Xəbər lenti

 Hamburqda G20 sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü baş tutarsa, bu, elə də ciddi nəticələrlə müşayiət olunmayacaq.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki,  bu sözləri  sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Vaşinqton-Moskva gərginliyinin uzun müddət səngiməyəcəyi qənaətindədir:

“G20 dövlətlərinin zirvə toplantısı çox mühüm hadisədir. Burada dünya iqtisadiyyatı ilə yanaşı, dünya siyasətinin aktual problemləri də müzakirə edilir. Sammitdə Trampla Putinin görüşü nəzərdə tutulur. Əslində, bu görüşdən ciddi nəticələr gözləmirəm. Çünki bu hazırlanmamış bir görüşdür və rəsmi xarakter daşımır, tərəflər sadəcə olaraq bir neçə dəqiqəlik fikir alış-verişində olacaqlar. Hazırda Rusiya-ABŞ münasibətləri çox gərgindir və hər keçən gün daha da pisləşir. ABŞ Konqresi Şimali Koreya hadisələri ilə əlaqədar Rusiyanın bir sıra limanlarında kəşfiyyat işləri görür. Ona görə də uzağı yarım saatlıq bir görüşdə bu problemlərin hamısını müzakirə edib ortaq məxrəcə gəlmək mümkün olmayacaq”.

Politoloqun sözlərinə görə, tərəflər bu görüşdə bir-birinə mehriban münasibət sərgiləyə və gələcək fundamental görüşlərin bünövrəsini qoya bilərlər:

“Ancaq buna qədər Rusiyanın təklənməsi prosesi daha da güclənəcək. Çünki Avropanın inkişaf etmiş ölkələri Rusiyanın hazırkı siyasətindən narazıdırlar və bunun qarşısını almaq üçün sanksiya siyasətini davam etdirirlər. Bir sözlə, məsələlər o qədər mürəkkəbdir ki, G20 sammitində nələrəsə nail olmaq barədə düşünmək hələ tezdir. Bu sammit ABŞ-Rusiya münasibətlərinin yaxşılaşmasında hər hansı bir kardinal dəyişikliyə səbəb olmayacaq”.

Qeyd edək ki, iyulda Hamburqda keçiriləcək G20 sammitində ABŞ və Rusiya prezidentlərinin görüşünü istisna etməyən Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvanın bu görüşə ciddi hazırlıq gördüyünü bildirib.




Ana səhifəyə qayıt        Baxış: 866          Tarix: 9-05-2017, 09:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma