Xəbər lenti

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərmanla “Səfərbərlik və hərbi vəziyyət nizamnaməsi” ləğv edilib, əvəzində “Səfərbərlik və hərbi vəziyyət əsasnaməsi”nin tətbiqi başlayıb.

Əsasnamənin qəbulunun izahında bildirilir ki, bu, Ərdoğana əlavə səlahiyyət verir. Belə ki, “müharibə tələb edən vəziyyət yarandıqda, üsyan baş verdikdə, vətənə və ya respublikaya qarşı güclü və təsirli qiyam olduqda, ölkənin və millətin bölünməzliyinə daxildən və xaricdən təhlükə yaradan davranışlar baş verdikdə” Prezident ümumi və ya qismən səfərbərlik elan edilməsi haqqında qərar qəbul edə bilər.

Başqa sözlə desək, bu, prezident üsul-idarəetməsinin gücləndirilməsi, kritik vəziyyətlərdə dərhal hərəkətə keçmək imkanı və anında ordudan istifadəyə şəraitin yaradılmasıdır.

Dünya artıq bu cür operativliyin nəticələrini xüsusilə son 10 ildə dəfələrlə müşahidə edib. ABŞ Suriyaya ordu yeritmək və burda mövqelərini gücləndirmək üçün daxili qanunvericiliyə uyğun çoxmərhələli prosesi keçərkən, Rusiya lideri Putin bir gecənin içində qərar verərək, ordusunu bu ərəb ölkəsinə göndərdi və oradakı situasiyanı tamamilə dəyişdirdi; yaxud ABŞ Ukraynaya kritik yardım üçün aylarla Konqresdən təsdiq gözləyərkən Kiyevin hansı acınacaqlı vəziyyətə düşməsi göz qabağındadır, əvəzində Rusiya bu süründürməçilikdən məharətlə istifadə edərək, Ukrayna müharibəsinin taleyinə ciddi təsir edəcək əhəmiyyətli irəliləyişlərə nail oldu.

Parlament idarəetməsi dövlətlərin demokratiya, insan haqları və azadlıqlarının qorunması və inkişafı baxımından daha uyğun model hesab edilir. Ancaq prezident idarəetməsinin ölkənin milli maraqlarının qorunmasında müstəsna üstünlükləri var və bu, artıq təsdiq olunub. Məhz buna görə Türkiyə prezident idarəetməsi üçün ciddi siyasi iradə ortaya qoydu və hazırda Ərdoğanın səlahiyyətlərini addım-addım genişləndirir.

Təkcə regionda deyil, bütün dünyada nüfuz mübarizəsinin açıq və proksi toqquşmalarla ən aqressiv formaya transformasiya olunduğu bir şəraitdə dövlətlərin milli maraqları üçün təcili qərarvermə zərurəti yaranıb. Xüsusilə Türkiyə kimi olduqca həssas bir bölgədə yerləşən və xarici kəşfiyyatın aktiv şəkildə çalışdığı bir ölkənin baş verən regional proseslərə çevik reaksiyası əşhədü vacibdir.

Bir müddət öncə Rəcəb Tayyib Ərdoğan Qəzza və HƏMAS-dan danışarkən, bunu Türkiyənin “ön cəbhəsi” adlandırmışdı. 15 mayda “İsrailin Qəzzada dayanacağını düşünməyin. Bu dövlətin qarşısı alınmasa, “vəd edilmiş torpaqlar” düşüncəsi ilə gec-tez gözlərini Anadoluya zilləyəcəklər. HƏMAS Qəzzada Anadolunun irəli xətt müdafiəsini təşkil edir. Bunu görməyəcək qədər korsunuz?” deyə açıq çağırış edən Ərdoğan mayın 20-də - İran Prezidenti Rəisinin helikopterinin qəzaya uğramasından bir gün sonra – Türkiyənin mövcud konstitusiya ilə irəli gedə bilməyəcəyini elan etdi.

Yada salaq ki, bir neçə gün öncə Türkiyədə qiyam xəbərdarlığı da edilmişdi və çevriliş hazırlamaq planlarına qarşı böyük əməliyyat həyata keçirilmişdi – hazırda da istintaq davam edir.

Türkiyənin ardıcıllığı və çevik qərarlar alması heyrətamizdir. Ancaq əlbəttə ki, bu sürət bir sualı aktuallaşdırır: Türkiyə nəyə hazırlaşır?

Bu sual təxminən 6 ay öncə - Cümhuriyyətin 100 illiyi ilə bağlı təntənəli mərasimdə istifadə edilən atributları gündəmə gətirir. Nə müşahidə edilmişdi?

Mərasimdə türk dövlətlərinin tarixi bayraqları arasında qara bayraq da dalğalanmışdı. Həmçinin tarixi geyimdə olan komandanların qılınclarını qınından çıxartdığı görünürdü. Ərdoğanın yanında əyləşən generallar isə sıyrılmış qılınc tutmuşdular. Bu, Türkiyədə və dünyada geniş müzakirələrə səbəb olmuşdu. Çünki Peyğəmbərin cihad bayrağının Osmanlı sarayında qaldırılması müharibəyə girəcəkləri anlamına gəlirdi, qılıncın qından çıxması isə hərb olacağına işarə idi!

Cümhuriyyətin 100 illiyində Ərdoğan dünyaya “müharibəyə hazırıq” mesajını verdi – yada salaq ki, bu təntənəli tədbirlər həm də 7 oktyabrda HƏMAS-İsrail savaşının başlamasından sonraya təsadüf edirdi.

Ərdoğanın ötən gün imzaladığı fərman isə bu mesajın nə qədər ciddi olduğunun növbəti isbatı idi!

Yeri gəlmişkən, Rəisinin helikopterinin qəzaya uğramasından və prezidentlə xarici işlər nazirinin həlak olmasından narahatlığını ifadə edən və bu məsələdə İrana ciddi dəstəyini xüsusi nümayiş etdirən liderlərdən biri də Ərdoğandır. Rəisini əvəz edən – İranda prezident səlahiyyətlərini icra edən Müxbirə zəng edən iki əsas liderdən biri də Ərdoğan idi.

Həmçinin Ərdoğanın bu gün Məşhədə gedərək, Rəisinin dəfnində şəxsən iştirak edəcəyi barədə xəbər də təsadüfən yayılmamışdı. Nəzərə alaq ki, sonradan təkzib edilən bu xəbəri AKP-nin sözçüsü Ömər Çelik elan etmişdi – ciddi mənbədir!

Azərbaycan lideri İlham Əliyev 10 yanvar 2024-cü ildə ölkəmizin qarşıdakı dövr üçün strategiyasını müəyyən edən böyük müsahibə vermişdi. O müsahibədə təsadüfi heç bir söz yox idi. Ordan bir məqamı isə indi xatırlatmağa ehtiyac var. Prezident Əliyev demişdi: “Əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram”.

Bu, qarşılıqlıdır – Azərbaycan və Türkiyə regionda bütün addımlarını koordinasiya edir, birgə atır, liderlərimiz isə daim bir-birini məlumatlandırırlar.

20 mayda Prezident Ərdoğan Prezident Əliyevə zəng etmişdi…

axar.az 




Ana səhifəyə qayıt        Baxış: 3 863          Tarix: 23-05-2024, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma