Xəbər lenti

 

Çərşənbə günü ruslar yuxudan oyandıqda, çoxları ölkənin vergi xidmətinin rəhbəri Mixail Mişustinin adını belə eşitməmişdi. Lakin həmin gecə onlar yatağa girəndə, Konstitusiyaya təklif olunan dəyişikliklər və hökumətin istefaya getməsi ilə, bir sıra dramatik yenilikdən ibarət günün sonunda, Mişustin Rusiyanın yeni baş naziri təyin olunmuşdu. Bu, prezident Vladimir Putinin 2024-cü ildə Konstitusiya ilə təyin edilmiş möhlətinin başa çatması ilə hakimiyyəti xələfinə ötürməsinin ilk əlaməti idi.

Federal Şuraya illik müraciətində dördüncü və texniki baxımdan sonuncu möhlətdə prezident olan Putin bəzi səlahiyyətlərini parlament və Dövlət Şurasına paylaşdıracaq Konstitusiya islahatlarının elanını verib. Putin istefa verdikdən sonra yeni səlahiyyətli Dövlət Şurasına başçılıq edərsə, bəzi analitiklərin gözlədiyi kimi, prezident kürsüsündə xələfi olacaq hər kəs üzərində ciddi təsir sahibi ola bilər.

Baş nazir Dmitri Medvedevin istefası və kiçik güc bazasına sahib olan texnokrat Mişustin haqqında açıqlama bir çox analitikləri və Kreml müşahidəçilərini təəccübləndirib. 53 yaşlı bürokrat Rusiyanın yeni təyin olunmuş baş naziri olub və astagəl siyasi keçid dövrünə girən ölkədə Putinin “sağ əli”nə çevrilib.

 

Mişustin kimdir?

Mişustinin müvəqqəti məqam sahibi və ya varis olub-olmayacağı hələ bəlli deyil. Anonim bir şəxs olan Mişustin, ən nüfuzlu texnokratlarından biri kimi, Rusiyanın işgüzar dairələrində tanınıb və Rusiya Federal Vergi Xidmətinin rəhbəri kimi rəğbət qazanıb. İşlədiyi müddətdə o, Rusiyanın bədnam, səmərəsiz və korrupsiyalı vergi sistemini modernləşdirməyə kömək edib və 2019-cu ildə “Financial Times” profilində ona “gələcəyin vergi adamı” titulu verilib.

Putin kimi, yeni baş nazir də hokkey fanatıdır və Moskvada təhlükəsizlik xidmətlərinin rəsmiləri ilə görüşlərdə bir neçə dəfə görüntülənib.

“Bloomberg”-in məlumatına görə, Mişustin Putinlə Gecə Hokkey Liqasının üzvü kimi münasibətlər qurub, eyni zamanda, Rusiyanın Buz üzərində Hokkey Federasiyası idarə heyətinin üzvüdür. Rusiyanın maliyyə qəzeti olan “Vedomosti”yə istinadən, Mişustin tanınmış rus müğənniləri üçün bir sıra mahnı yazmış həvəskar bəstəkardır.

Evli və 3 oğul atası olan Mişustin siyasi cəhətdən boz adam kimi tanınır və karyerasının ilk günlərindən vergi yığımı ilə əlaqədar müxtəlif dövlət vəzifələrində çalışıb. Keçmiş müxalif millət vəkili Gennadi Qudkov yeni baş naziri “yeni ambisiyasız və simasız funksioner” adlandırarkən, siyasi analitik və Putinin keçmiş müşaviri Qleb Pavlovski “İnterfax”-a açıqlamasında Mişustinin, “sözün ən yaxşı mənasınada, möhtəşəm bürokrat olduğunu” söyləyib.

 

Niyə məhz o seçilib?

Putinin heç bir siyasi bazası olmayan naməlum bir qohumu seçməsi çox sayda müşahidəçinin beynini qarışdırıb. Prezidentə quyu qazmayacaq şəxsi yüksəltmək istəyi Putinin 2024-cü il yolundakı maneələri aradan qaldırmaq üçün etdiyi digər hərəkətlərə tam uyğundur.

Mişustin baş nazir vəzifəsinə Medvedevin uğursuz olduğu dövrdə, xüsusən də Kremlin qondarma milli layihələrini – Putinin 2018-ci ildə yenidən seçildikdən sonra irəli sürdüyü 400 milyard dollarlıq kütləvi dövlət xərcləmələri və infrastruktur planlarını həyata keçirmək baxımından yaxşı namizəddir. Yoxsulluq, iqtisadi genişlənmə və əhali artımı onun son prezidentlik kampaniyasının əsas hissəsi idi və hökumət indiyə qədər bu tədbirləri lazımi səviyyədə həyata keçirə bilməyib. Mişustini təyin etməklə Putin yeni baş nazirin nüfuzunu qoruya biləcəyinə və milli layihələrin nəticələr verməsi üçün Rusiya bürokratiyasını ram edəcəyinə ümidlidir.

Siyasi keçid dövründə güc bazalarını möhkəmləndirmək və ambisiyalarını təşviq etmək istəyən digər elitlərdən fərqli olaraq, Mişustin iqtisadi tərəqqini təmin etmək və s. üçün Putinin güvəndiyi yeganə seçim olaraq qalır.

 

Putinin planına o necə uyğun gəlir?

Mişustini seçməklə, Putin 2012-ci ildə prezidentliyə qayıdarkən keçmiş səhvlərindən dərs almağı və hakimiyyətdə qalmaqla, ruslara dəyişiklik təklif edir. Yanvarın 15-də Putinin “Dövlətin vəziyyəti haqqında” nitqinin böyük hissəsində rusların gündəlik həyatının yaxşılaşdırılması ilə bağlı vədlərə və tədbirlərə diqqət yetirilib və Mişustinin baş nazir seçilməsi Kremlin ölkədə yaşayış səviyyəsinin aşağı düşməsi və hökumətin mənfi ictimai rəyi ilə bağlı narahatlığını əks etdirir.

Putinin prezidentliyinin ilk günlərində populyarlığını artırmağa kömək edən artan neft qiymətləri və artan gəlirlər xeyli dərəcədə azalıb. Rusiyadakı gəlirlər 2013-cü ildəki səviyyədən hələ də aşağıdır və Qərb sanksiyaları ilə neft qiymətlərinin aşağı düşməsi ölkənin iqtisadi perspektivlərini kiçildib. Hökumətə qarşı etiraz da artıb. Keçən il 2011 və 2012-ci illərdə Putinin prezidentliyə qayıdışına qarşı nümayişlərdən bəri ölkədə ən çox davam edən küçə etirazları görünüb. Sorğu anketləri də ictimaiyyətin dövlət televiziya kanallarına inamsızlığının artdığını və Putinin populyarlığının 68 faizə endiyini təsdiqləyir. Halbuki 2018-ci ilin aprel ayında Levada Mərkəzi 82 faizlik göstərici təqdim etmişdi. Medvedev isə eyni sorğuya görə, 38 faizlik etimad reytinqi ilə baş nazir vəzifəsini tərk edib.

Aşağı profil və ölkənin geniş, ağır bürokratiyası ilə təcrübəsi sayəsində Mişustin yerinə yetirilməmiş hökumət siyasətini həyata keçirməyə və 2024-cü ilə qədər astagəl hakimiyyəti ötürmə ilə bərabər, sosial-iqtisadi narazılığı aradan qaldırmaqda Putinə kömək etməlidir. Putin Mişustinin toxunulmaz məhsuldarlığının ona kömək edəcəyini düşünür. Siyasəti həyata keçirmək və ictimai narazılıqları məhdudlaşdırmaq, bununla da Rusiya lideri üçün ən sürətli keçidi təmin etmək baxımından.

Moskva Karnegi Mərkəzinin baş elmi işçisi Andrey Kolesnikovun yazdığı kimi, Putin Mişustinin “Federal Vergi Xidmətinə bənzəyən bir ölkə: hesabatlar və yoxlamalar, təhlükəsizlik aktivləri və lazım olduqda, bütün ölkənin rəqəmsallaşdırılması”na bənzər şəkildə Rusiya iqtisadiyyatını modernləşdirəcəyinə bel bağlayır.

 

Medvedevlə nə baş verir?

Sarsıntıların bir hissəsi olaraq, baş nazir Medvedev istefa verib və bütün kabinəni istefaya göndərib. Medvedev 2008-ci ildən 2012-ci ilə qədər prezident vəzifəsini icra edib və 2012-ci ildə Putinin geri qayıtması üçün oturacağını isti saxlayıb. 2010-cu ildə “WikiLeaks” tərəfindən yayımlanan ABŞ diplomatik teleqramlarında Medvedevin “Putinin “Batman”ında Robin rolunu oynadığı” söylənib. Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini olmaqla, o, Putinin böyründə olmağa davam edəcək.

Yeni texnologiyalara meylli keçmiş hüquqşünas 2008-ci ildə prezidentliyə yüksəlməsi ilə liberallaşma ümidləri oyatmışdı, ancaq Putin taxt-taca qayıdandan bu meyllər ölüb.

Medvedevin imici son illər qeyri-populyar hökumət qərarları ilə bağlı qurbanlıq keçi və 2017-ci ildə ölkə daxilində küçə etirazlarına səbəb olan antikorrupsiya təşviqatçısı Aleksey Navalnının araşdırmalarının hədəfi olması ilə son dərəcə pisləşib.

Medvedevin istefası ilə əlaqədar Çərşənbə günü Navalnının Antikorrupsiya Fondunun müstəntiqi tvit atıb: “Dimon, hara gedirsən, səninlə işimiz hələ bitməyib”.

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 565          Tarix: 17-01-2020, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma