Xəbər lenti

 

Uzun ömür sürmək hər kəsin arzusu olsa da, bu, hamıya nəsib olmur. Alim və herontoloqların bu sahədə apardıqları tədqiqatlar maraqlı nəticələrə gəlməyə əsas verir. Ölkəmizdə uzunömürlük ənənəsi, sağlam və uzun ömür sürməyin fiziologiyası barədə AZƏRTAC-ın müxbiri AMEA-nın A. Qarayev adına Fiziologiya İnstitutunun uzunömürlüyün fiziologiyası şöbəsinin aparıcı elmi işçisi Sevinc Hüseynova ilə söhbət edib.
-Hələ keçmiş sovet dönəmindən ölkəmizi uzunömürlülər diyarı kimi tanınıb. Lerik sakinləri Şirəli Müslümov və Mahmud Eyvazovun adları demək olar ki, dünyada məşhur idi, -deyə tədqiqatçı söhbət açıb. - Aparılan tədqiqatlar zamanı Böyük Vətən müharibəsindən sonra da ağır aclıq, müharibə illərinə baxmayaraq Kiçik Qafqazda və Talış dağlarında yaşı 100-ü adlayan çoxlu uzunömürlü qeydə alınıb. Uzunömürlülərə daha çox Qafqazda, xüsusilə də Azərbaycan və Abxaziyada rast gəlmək olardı. Ötən əsrin 80-ci illərində aparılan beynəlxalq tədqiqatlar uzunömürlülük fenomeninin ölkəmizdə populyativ xüsusiyyət daşıdığını ortaya çıxarıb. Yəni uzunömürlü populyasiyaları həm yüksək dağlıq, həm dağətəyi, həm də aran zonalarda yayılıb.
Uzunömürlülər tədqiq olunarkən ilk növbədə onların yaş verifikasiyası aparılır. Məsələ burasındadır ki, bir çox hallarda sənədlərdə göstərilən yaşla bioloji yaş göstəricisi üst-üstə düşmür. Odur ki, bəzən müxtəlif sayt və televiziyaların yalnız sənədə istinadən yaydıqları uzunömürlülər barədə məlumatın real əsası olmur. Son üç ildə yaşı verifikasiya olunmuş ölkəmizin ən uzunömürlü sakinin Lənkəranın Gərmətük kəndində yaşayan Vəsmə Məmmədovadır və onun 105 yaşı olduğu təsdiq edilib.
Uzun ömür sürməyin bir neçə səbəbi var. Araşdırma göstərir ki, ilk növbədə onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. İkincisi, irsi faktor. Üçüncü səbəb isə ekoloji mühit və yaşam tərzidir. İrsi və ekoloji faktorlar adətən bir-birini şərtləndirir. Məsələn, uzunömürlülük ancaq qənaətbəxş ekoloji mühitdə nəsildən nəslə ötürülür və onlarda reproduktiv mərhələ xeyli uzun sürür. Məsələn, Lerik rayonunun dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən Qosmalyan kəndində yaşayan 96 yaşlı Müslüm Feyziyevin 8 yaşlı oğlu var idi.
-Sizcə uzun ömür sürməyə səbəb olan əsas amillər hansılardır?
-Həyat tərzinin, qidalanmanın da çox böyük əhəmiyyəti var. Uzunömürlülərin demək olar ki, əksəriyyəti inanclı, sinir sistemi tipinə görə sanqviniklərdir. Onların həyata özünəməxsus baxışı var. Uzunömürlülərdə ölümün qaçılmazlığına və qocalma faktoruna qarşı güclü psixoloji müdafiə güclü ozünütənzimləmə mexanizmləri olur. Demək olar ki, bütün uzunömürlülərdə orqanizm "qənaət rejimində” fəaliyyət göstərir. Onlar qədərində qidalanır, hərəkət edir, ən çox süd məhsullarından və bitki çaylarından istifadə edirlər. Tədqiq etdiyimiz uzunömürlülərdə Alsheymer xəstəliyi qeydə alınmaması onların beyin fəaliyyətinin qorunub saxlanmasından xəbər verir.
- Bu sahəyə elmi yanaşma nə vaxtdan başlanılıb?
- Uzunömürlülərin elmi tədqiqinə ötən əsrin 80-ci illərinin ortalarından başlanılıb və həmin tədqiqatlar ölkəmizin müxtəlif bölgələrində aparılıb. Uzunömürlülərin sayının artıb azalması dalğavari prosesdir. Ölkədə baş verən müəyyən hadisələr onların sayına təsirsiz ötüşmür. Məsələn, qaçqınlıq və məcburi köçkünlük ilk növbədə qocalar və uzunömürlülərə öz mənfi təsirini göstərib. Son məlumatlar isə ölkəmizdə onların sayının artdığını göstərir.
- Hesab edirsinizmi ki, əvvəlki illərlə müqayisədə indi uzunömürlülərin sayı azalıb? Əgər hesab edirsinizsə, onda bu, nə ilə əlaqədardır?
- Uzunömürlülər fenomendilər və onlarda stressə davamlılıq çox yüksək səviyyədədir. Son vaxtlar tədqiq etdiyimiz uzunömürlü kişilərin demək olar ki, əksəriyyəti Böyük Vətən müharibəsinin ilk günlərindən sonunadək döyüşənlərdir. Digər ölkələrlə müqayisədə Azərbaycanda ahıl və qocalara xüsusi münasibət var. Ağsaqqallıq institutu, ailədə onlara olan xüsusi diqqət və qayğı, ətrafdakıların hörmət və ehtiram göstərməsi də uzunömürlülüyə təsir edən əsas səbəblərdən biridir.




Ana səhifəyə qayıt        Baxış: 815          Tarix: 9-06-2017, 17:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma