Xəbər lenti

 

Füzuli rayonunun 21 yaşayış məntəqəsinin və Cəbrayılın Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi ilə nəticələnən uğurlu Horadiz əməliyyatından 26 il keçir.

Axar.az xəbər verir ki, Horadiz əməliyyatı zamanı kəşfiyyat bölüyündə xidmət edən Əbülfət Mirzəliyev Azərtac-a müsahibəsində deyib:

"1993-cü ildə Azərbaycan Ordusunda vahid komandanlıq yox idi. Bundan istifadə edən düşmən torpaqlarımızı ələ keçirirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün silahlı qüvvələr vahid komandanlığa tabe edildi. Horadiz əməliyyatından əvvvəl bizim bölüyü təlimə apardılar. 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyev Silahlı Qüvvələrin döyüş hazırlığı ilə tanış olmaq üçün təlim düşərgəsinə gəlmişdi. O, bizim bölüyün əlbəyaxa döyüş dərsini izləyərək yüksək qiymətləndirdi. Onun əsgər və zabitlər qarşısında çıxışı hamımızda böyük ruh yüksəkliyi yaratdı. Ulu Öndər bizi qələbə qazanacağımıza inandırdı. Dedi ki, əməliyyatdan sonra bizimlə işğaldan azad ediləcək ərazilərimizdə yenidən görüşəcək. Elə də oldu, biz qələbə qazandıq və Heydər Əliyev əməliyyatdan sonra gəlib bizimlə görüşdü".

Keçmiş döyüşçü Horadiz əməliyyatının uğurlu alınmasında kəşfiyyat bölüyünün rolundan danışaraq deyib: "Əməliyyat başlamamışdan əvvəl - yanvarın 4-dən 5-nə keçən gecə cəbhə xəttini keçib düşmənin arxasında önəmli mövqedə dayandıq. Sabahısı gün ordumuzun ümumi hücumunda düşmənin köməyə gələn hissələrinə zərbələr endirdik və onun xeyli qüvvəsini məhv etdik. Beləliklə də qısa bir zamanda 22 yaşayış məntəqəsi işğaldan azad edildi".

Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Əbülfət Mirzəliyev 1992-ci ildə Vətənin müdafiəsinə yollanıb. Cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 1996-cı ildə ordu sıralarından tərxis olunub. Cəsur döyüşçü hazırda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşıdır. O, vaxtilə döyüşlər getmiş ərazilərin mina və digər hərbi sursatlardan təmizlənməsində iştirak edir.

“İnanıram ki, ordumuzun 1994-cü il Horadiz əməliyyatı və 2016-cı ilin aprel döyüşləri zamanı qazandığı qələbələrin davamı gələcək, üçrəngli bayrağımız Horadizdə, Lələtəpədə olduğu kimi, Qarabağın bütün şəhər və kəndlərində dalğalanacaq. Uğurlu Horadiz əməliyyatını təkrarlamaq üçün bu gün də yenidən döyüşə atılmağa hazıram", – deyə Əbülfət Mirzəliyev bildirib.




Ana səhifəyə qayıt        Baxış: 411          Tarix: 6-01-2020, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma