Əbdülbari Atvan
“Ray əl-Youm” (Böyük Britaniya)
ABŞ prezidenti Donald Tramp 14 noyabr tarixini İrana qarşı boğucu iqtisadi sanksiyaların başlayacağı gün elan edib və bu müddətdə ən bariz cəhd Tehrandan neft alınmasının dayandırılmasıdır. Bir çox Avropa və Asiya ölkəsinin sanksiya tələblərinə əməl etməsi mümkündür, lakin Çin, Hindistan və Rusiya kimi güclü ölkələr sərt tədbirlərin əleyhinədir.
Bu sanksiyalara qarşı ən becid təpki və müxalifət Türkiyə rəhbərliyindən gəlib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sözçüsü İbrahim Kalın öz şərhində gələn il ölkəsinə təslim ediləcək Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri ilə bağlı sazişdən geri çəkilmək üçün ABŞ təhdidləri qarşısında əsla təslim olmayacağını bildirib.
Bundan əlavə, Kalın İrandan neft idxalını dayandırmağa yönəlik ABŞ sanksiyalarına əməl edilməyəcəyini və Ankaranın öz iqtisadi maraqları çərçivəsində hərəkət edəcəyini bildirərək, İranın Türkiyə üçün əhəmiyyətli iqtisadi ortaq və qonşu olduğunu vurğulayıb.
Bəzi asiyalı və avropalı ölkələr Türkiyədən nümunə götürüb, İrandan neft almağa davam edə bilər. Xüsusilə, İranda ən böyük neft müştərisi olan və gündəlik 600 min barel neft idxal edən Çinin eyni şəkildə hərəkət etməsi mümkündür. 450 min barel ilə Hindistan, 250 min barellə Cənubi Koreya və 200 min barellə Türkiyə ardıcıl olaraq İranın ən böyük ikinci, üçüncü və dördüncü neft müştəriləri sayılır.
Burada maraqlı olan məsələ İtaliya (gündəlik 180 min barel), Fransa (110 min barel), Yunanıstan (100 min barel) və İspaniyanın (70 min barel) İrandan neft idxal edib-etməyəcəyidir.
Bu arada, neft ixrac edən ölkələrdən biri olan və gündəlik təxminən 3 milyon barel neft satan BƏƏ də İrandan hər gün 100 min barel neft alır.
İranın ən böyük neft alıcısı olan Çin, ABŞ təhdidləri ilə əlaqədar narahatlıqlarını ifadə edib. Görəsən, bu ölkə Türkiyə kimi sanksiyalara qarşı çıxacaq, yoxsa ABŞ-la geniş miqyaslı ticarət əlaqələrini qorumaq üçün təhdidlər qarşısında təslim olacaq?
ABŞ-ın, Səudiyyə Ərəbistanı başda olmaqla, ərəb müttəfiqləri “koz”larını İrana tətbiq olunan neft sanksiyasından sonra bazarındakı boşluğu doldurmaq naminə istifadə edir. Səudiyyə Ərəbistanının enerji naziri Xalid Falih bununla bağlı deyib ki, ölkəsi öhdəliyi yerinə yetirməyə hazırdır.
Küveyt müharibəsindən sonra ABŞ-ın İraq əleyhinə tətbiq etdiyi sanksiyalar zamanı Səudiyyə Ərəbistanı gündəlik 4 milyon barel neft ixracında İraq payını da özünə götürmüşdü.
Şübhəsiz, Türkiyə ilə ABŞ əlaqələri getdikcə gərginləşir. Bu da təkcə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hökumətinin Rusiyadan “S-400” raket sistemini alması ilə əlaqədar Amerikanın təhdidlərinə qarşı çıxması və ya İrandan neft almağa davam etmə qərarı ilə deyil, həm də ABŞ-ın PYD və YPG-ni maliyyələşdirməsi və Fətullah Gülənə dəstək vermək və ekstradisiya etməyi rədd etməklə bağlıdır.
Türkiyə ABŞ-NATO ilə əlaqələrinə çox da meyl göstərmir, şimaldan Rusiyaya, şərqdən İraq, İran, Çin və Hindistana doğru hərəkət edir; o, İranın əhəmiyyətli iqtisadi ortağıdır və iki ölkənin illik ticarət həcmi 11 milyard dollara çatır, üstəlik tərəflər gələcək dörd ildə qarşılıqlı ticarət dövriyyəsini 35 milyard dollara qədər artırmaq barədə razılığa gəlib.
Kalının İranın Türkiyənin əhəmiyyətli ortağı olduğuna dair cümləsi də ehtimal ki, bu məqsədə işarədir.
Fransa, İtaliya və Almaniya başda olmaqla, Aİ ölkələri daim Tehranla nüvə razılaşmasına sadiq olduqlarını elan etməklə yanaşı, Tehrandan neft alınması və bu idxal üçün lazım olan ödənişləri dollar yerinə avro ilə həyata keçirmək vurğusu edirlər. Ancaq fransız neft firması “Total” və avtomobil nəhəngi “Peugeot” şirkəti ABŞ-ın sanksiyalarından qorunmaq məqsədi ilə İran bazarında çəkilmək üçün ilk addımı atıb.
Donald Tramp bütün dünyada qeyri-sabitlik və düşmən yaratmaqda çox təcrübəlidir. İrana qarşı sanksiyalar bu həqiqətin başqa bir sübutudur. Bununla belə, bu şantaj hətta əks təsir göstərə bilər. Ərdoğan Türkiyəsi də ABŞ-a qırmızı kart göstərmək və müxalifət cəbhəsinə liderlik etməkdə öncül olacaqmı, bunu Allah bilir.
Tərcümə: Strateq.az
Paylaş: