Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Eurasianet.org” portalında dərc olunan məqaləyə cavab verib.
XİN-dən “Report”a verilən məlumata görə, “Eurasianet.org” portalında avqustun 5-də jurnalist Joşua Küçeranın müəllifi olduğu “Ermənilər üçün buralar işğal olunan ərazilər deyil, vətəndir” adlı məqalə dərc edilib. Sözügedən məqalə ilə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Eurasianet.org” portalının redaktoruna mətbuat azadlığı və qarşı tərəfin də mövqeyinə hörmət prinsiplərini əsas tutaraq, cavab yazısı göndərsə də, redaksiya bunu dərc etməkdən imtina edib.
H.Hacıyevin sözügedən məqalə və Kəlbəcərin işğalı ilə əlaqədar cavab yazısında deyilir:
“Mən sizə 6 avqust tarixində “Eurasianet.org”un jurnalisti Coşua Kuçeranın müəllifi olduğu “Ermənilər üçün o işğal edilmiş deyil, vətəndir” adlı məqaləsi ilə əlaqədar yazıram. Məqalə Azərbaycanın Kəlbəcər rayonunun işğalından bəhs etsə də, orada yalnız bir tərəfin fikirləri əks olunub və Kəlbəcərin işğalının real mənzərini təqdim etmir.
Başqasının əmlakını zor yolu ilə oğurlamaq və sonradan onu özününkü adlandırmaq soyğunçuluqdur. Bunun başqa adı yoxdur. Bu kimi soyğunçuluq əməlinə bəraət qazandırmaq isə utancverici və ifrat qeyri-mənəvi addımdır.
Azərbaycanın Kəlbəcər rayonu Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin tərkib hissəsi olaraq 1993-cü ilin aprelində işğal edilib. Bu il Kəlbəcərin faciəvi işğalının 25 illiyidir. Kəlbəcər Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşir. Kəlbəcərin işğalı məqsədi ilə hücum əməliyyatı ağır silahlar, Mi-24 helikopterləri və döyüş təyyarələri istifadə edilməklə əsasən Ermənistan ərazisindən həyata keçirilib. İşğal nəticəsində Kəlbəcərin 60.000 nəfərdən çox sakini etnik təmizləməyə məruz qalıb. Kəlbəcərin işğalı nəticə etibarilə Ermənistanın işğalçı tərəf kimi müharibədə öz rolunu inkar etməsinə əsaslı şəkildə son qoydu.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu kimi qeyri-qanuni əməllər beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır.
BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiq edib və ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. BMT TŞ-nın qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə Ağdam, Cəbrayıl, Qubadlı, Fizulu və Zəngilanı işğal etdi. Bunlar açıq şəkildə göstərir ki, Ermənistanın əsl xisləti güc vasitəsilə ərazilərin işğalı olub və bu şəkildə qalmaqda davam edir.
Ermənistan beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını və Əlavə Protokolları kobud şəkildə pozaraq, işğal edilmiş Kəlbəcər və digər ərazilərin demoqrafik və etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək üçün erməni əsilli şəxsləri bu torpaqlarda yerləşdirməyə çalışır. Ermənistanın həmçinin, şübhəli ofşor şirkətləri cəlb edərək aqressiv formada Kəlbəcərin mineral, o cümlədən qızıl resurslarını talan edir. Bu qəbildən olan qeyri-qanuni əməllər Cenevrə Konvensiyaları və Əlavə Protokollara görə hərbi cinayətlər hesab olunur.
Arxeologiya və etnoqrafiya elminin ən adi qaydalarına zidd olaraq, əldəqayırma erməni tarixçilər tarixi, o cümlədən Kəlbəcərdə yerləşən Qafqaz Albaniyasının xristian irsini saxtalaşdıraraq Kəlbəcəri erməni torpağı kimi təqdim etməyə çalışırlar. İstehza doğuran hal odur ki, bəzi fərdi hallar istisna olmaqla, ermənilər heç vaxt icma kimi Kəlbəcərdə yaşamayıblar. Ermənistan və erməni diaspora dairələrinin bütün ciddi cəhdlərinə baxmayaraq, Kəlbəcər şəhərində yalnız bir neçə yüz adam yaşayır və ya yaşamağa səy göstərir. Səbəb çox sadədir. Çünki Kəlbəcər işğal olunmuş ərazidir, onların torpağı deyildir.
Məqalədə iqtibas olunan və 2000-ci ildə Kəlbəcərə gələn Aleksandr Kananyandan fərqli olaraq soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə anadan olub və 2014-cü ildə ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. Hal-hazırda 70.000 nəfərdən artıq saylı olan Kəlbəcər sakinləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayırlar. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş 16 yaşlı Turanə Həsənlinin ailəsi kimi minlərlə kəlbəcərli doğma Kəlbəcərə qayıtmağı və öz əmlaklarına sahib durmaq anını gözləyir.
Məqalədə iqtibas olunan və qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Yelena Mxtaryanın isə bütün müsəlmanları təhqir edən və müsəlman qadınlarını terroçu kimi təqdim edən açıqlaması qəbuledilməzdir və rasist bir yanaşmadır. Ermənistan-Azərbaycan münaqişəsi dini elementlər yoxdur. Azərbaycan zəngin multikulturalizm ənənələrinə malik dünyəvi və inklusiv ölkədir. Bu sırf ərazi münaqişəsidir. Ermənistan güc yolu ilə Azərbaycan ərazilərini işğal edib. Bütün siyasi, hüquqi və mənəvi arqumentlərdən məhrum olan Ermənistan tərəfi indi din amilini ortaya ataraq bu yolla öz işğalçı siyasətinə bəzi qərb dairələrinə bəraət qazandırmaq istəyir. Yelena Mxtaryana xatırlatmaq istərdim ki, Kəlbəcərdə olduğu kimi, başqasının torpağını işğal etmək, mülki insanları etnik təmizləməyə məruz qoymaq və əmlakını talamaq əsl terrordur.
Azərbaycan heç zaman öz ərazilərinin işğalı ilə barışmayacaq. Ermənistanın sabiq prezidenti Serj Sarqsyan rejimi bu reallığı anlamadı. Ermənistanın yeni hakimiyyəti nəhayət başa düşməlidir ki, münaqişənin davamlı və uzunmüddətli siyasi həllinə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Bunu etməklə Ermənistanın yeni hakimiyyəti yalnız sözdə deyil, əməldə sülhə və Ermənistanın beynəlxalq öhdəliklərinə sadiq olduğunu sübut etmək imkanı qazana bilər. Əks təqdirdə, bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
Hər bir dövlət kimi, Azərbaycan Respublikası da beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək üçün BMT nizamnaməsində təsbit olunmuş ayrılmaz özünü müdafiə hüququndan istifadə etmək haqqını özündə saxlayır”.
Paylaş: