“Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edən irimiqyaslı iqtisadi layihələrin başa çatması baxımından 2017-2018-ci illər tarixə böyük hərflərlə yazılacaq və yaddaşlarda əbədi qalacaq”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü Bakı-Tbilisi-Qars dəmir yolu və Cənubi Qafqaz Qaz Boru Kəməri ilə bağlı jurnalistlərə müsahibəsində söyləyib.
Səfir deyib: “Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar yola salınacaq. Amma yük və sərnişin qatarlarının intensiv hərəkəti 2018-ci ildən başlayacaq. Bununla yanaşı, gələn ilin birinci yarısında Türkiyə yeni saziş əsasında Gürcüstandan keçməklə Azərbaycandan təbii qaz almağa başlayacaq. Birinci mərhələdə 6 milyard kubmetr qaz ala biləcəyik. Amma nəzərdə tutulmuş digər kəmərlərin inşası başa çatdıqdan sonra alacağımız təbii qazın həcmi 16 milyard kubmetrə çatacaq”.
“İllər keçəcək tarixçilər bu iqtisadi layihələrin əhəmiyyətindən danışacaq və 2017-2018-ci illəri yada salacaqlar”, - deyə səfir vurğulayıb.
Diplomat daha sonra deyib: “Hələ 90-cı illərdə neft və qaz kəmərləri layihələri barədə söhbət gedəndə çoxları buna inanmırdı. Hətta bu ideyaya istehza ilə gülənlər də var idi. Amma biz, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərini çəkdik və xəyallar gerçək oldu”.
“Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı dostluğumuz, strateji tərəfdaşlığımız indi elə yüksək səviyyəyə çatıb ki, bu həm bizə, həm də bütün dünyaya fayda gətirəcək”, - deyə, Z.L.Gümrükçü vurğulayıb.
Paylaş: