Xəbər lenti

 

Oktaybr ayında Azərbaycan hökumətində köklü dəyişiklər oldu.

Əvvəlcə Baş Nazir Novruz Məmmədov tutduğu postdan azad edilərək,  2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsində çalışan Əli Əsədovla əvəzləndi.

Yeni təyin olunan Baş Nazir də Nazirlər Kabinetində kadr islahatları apararaq, İşlər müdiri Adil Əhmədovu və köməkçiləri Tofiq Sarıcalinski ilə Natiq Əzizovu tutduqları vəzifələrindən azad etdi. Əvəzində isə Hikmət Xəlilov NK-nın İşlər müdiri, Ələsgər Ələsgərov isə Baş nazirin köməkçisi təyin olundu.
Prezident İlham Əliyevin bir neçə həftə öncə hakimiyyət daxilində islahatların aparılacağı ilə bağlı verdiyi açıqlamalarının ardınca baş verən istefalar artıq ənənəyə çevrilib. 

Dövlət başçısının məlum anonsundan sonra Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş Nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov öz istəyi ilə istefa verdilər. Əli Həsənovla Hacıbala Abutalıbov istirahətə yollansalar da, Ramiz Mehdiyev AMEA-nın prezidenti postunda Akif Əlizadəni əvəzlədi. Akif Əlizadə isə öz istəyi ilə adını istefa verənlər siyahısına yazdırdı.

Daha sonra isə Vergilər Nazirliyi ləğv olundu. Nəticədə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinə birləşdirildi. Belə olan halda isə ƏMDK-nin sədri Kərəm Həsənov vəzifəsini itirmiş oldu. Buna qədər Təhsil, Vergilər naziri vəzifələrində çalışmış Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edildi. İqtisadiyyat naziri postunu tutan Şahin Mustafayev isə Baş Nazirin müavini oldu.

Bu gün isə daha iki təyinat reallaşdı. Prezidentin müvafiq sərəncamları ilə Xaçmazın 81 yaşlı  icra başçısı Şəmsəddin Xanbabayev işdən azad edilərək, 39 yaşlı Elnur Rzayevlə əvəzləndi. 38 yaşlı Anar Tağıyev isə Yevlax rayon icra başçısı postunda Qoca Səmədovun yerinə təyin olundu.

Beləliklə, oktaybr ayında baş verən islahatlar nəticəsində, ümumilikdə 10 şəxs -  Novruz Məmmədov, Hacıbala Abutalıbov, Əli Həsənov, Kərəm Həsənov, Qoca Səmədov, Şəmsəddin Xanbabayev, Akif Əlizadə, eləcə də Nazirlər Kabinetində çalışan Adil Əhmədov, Tofiq Sarıcalinski, Natiq Əzizov işlərini itirdi.

Qeyd edək ki, Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev də öz ərizəsi ilə Prezident İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib. Lakin istefanın qəbul olunub-olunmamasıyla bağlı hələlik rəsmi məlumat yoxdur. \\Qafqazinfo




Ana səhifəyə qayıt        Baxış: 494          Tarix: 31-10-2019, 20:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma