Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ikinci iş günündə ən qızğın müzakirələr doğuran məruzələrdən biri bu təşkilatda aparılması zəruri olan islahatlarla bilavasitə bağlılığı olan hesabat olub.
"Report" un Fransa bürosu xəbər verir ki, “Parlament Assambleyası üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığının möhkəmləndirilməsinə dəstək” haqqında 1903(2012) saylı qətnamə ilə bağlı sonrakı fəaliyyətlər” adlı bu hesabat ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov sərt çıxış edib.
O öz çıxışında illərdən bəri müəyyən qüvvələrin təsiri ilə Avropa Şurasında (AŞ) Azərbaycana qarşı daim qərəzli mövqe tutmuş bir sira deputatların adını açıq şəkildə qeyd edərək onların qanunazidd fəaliyyətlərindən danışıb.
Əvvəlcə poblemin aktullığını vurğulayan R.Hüseynov, daha sonra AŞ-da ayrı-ayrı deputatların fəaliyyətlərinin səmərəsinin artırılması üçün hansı konstruktiv addımların atıla biləcəyi ilə əlaqədar təkliflərini bildirib:
“Müzakirə etdiyimiz son dərəcə vacib mövzu ilə bağlı dərindən təhlil edilməsinə ehtiyac duyulan məqamlar çoxdur. Əslində bu çoxşaxəli və mürəkkəb bir problemdir. Mən məsələnin mahiyyətinə birbaşa aidiyyəti olan həssas bir cəhət üzərində dayanmaq, bəzi müşahidələrimi və qənaətlərimi bölüşmək istəyirəm. Qənaətimə görə, 70 yaşının astanasında Avropa Şurasının inkişafına mane olan, onun daha çevik bir təşkilat kimi fəaliyyətinə əngəl törədən məqamlar haqda biz, xüsusən, indiki böhranlı dövrdə vaxtaşırı prinsipial söhbətlər açmalıyıq. Mən üzərində ciddi düşünülməsi vacib olan bir məsələ ilə əlaqədar mülahizələrimi bildirmək istəyirəm. Hazırda müasir texnologiyalar imkan verir ki, futbol oyunlarının gedişi zamanı elə sinxron olaraq oyun ərzində hansı futbolçunun nə qədər qaçdığı, hava mübarizəsində nə qədər fəal olduğu, nə qədər faydalı ötürmə etdiyi və sair göstərici barədə məlumat əldə edilsin. Oyundan sonra isə bu statistikanın dairəsi bir qədər də genişlənir və elə sadəcə rəqəmlərin dili aydınca söyləyir ki, kim meydanda nə qədər xeyirli olub, kimin komandanın ümumi nəticəsinə faydası, yaxud faydasızlığı, yaxud da zərəri nə qədər olub. Avropa Şurası da bir komandadır və bu təşkilatın da bizim fəaliyyətlərimizdən gözlədiyi ümumi, müştərək fayda var ki, bu da ən əvvəl demokratiyaya, insan haqlarına xidmətdir. Parlament Assambleyasında isə rəsmən yalnız bir statistika aparılır ki, sessiya ərzində hansı deputat səsvermələrdə daha fəal iştirak edib. Lakin deputatların fəaliyyəti ilə bağlı daha önəmli ola biləcək digər statistika və təhlil təəssüf ki, aparılmır. Avropa Şurası Parlament Assambleyasının üzvü olaraq hər kəsin öz şəxsi, ya hansısa qrup maraqlarına deyil, Avropa Şurası prinsipləri və tələblərinə xidmət göstərməsi lazımdır”.
Rafael Hüseynov daha sonra vaxtilə AŞ-nin üzvü olmuş və Azərbaycana zidd fəaliyyətləri ilə seçilmiş, eyni zamanda hazırda Parlament Assambleyasında işləyən və eyni yolu davam etdirən, həmçinin elə həmin iclasda iştirak edən bir sıra deputatların adlarını açıqca bəyan edərək, onları Avropa Şurasının, demokratiyanın tələblərinə deyil, ayrı-ayrı qrupların məxfi maraqlarına xidmət göstərməkdə ittiham edib:
“Gəlin faktlara müraciət edək. Avropa Şurasında 600-dən artıq deputat fəaliyyət göstərir. Bizdə, Azərbaycanda əhali onların əksəriyyətinin adını bilməsə də, heç bəlkə öz ölkələrində də çoxlarının tanımadığı bir neçə deputatı yaxşı tanıyır. Azərbaycanda məsələn, Maykl Astrup Yensen (Danimarka), Rene Ruke (Fransa), Fransua Roşeblan (Fransa), Frank Şvabe (Almaniya), Ənn Brasör (Lüksemburq), Tini Koks (Hollandiya), Piter Omziq (Hollandiya) və digərlərinin adları məşhurdur. Niyə? Çünki elə gözəyarı statistika göstərir ki, onlar illərdir ki, daim Azərbaycan mövzusunda çıxış edirlər. Çıxış edib nə deyirlər? Həmişə Azərbaycana qarşı kəskin tənqidi fikirlər söyləyirlər. Bunu Azərbaycanı çox sevdiklərinə görə, demokratik dəyərlərə bu qədər aşıq olduqlarına görəmi edirlər? Təəssüf ki, yox. Əgər bu insanlar həqiqətən Azərbaycanın həll olunmalı problemlərindən narahatlıq hissi keçirsəydilər, Azərbaycan vətəndaşlarının daha gözəl bir cəmiyyətdə yaşamasını səmimiyyətlə arzulasaydılar, əgər həqiqi demokrat olsaydılar, heç olmazsa bircə dəfə Azərbaycanın düçar olduğu əsas problemdən, ölkənin işğala uğramasından bəhs edərdilər? Niyə onlar bircə dəfə Azərbaycanın 1 milyon insanının qaçqın və məcburi köçkün olmasından bəhs etməyiblər, bu haqda gedən müzakirələrdə bircə dəfə də çıxış etməyiblər? Niyə bircə dəfə də olsa, Azərbaycana aid hansısa müsbət fikri dilə gətirməyiblər? Demək, Azərbacana daim qara eynəklə baxan, Azərbaycana hansısa köməklik, xeyirxahlıq göstəmək ağıllarına belə gəlməyən bu şəxslər səmimiyyətdən uzaqdırlar, əsl demokrat adlana bizlməzlər. Onlar hansısa məchul gücləri və dairələri təmin edən sistemli, düşünülmüş riyakar bir siyasət yürüdür, ardıcıl olaraq anti-Azərbaycan xətti aparırlar. Onda sual olunur: niyə, nə məqsədlə? Bu tapşırığı onlara kim verir, hansı dairələr onları yönləndirir? Əgər onları vicdanları yönləndirsəydi, əlbəttə ki, heç olmazsa zahiri görünüş naminə bircə dəfə də olsa Azərbaycanın dərdlərindən də söz açardılar. Etməyiblər, etmirlər. Və bu qəbil şəxslərə Azərbaycanda müxtəlif siyasi qüvvələrin, iqtidarı təmsil edənlərin də, müxalifətdə olanların da münasibəti eynidir – onlar Azərbaycanın dostları deyillər. Daha artıq – barışmaz və sifarişli bədxahlarıdırlar”.
AŞPA-dakı bu arzuolunmaz təmayül barədə fikirlərini yekunlaşdıran Rafael Hüseynov daha qorxulu cəhətin ədalətsiz, qərəzkar, asanlıqla qaraya ağ, ağa qara deməyə pərgar bu qəbil deputataların Assambleyada qruplar, dəstələr halında birləşmələrinin olduğunu bildirib. Azərbaycan nümayəndəsi belə halları hər kəsin müşahidə edə bilməsi üçün sadəcə, ötən illərin stenoqramlarını qaldıraraq bəlli deputatların çıxışlarının mətnlərini izləməyin yetərli olduğunu diqqətə çatdırıb:
“Belə deputatlar Assambleyada ayrı-ayrı qruplar şəklində mövcuddurlarsa, bu daha təhlükəlidir, təşkilatın adına, nüfuzuna, prinsiplərinə zərbədir. Siyasi qruplar və komitələrdəki çıxışları qoyaq bir kənara, plenar iclaslardakı illər üzrə bütün stenoqramlar ortadadır. Açın, ölkələr üzrə mövqeləri izləyin, təkrarlanan adlara və mövqelərə baxın, mənzərini aydın təsəvvür edin, mələk maskaları ardında gizlənmiş əsl simaları görün. Əsl demokratlarla demokratiya kuklalarının fərqini müşahidə elədikcə düşünün ki, Avropa Şurasını bir siyasi və insani bəla olan bu mütəşəkkil riyakarlıqdan xilas etməkçün hansı kardinal arddımlar atılmalıdır”.
Paylaş: