Azadlıq Radiosunun növbəti araşdırmasında Anar Məmmədovun qaranlıq biznes fəaliyyətindən, Ziya Məmmədovun korrupsiya əməllərindən söz açılır.
Azadlıq-ın araşdırmasında Ziya Məmmədovun İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH-red.) şübhəli əlaqələri haqda da iddia əksini tapıb. Bildirilir ki, Z.Məmmədov nazir olarkən SEPAH-a yaxın iranlı iş adamları Nəqliyyat Nazirliyini elan etdiyi tenderlərin qalibi olub.
Nəzərə alsaq ki, Azadlıq Radiosu ABŞ tərəfindən maliyyələşdirilir və federal hökumətin bütün beynəlxalq yayım xidmətlərinə nəzarət edən müstəqil dövlət agentliyi olan Qlobal Media Agentliyi tərəfindən idarə olunur, istər-istəməz bu suallar ortaya çıxır: Ziya Məmmədov və oğlu niyə ABŞ-ın hədəfinə gəldi?
Ata-oğul Məmmədovları hansı aqibət gözləyir? Onların ABŞ-ın qara siyahısına düşməsi və beynəlxalq axtarışa verilmələri mümkündürmü?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Ziya Məmmədovun məhz indi ABŞ tərəfindən hədəfə alınması Donald Trampın yenidən prezident seçilməsi ehtimalı ilə bağlı ola bilər.
O, Trampla Ziya Məmmədovun münasibətlərindən danışıb:
“Ziya Məmmədovun məhz indi ABŞ tərəfindən hədəfə alınması Donald Trampın yenidən prezident seçilməsi ehtimalı ilə bağlı ola bilər. Məlumdur ki, noyabrda baş tutması planlaşdırılan ABŞ seçkilərində əslində qlobalistlərlə millətçilərin mübarizəsi gedir. Co Bayden qlobalistləri, Donald Tramp isə ulusalçıların (millətçilərin) dəstəklədiyi namizəddir. Tramp qlobalistlərə qarşı açıq müharibə elan edib. O, çıxışlarının birində hakimiyyətə gəldikdən sonra ABŞ-ın dərin dövlətində yer alan 50 mindən çox məmuru işdən qovacağı ilə hədələyib. ABŞ-da yaşanan siyasi qarşıdurma təbii ki, dünyanın digər yerlərinə də sirayət edir. Çünki qlobalistlərin nəzəriyyəsi bütün dünyanı vahid bir iqtisadiyyat kimi görür və məqsədəuyğun siyasətlər yürüdür. Tramp isə “öncə Amerika” şüarını əldə rəhbər tutub, qlobalistlərin bu siyasətini ABŞ-ın milli maraqlarına zidd hesab edir. Onun fikrincə, qlobalist siyasətlər nəticəsində ABŞ-ın sənaye gücü ölkəni tərk edib, Çinə və digər Asiya ölkələrinə gedib. Nəticədə Çin və Asiya ölkələri iqtisadi cəhətdən böyüyür, ABŞ isə iqtisadi böhrana sürüklənir. Tramp bu tendensiyanın qarşısını almaq üçün bütün dünyada milli iqtisadiyyatların inkişafı kimi psevdo-millətçi ideyalar irəli sürür və artıq bu tendensiya Avropa ölkələrində geniş vüsətlə yayılır. Son zamanlar Avropada sağçı qüvvələrin seçkilərdə böyük uğurlar qazanması da bununla bağlıdır”.
Heydər Oğuzun fikrincə, qlobalistlər bu tendensiyanın qarşısını almaq üçün dünyanın digər ölkələrindəki Trampa bağlı qüvvələri sıradan çıxarmalıdırlar:
“Azərbaycanda Trampla iqtisadi əlaqələri olan keçmiş məmurlardan biri və ən önəmlisi Ziya Məmmədov idi. Trampın hakimiyyətinin ilk illərində Ziya Məmmədovun onunla ortaqlığı da olub. Bakının mərkəzində fəaliyyət göstərən “Trump İnternational Hotel & Tower Baku” layihəsinin Ziya Məmmədova aid olduğu bildirilirdi. Hətta Trampın qələbə çalması münasibətilə Ziya Məmmədovun oğlu Anar Məmmədov Tramp ailəsini təbrik belə etmişdi və bu, rəsmi Bakı tərəfindən özbaşınalıq kimi dəyərləndirilmişdi. İddialara görə, Ziya Məmmədov öz klanını başına toplayıb, Trampın qələbəsini xüsusi təm-təraqla qeyd etmişdi. Anar Məmmmədovun məhz o dövrlərdə Amerika-Azərbaycan Mədəniyyət Mərkəzi yaradaraq şübhəli fəaliyyətə başlaması rəsmi Bakı tərəfindən birmənalı qarşılanmamışdı. Bu, açıq-aşkar hakimiyyət iddiası kimi başa düşülmüş və Ziya Məmmədov işdən uzaqlaşdırılmışdı”.
Heydər Oğuz düşünür ki, Bakıda Trampa bağlı qüvvələrin ortaya çıxması həqiqətən də ölkə üçün ciddi təhlükə yarada bilərdi və Məmmədovların qarşısının alınması ölkəmizin xeyrinə atılmış addımdır:
“Məlumdur ki, nə qədər millətçi kimi görünsə də, Tramp da əslində güclü xarici sərmayənin nümayəndəsidir. Bəzi iddialara inansaq, onun arxasında ABŞ-ı idarə edən güc mərkəzlərindən biri dayanır. Başqa sözlə desək, ABŞ-dakı seçki rəqabəti maraqları haçalanan böyük güc mərkəzlərinin açıq savaşıdır. Təbii ki, Azərbaycan bu savaşlardan özünü qorumalı, milli iqtisadiyyatını mühafizə etməlidir. Əks halda, beynəlxalq güc mərkəzlərinin poliqonuna çevrilməsi nəticəsində ölkəmizdə arzuolunmaz hadisələr baş verə bilər”.
O ki qaldı Ziya Məmmədovun SEPAH-la əlaqəsinin ortaya çıxmasına, Heydər Oğuz bu məlumata xeyli təəccüblənib:
“Tramp bir nömrəli İran düşmənidir. Bu iddialar təsdiqini taparsa, yəhudi lobbisinin böyük qisminin dəstəyini qazanmağa çalışan və bu istiqamətdə ciddi addımlar atan Trampın özü belə Ziya Məmmədovu cəzalandırar. Eyni zamanda, digər qanadın nümayəndələrinin də İranla isti münasibətləri yox kimidir.
Demək istədiyim odur ki, ABŞ-da kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ziya Məmmədovun SEPAH-la əlaqələrinin ortaya çıxarılması Məmmədovlar klanının sonunu gətirə bilər. Təbii ki, bu klanın SEPAH-la əlaqələri tam təsdiqini taparsa”.
Zaira Akifqızı
Globalinfo.az
Paylaş: