Vladimir Putin Astanaya işgüzar səfərinin sonunda Rusiya KİV nümayəndələrinin suallarını cavablandırıb.
Musavat.com Kremlin rəsmi saytına istinadən xəbər verir ki, suallardan biri də Rusiya rəhbəri ilə Türkiyə prezidenti arasında olan görüş barədə olub.
“Sirr deyilsə, Ərdoğanla mətbuat gedəndə nə danışırdınız? Bəs Rusiya ilə Türkiyə arasında münasibətlərdə ən mühüm problem nədir, bizə nə mane olur, bəlkə kim?” sualına Rusiya dövlət başçısı belə cavab verib: “Bizə kimin mane olduğu yaxşı məlumdur. Bizə kömək edən prezident Ərdoğanın siyasi iradəsidir. Dünən türkiyəli tərəfdaşlarımız dedilər ki, ticarət həcmlərimiz 63 milyard dollardan 55 milyard dollara düşüb. Bu, təbii ki, yoxlanılmalıdır. Onların fikrincə, bu, ilk növbədə maya dəyəri ilə bağlıdır, çünki onlar bizim enerji resurslarımızı daha yüksək qiymətə alıblar və son aylarda qiymətlər ən azı 2022-ci illə müqayisədə aşağı düşüb. Buna görə də dəyər baxımından azalma var. Ancaq onların fikrincə, mütləq mənada, həcmdə hər şey təxminən olduğu kimidir. Bunları yoxlayacam. Amma məsələ hətta yoxlamaq deyil, işimizi gücləndirməkdir. Ümumiyyətlə, buna hər iki tərəfdən maraq var”.
Putin deyib ki, “obyektiv xarakterli məsələlər də var ki, kiminsə bizi narahat etməsi ilə deyil, hadisələrin real inkişafı ilə bağlıdır”: “Məsələn, Türkiyədə yaxşı taxıl məhsulu var, onların anbarları taxılla doldu, o səbəbdən bizdən daha az taxıl almağa başladılar. Yaxud, məsələn, onların bizim metallurgiya sənayemizlə bağlı vergi məhdudiyyətləri var. Bunun kənardan heç bir məhdudiyyətlə əlaqəsi yoxdur. Bu, sadəcə olaraq, daxili istehsalın və ikitərəfli münasibətlərimizin dinamikasıdır. Bütün məsələləri həll etmək olar”.
Musavat.com xatırladır ki, Türkiyə Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın ən əhəmiyyətli ticarət tərəfdaşı olub. 2022-ci ilin sonunda ticarət dövriyyəsi 85,8%, 2023-cü ilin oktyabrına isə daha 49,8% artıb. Belə fəal əməkdaşlıq, təbii ki, Qərbi, ilk növbədə ABŞ-ı qıcıqlandırdı. Amerikalılar 2023-cü ilin dekabrında Rusiya şirkətləri ilə əməliyyatlar aparmağa kömək edən banklara qarşı sanksiyalar elan edərək Rusiya-Türkiyə ticarətini dayandırmağa çalışıblar. Bu səbəbdən Türkiyə bankları iki ölkə şirkətləri arasında köçürmələrə xidmət göstərməkdən imtina etməyə başlayıb. Bu, Rusiya-Türkiyə ticarət dövriyyəsinə təsir etməyə bilməzdi. Türkiyənin Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, 2024-cü ilin fevral ayında Türkiyədən Rusiyaya ixrac 2023-cü ilin fevral ayı ilə müqayisədə 33% azalıb.
Paylaş: