Xəbər lenti

 

Ən böyük günah insanın xoşbəxt ola bilməməsidir. 

A. Kiarustami

 

Yollar sonsuz, yolçunun idrakının dərketmə sərhədləri sonludur. Qət etdiyi yolun ultrabənövşəyi şüalar kimi görünməyən nöqtəsinə gəlib çatan idrak imkanlarını itirir, amma yol davam edir. Yollar gerçək mənasında belə sonsuzdur, qarşısını bağlayan hava, su, quru, fəza, planet, ulduz və s. kimi fiziki sərhədlərdir. 

 

Şair-rejissor, ssenarist, prodüser, şəkillər müəllifi Abbas Kiarustami qısa vaxt ərzində uzun bir yolçuluğa çıxır. Məhşur “Gilas dadı”– “Ta`m e guillass” adlı filmində o, dilinin mürəkkəbliyi üzündən fəlsəfənin cəmiyyətə əyani ötürə bilmədiyi həyati gözəlliyin özəlliyindən bəhs edir.

Filmin qəhrəmanı intihar etmək fikrilə qan damarları kimi bir-birinə dolaşan yollarla yuxarı-aşağı hərəkət edir. Bədii soyadlı bu qəhrəman dağların arasında özünə qəbir qazıb və pul müqabilində ölümündən sonra üstünü torpaqlayacaq birini axtarır. Qarşısına çıxan ilk kəs hərbi hissəyə gedən əsgər olur. Onu maşınına götürüb yol boyu qəbrini torpaqlaması üçün dilə tutmağa çalışır, lakin əsgəri razı salmaq mümkünsüz olur. Ağayi Bədii nə qədər yalvarıb yaxarırsa, əsgər onun xahişinə əməl edə bilməyəcəyini söyləyir və vəziyyətdən çıxış yolunu qəfildən maşından düşüb hərbi hissəyə tərəf qaçmaqda görür.  

Kiarustaminin yolçuluğu beynəlmiləl, hissləri bəşəridir. “Gilas dadı” filmini seyr edən  tamaşaçıda yol boyu seyr etdiyi hadisələrə fəlsəfi baxış yaranır. Yol, müəllifə görə, həyatdır, yaşamaqdır, ümiddir, inamdır, zamana hesabatdır, etirafdır, lakin onun personajı özünü öldürmək üçün yola çıxıb və o, bir-birinin dərdini bilən adamların bir-birinin dərdini hiss etməməsindən narahatdır, yəni əzab çəkənin hisslərini başqaları orijinaldan deyil, tərcümədən yaşayır. 

Müdrik ssenaristin dünyagörüşündə millət, din, irq kimi anlayışlar yoxdur. O, hansı dəyərlərin insanlığa uyğun və hansının uyğun olmadığını tamaşaçıya sadə dil, epizodik səhnələr vasitəsilə çatdırır. 

 

Filmdə fərqli millətlərin həlli tələb olunan fərqli mürəkkəb və təcrübi şəraiti, nəzəri izahını gözləyən qeyri-müəyyənlikləri təsvir olunur. Cəmi bir saat davam edən yolçuluqda hansı mətləblərə toxunulmur, hansı haqsızlığın ictimai, siyasi qapısına baş vurulmur... 

Filmin iştirakçıları təsadüfi seçilməyib; əsgər, plastik torbalar, qablar toplayan gənc, çınqıl karxanasının  gözətçisi, tələbə və hər biri də ehtiyac içindədir. Əfqanlıların timsalında dərbədər düşmüş günahsız əfqan xalqının müsibətli mühacir həyatından bəhs edən müəllif  karlaşmış və korlaşmış dünyanın sanki qulağını, gözünü açmağa çalışır. Axı mühacirlər dünyanın hər yerində eyni həyatı yaşayır. Təkrar istehsal üçün zibilxanalardan plastik qablar toplayıb qəpik-quruş qazanmaqla ailəsinə kömək edən gəncin sosial görünüşü ürək ağrıdır. Əsgər dolanışığından razı deyil və çınqıl karxanası... 

Ağayi Bədii çınqıl hazırlayan dəzgaha baxır. Arxasını Günəşə çevirdiyindən kölgəsi   xırdalanmaq üçün yük maşınlarından tökülən daş yağmurunun yuvasına düşür. Kölgəyə baxana elə gəlir ki, daşlar Bədiinin başına yağır. Dəzgahın doğrayıb hazırladığı çınqıl xüsusi ələklər vasitəsilə həyatın rəndələdiyi adamlar kimi toz-torpaqdan ayrılır. Gördüyü səhnədən əhvalı pisləşən qəhrəman texnikanın qopardığı toz-dumanın içində torpağa çökür, amma fəhlələr  işlərini davam etdirmək üçün onu ərazidən uzaqlaşdırırlar.       

 Bədiinin müamilə etmək üçün maşına əyləşdirdiyi ikinci şəxs İranda dini təhsil alan əfqanistanlı tələbədir. Tələbə ona izah etməyə çalışır ki, insanın özünə qəsd etməsi başqasını öldürməsi kimidir. Varlığa Allah əmanəti sayılan can ancaq Onun tərəfindən geri istənilə bilər, yəni qalan bütün hallarda cana qıymaq günahdır. Ağayi Bədii kömək etmək əvəzinə tərəf-müqabilinə Qurandan misallar gətirən tələbəyə deyir: “Ən böyük günah insanın xoşbəxt ola bilməməsidir”.     

 

Yollar məqsəddən başlayır və məqsəd yoxsa, yol yoxdur, amma iradəmizdən asılı olmadan fasiləsiz qət etdiyimiz bir yol var ki, bütün yolların sonu ora çıxır. Bu, ölüm yoludur; bu yolu qarşıya məqsəd kimi qoyub şüurlu şəkildə qət etmək yolun ömrünə xəyanətdir.  

Ağayi Bədii özünü öldürmək istəyir. Onun yolu qul bazarından, zibilliklərdən, şəkil çəkdirmək istəyən xoşbəxt cütlüyün yanından, hay-küyləri dünyanı başına götürmüş uşaqların əhatəsindən, “Təbii tarix muzeyi”nin önündən və s. düşür.  O, baş verənləri sanki həyatın fövqündən təqib eləyir. Gerçək həyatda baş verən hadisələrə laqeyddir. Müraciət etdiyi heç kim onun cəsədini basdırmaq istəmir, birindən savayı...

“Təbii tarix muzeyi”nin əməkdaşı Bağeri Bədiinin təklifini dinləyib yol boyu ona həyat dərsi keçir, amma özünü öldürəcəyi təqdirdə üstünü torpaqlayacağına dair söz verir.

Bədiinin söhbət etdiyi  hər kəsə ənənəvi bir sualı var: “Hara uşağısan?” Cavablar rəngarəngdir. Kiarustamini düşündürən məsələ milliyyət yox, aqibətddir – insan aqibəti. Onun film xətti ölçüsüzdür və həmişə “əzab çəkənlərlə əzab çəkdirənlər hər yerdə eynidir” misalı qırmızı işıqla insan taleyindən keçir.

 “Təbii tarix muzeyi”nin əməkdaşı Bədiinin ölüm haqqında fikirlərini dağıtmaq üçün ona  türk şeiri oxuyur, bildirçinlər, özünü asmaq istədiyi tut ağacı haqqında söhbət aşır. O, söhbət əsnasında deyir: “Yazın öz meyvəsi var, yayın öz meyvəsi, payızın, qışın  öz meyvəsi. Heç bir ana uşağı üçün bu nemətləri yarada bilməz. O dünyadakılar istəyirlər, gəlib bu mənzərəni gözlərilə görsünlər, bu, o dünyaya hazırlaşır”. 

 Filmlərinə görə dünyanın ondan ziyadə ölkəsində yetmişdən çox mükafata layiq görülən  Abbas Kiarustaminin qəhrəmanı pessimist əhval-ruhiyyə ilə həyata qarşı çıxır. Zibillikdən plastik toplamaqla gün-güzəran keçirən gənc, vətənsiz əfqan, dolanışığından narazı əsgər nikbindir, amma ağayi Bədii cənabları bədbinlikdən ölməyə qərar verib. O, öləndən sonra qəbrinin torpaqlanması üçün pul xərcləmək, o biriləri yaşamaq üçün pul qazanmaq istəyir, lakin aralarında sövdələşmə baş tutmur. Çünki mənalı ömür sürməkdən ötrü qazanılan pulun dövriyyəsi namuslu zəhmətdən keçməlidir.   

 Pessimizm insana ən müsbət halında ətrafındakılara əziyyət vermək, ən mənfi halında intihar, sui-qəsd vəd edir və pessimist adamlar heç vaxt xoşbəxt ola bilmirlər. Abbas Kiarustami “Gilas dadı” filmində pessimizmi müalicə etməyə çalışır və müvəffəq olur.    

İstənilən sahədə istedadlı adamlar böyük layihələrə imza ata bilərlər, lakin insanın fikrini, düşüncəsini əvəz etmək, bir sözlə, insanı yenidən yaratmaq bacarığı dahilərə məxsusdur. Dahilər üçün milliyyət, məkan yox, dünya, bəşəriyyət var. Abbas Kiarustami insanı təzədən yaşamağa sövq edir və hər kəsə başa salır ki, müxtəlif bəhanələrlə yaşamaqdan can qurtarmaq olmaz, həyat necəliyindən asılı olmayaraq yaşamaq üçün verilib.    

İslami dəyərlərlə idarə olunan bir ölkədə intihar fikrinə düşmək çox təəssüf doğuran hadisədir və əlbəttə, mümkündür, amma Kiarustaminin pessimizm üzərindəki qələbəsi elə islamın qələbəsidir. Təsadüfi deyil ki, onun haqqında çəkilmiş “Kiarustaminin yolu” sənədli filmi “Nəhcul-bəlağə”dən gətirilmiş aşağıdakı sətirlərlə tamamlanır: 

 

                 Xudavəndi-aləm! 

 

          Bizə islah olunmuş yağış, 

          itaətkar bulud ver,

          Ölümə səsləyən bərkimiş (dolu)  

          və atəşin (şimşəkli) bulud vermə.

                          Amin!  

                                    

                    Nəhcul-bəlağə     

 

 Əgər çuxurda yatdığı gecə yağış əvəzinə dolu yağsaydı, yaxud onu ildırım vursaydı?! İstəsə belə, səhərə sağ çıxmağı mümkün olmayacaqdı. Deməli, Bədiini qoruyan gizli bir qüvvə varmış. Yəqin ki, onu intihar etmək fikrindən daşındıran Yaradanın nemətlərini sayıb qurtara  və Onun haqqını ödəyə bilməmək etirafıdır.  

Kiarustami yolçuluğu film dilində ayrı-ayrı hekayətlərdən bəhs edir və tamaşaçı düşünməyə məcbur olur ki, heç bir həyati çətinlik yaşamamaq üçün keçərli sayıla biməz. Deməli, intiharların səbəbi beyinləri çirkləndirən gərəksiz fikirlərə təkamül verən mühitdir və son dayanacağa yetişən insan mühitini dəyişməklə yoluna yenidən başlaya bilər. 

Unutmaq lazım deyil ki, yol ən etibarsız yoldaşdır. Çünki yolçu, bəzi müdriklər istisna olsa da, gələcəyini yolu qət etmədən görmür. Deməli, yola çıxmazdan öncə yaxşı, ya pis – bütün nəticələr araşdırılmalıdır ki, sarmaşıq dərmək istəyəndə biləyinə dolaşan ilanı zərərsizləşdirmək mümkün olsun. 

Həyat - başlanğıc ilə son arasında məsafədir. Başlanğıc ilə son iradəmizə tabe deyilsə, onlar arasındakı məsafəni yaradılanın, əlbəttə, uzatmağa gücü çatmaz, qısaltmaq istəyi nəyi dəyişəcək? Kiarustaminin nümayiş etdirdiyi bütün şəkillər ağ və qaradan ibarətdir, yəni başlanğıcın və sonun rəngi... iki böyük rəng və iki böyük qüvvə...         

Abbas Kiarustaminin məqsədi görünən və görünməyən yollar arasında vəhdət yaratmaq, insanın özünüdərk yolunu işıqlandırmaqdır. Axı o, yollar müəllifidir.

25 aprel 2017

Göyərçin




Ana səhifəyə qayıt        Baxış: 1 115          Tarix: 6-06-2017, 07:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma