövsif olunur:
“III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir”.
Maddənin IV hissəsində isə vurğulanır ki, bu üç hakimiyyət bir-birindən müstəqildirlər, biri digərinin işinə müdaxilə edə bilməz. Məntiqlə, həqiqətən də ölkə başçısı icraedici orqanın rəhbəri olaraq məhkəmə və qanunverici hakimiyyətlərinin əvəzinə mətbu orqan yarada bilməz. Bu, hakimiyyət bölgüsü prinsipinin pozulması demək olar və Konstitusiyaya ziddir. Odur ki, Media haqqında Qanunun müvafiq maddəsində “Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi” istisnai hal kimi göstərilir.
Prezident yalnız icraedici hakimiyyətin başçısı olduğundan onun səlahiyyətinə daxil olan sahələr də bu hakimiyyətə aid qollardır. Maddənin ilk hissəsində yer alan “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar)” ifadəsində nəzərdə tutulanlar da icraedici hakimiyyət qollarına aiddir və bu, maddədə açıq şəkildə ifadə olunur. Prezidentin 17 sentyabr 2022-ci il tarixli siyahısında mətbu orqan açmaq səlahiyyətinə malik qollar isə belə sıralanır:
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi,
2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi,
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi,
4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi,
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,
6. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,
7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,
8. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti,
9. Azərbaycan Milli Elmlər Akademiyası,
10. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi.
Bir sözlə, bu siyahıda yer almayan istənilən qurumun, o cümlədən Naxçıvan MR Nazirlər Kabinetinin çap mediası təsis etmək səlahiyyəti yoxdur və hansısa qurum buna təşəbbüs göstəribsə, Prezidentin səlahiyyətlərini mənimsəmiş sayılır. Nə yazıq ki, Naxçıvan Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı kimi fəaliyyət göstərən “Şərq qapısı” qəzetinin dərc olunması faktiki olaraq il yarımdır Prezidentin qanunda nəzərdə tutulmayan səlahiyyətlərinin Naxçıvan canişinliyi tərəfindən mənimsənilməsi mənasına gəlir.
Əvvəla, ona görə ki, “Şərq qapısı” qəzeti eyni anda həm Naxçıvan MR Ali Məclisinin, həm də Nazirlər Kabinetinin rəsmi orqanıdır. Qəzetin qanunverici hakimiyyətin orqanı kimi fəaliyyət göstərə bilməsi üçün gərək Ali Məclisin adı qanunvericilik aktına istisnai hallar bölməsinə yəni şərti olaraq b) bəndi kimi işarələdiyiniz təsnifata salınardı. İcraedici hakimiyyətin orqanı kimi isə o, Prezidentin siyahısında öz yerini tutmalı idi. Dərd burasındadır ki, bu iki hakimiyyət qolunun heç birisi qanunvericilik aktlarına salınmayıb. Naxçıvanın adının çəkilməsini istəməyən bir deputatı bunu yaddan çıxma kimi dəyərləndirsə də, biz bu versiyanın doğruluğuna inanmırıq. Zira, qanunvericilik aktının hazırlanmasında yer alan mütəxəssislər belə incə məqamları unutmazlar. Zənnimizcə, sözügedən “unutqanlığın” daha ağlabatan açıqlaması var: görünür, Vasif Talıbov hakimiyyətinin son günlərində onun istefa ehkamlarını bilərəkdən “anlamaması” həmin dövrdə Naxçıvanın muxtar hüquqlarından tamamilə məhrum olunması versiyasını da gündəmə gətirilməsinə yol açmışdı. Sonunda Vasif Talıbov ona verilən mesajı anladığından istefaya getmək məcburiyyətinə qalmış, amma qanunverciliyə əl gəzdirmək nüansı unudulmuşdur. Yaxud da Naxçıvanın muxtar hüquqlardan məhrum edilməsi alternativi indi də yaşayır. Odur ki, onun qısa zaman ərzində subyekt kimi fəaliyyəti nəzərə alınmayıb.
Bu versiyaların hansının doğru olub-olmadığını yaxın günlərdə ölkə rəhbərinin qanunvericilik aktında yeni dəyişikliklər aparıb-aparmayacağı müəyyənləşdirəcək. Növbəti dəyişiklik olacaqsa, deməli, həqiqətən də texniki unutqanlıq versiyası öz təsdiqini tapacaq. Yox, əgər bu dəyişiklik baş verməsə, məsələ daha mürəkkəb görünəcək. Belə məlum olacaq ki, Naxçıvanın muxtar hüquqlarından mədəd umanlar yanılırlar. Muxtar hüquq çox aktuallığını itirib. Onun təbii törəməsi olan “Şərq qapısı” isə il yarımdır dəfnini gözləyən mərhumdan başqa bir şey deyil.
Paylaş: