“Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır”.
Bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan video həqiqəti əks etdirmir: “Nümayiş etdirilən kadrlar Azərbaycan ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib. Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.
Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.
Paylaş: