
Orta məktəbdə oxuyanda AzTV-də bir dublyaj olunmuş rus filminə baxmışam, bir epizodu indiyə kimi yadımdadır.
Deməli, nadinc yeniyetmələr başdan ayağa ağa bürünür, başlarına qoyduqları hündür papağa oxşar geyimdə iri gözlər, eybəcər ağız-burun rəsmi çəkirlər. Onlar belə bir maskada asta-asta hərəkət edərək gecənin qaranlığında Polina xalanın üstünə gəlirlər. Yazıq arvad “oyy, qulyabanı” deyə qışqırır və qorxusundan bayılır. Ertəsi gün yaramazlar gəlib Polya xaladan üzr istəyir, bağışlanmalarını xahiş edirlər, o da deyir: “Allah bağışlasın”.
Amma belə görünür ki, Ucarın Çiyni kəndindəki “qulyabanı” ələ keçəndə üzr istəməklə canını qurtara bilməyəcək. Cinayət Məcəlləsində adamın törətdiyi əməli tövsif edən maddələr tapmaq olar və yəqin ki, tapıblar, sadəcə, adamın özünü tapmaq lazımdır.
İndi fövqəlbəşər qüvvələrə ürəkdən inanan inanclı yoldaşlar deyir, bu nə danışır, nə adam, nə insan, söhbət qulyabanıdan, naməlum məxluqdan gedir.
Belə şeylərə inamı olmayan adamlar da o xəbərləri oxuyub başlarını bulayırlar ki, nə qulyabanı, nə yet, nə cin, nə naməlum məxluq, hamısı boş söhbətdir, bu, insan əməlidir.
İndi sizin üçün öz versiyamı yazıram. Bu, böyük ehtimalla bir və ya bir neçə idmançı məziyyətləri olan gənc və çevik, “cin kimi” oğlanların işidir. Onlar öz aralarında sözləşiblər ki, gəlin elə bir şey edək, bütün ölkə bizdən, kəndimizdən danışsın. Bundan ötrü bir balaca maskalanmaq və kəndin qırağında bir neçə ayrı-ayrı adamın gözünə görünmək kifayətdir.
Bir adamın gözünə görünmək ona görə əlverişli deyil ki, o, gəlib kəndin ortasında əcaib varlıq gördüyünü desə, elə biləcəklər, dəli olub. Amma kəndin fərqli səmtlərindən gələn, “mən də görmüşəm, ağzı-burnu beləydi, bədəni tüklüydü, hoppana-hoppana qaçırdı” deyənlər 3-4 nəfər olanda hər kəs inanacaq. Bu qədər adam yalan danışmaz axı. Onların hamısı “qulyabanı”nın vizual görüntüsü təsvir edəndə ortaya əməlli-başlı fotorobot çıxır - qulyabanı fotorobotu.
Hətta belə bir insidentin törədilməsinin başqa, çirkin motivləri də ola bilər. Bir kriminal dəstə insanlar arasında təşviş, təlaş mühiti yaradaraq, bu mühitdən oğurluq və quldurluq kimi əməlləri rahat həyata keçirə bilmək üçün yararlana bilərlər.
Göründüyü kimi, müəllif qulyabanının mövcudluğuna şübhə edir. Düzdür, əsasən Nepal tərəflərdə yaşadığı, göründüyü deyilən qar adamı (yeti) barədə yazılı mənbələr çoxdur, amma onun da mövcudluğu şübhə altındadır. Varsa, ortaya çıxsın, kameraya düşsün. Bəzi fotoşəkillərdə və videolarda bədheybət bir varlığın bulanıq görüntüsü olub, amma o da əldədüzəltmə bir şey ola bilər. Jurnalistlər və kriminalistlər həmişə fakta söykənməlidirlər.
Ona görə də “qulyabanı” ya ölü, ya diri yaxalanmayınca konkret bir söz demək olmaz.
Elə onun neçə gündən bəri ortada görünməməsi də göstərir ki, o qədər də vəhşi “qulyabanı” deyil, ən azı mobil telefonu var, internetə girir, sosial şəbəkələrdə qurdalanır və bilir ki, hamı onu axtarır, ona görə də oturduğu yerdən çıxmır.
Güman ki, o, özü kimi başqa bir “qulyabanı” qardaşlığı ilə yazşır və ona “gördün, qaqan nağayardı, ölkə bizdən danışır e” deyə bol-bol gülüş işarələri qoyaraq mesaj yazır.
İndinin qulyabanıları belədir. Hoppana-hoppana qaçdıqlarına baxmayın, yaramazlar müasir telekommunikasiya vasitələrindən yaxşı baş çıxarırlar.
Qoy, ara sakitləşsin, onlar bir də üzə çıxacaqlar. Ta yaxalanana qədər, polis maşınında şapalaqlana-şapalaqlana bölməyə aparılanadək camaatı qorxutmaqda davam edəcəklər.
Ya da belə olacaq, o “qulyabanılar” bu işə elə burdaca son qoyub adam olacaqlar, bir daha gecənin qaranlığında maska geyinib kəndin ortasına çıxmayacaqlar. Amma gün gələcək, 15-20 ildən sonra, “qulyabanılar” orta yaşlı kişilər olanda bir dəfə kənd yeməkxanasında yeyib-içərkən ağızlarından qaçıracalar ki, o vaxt hamınızı dolayan, dəli edən biz olmuşduq, ha-ha-ha.
İndi desələr, söhbətin sonu “ha-ha-ha”yla bitməz, “ıh-ıh-ıh”la və hıçqırıq səslərinin başqa variantlarıyla bitər.
Günah isə təkcə o yaramaz “qulyabanı”larda deyil, uşaq vaxtdan “cin”, “şeytan”, “div”, “qulyabanı”, “hal” və sair fövqəlbəşərlərlə dolu nağıllarla böyüyən bizdə və bizə o nağılları danışanlardadır. Birdəfəlik bilmək lazımdır ki, dünyada “cin” və “şeytan” deyilən varlıq yoxdur. Uzun daşa (şeytana) xırda daş atmaq məsələsi isə başqa söhbətdir, inanc məsələsidir.
Paylaş: