Sergey Markedonov,
“Eurasia. Expert”
Rusiya prezidenti və digər yüksək vəzifəli rəsmilərin Azərbaycana baş tutan səfərləri nəinki bu ölkələrin ikitərəfli münasibətləri kontekstində diqqət çəkir, adətən, onlar Ermənistana baş tutan analoji səfərlərlə müqayisədə nəzərdən keçirilir.
İki Zaqafqaziya respublikası artıq uzun illərdir Dağlıq Qarabağ uğrunda mübarizə aparır. Moskvanın mövqeyi nəinki Bakı və İrəvanda, eyni zamanda Vaşinqton və Brüsseldə də sülh prosesində, həlledici olmasa da, kifayət qədər əhəmiyyətli mövqe hesab edilir.
Həm erməni, həm azərbaycanlı siyasətçilər Rusiya nümayəndələrinin Zaqafqaziyadakı vəziyyətlə bağlı bəyanatlarını və tərəflərin imzaladığı sazişləri qısqanclıqla izləyirlər.
Vladimir Putinin bu yaxınlarda baş tutan Bakı səfəri bu fonda nə ilə fərqlənir?
İlk növbədə Rusiya və Azərbaycan prezidentlərinin əlaqə intensivliyini qeyd etmək lazımdır. Əgər təkcə ikitərəfli danışıqlar formatını nəzərə alsaq, onda sentyabrda Putin və Əliyev iki dəfə görüşüb. İlk baxışda, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya dövlət başçısının diqqətsizliyindən şikayətlənməsi çətindir. Baş nazir postuna təyin edildikdən sonra Paşinyan rusiyalı liderlə üç dəfə görüşüb (daha bir dəfə Sankt-Peterburqda Rusiya Federasiyası Hökumət Aparatının sədri Dmitri Medvedyevlə görüş keçirib). Moskvada son səfərin yekunlarına dair Putinin İrəvana səfəri barədə razılıq əldə edilib. Lakin hələlik konkret tarix bildirilmir, Rusiya prezidenti və Ermənistanın baş nazirinin Düşənbədə keçirilən MDB ölkələrinin sammitində baş tutan görüşündə isə bu mövzu müzakirə edilməyib.
Ermənistandakı “məxməri inqilabı”n səbəb və nəticələri ilə bağlı fikir ayrılığı yaşayan ekspertlər, adətən, bir məsələdə həmfikirdirlər ki, Ermənistandakı daxili siyasi dəyişikliklər Moskvanın narahatlığına səbəb olur.
Rusiya xarici işlər naziri Sergey Lavrov da oxşar mövqe sərgiləyib. Azərbaycan istiqamətində isə son vaxtlar heç bir “narahatlıq” gözə çarpmır. Əksinə, Moskva və Bakı ikitərəfli iqtisadi münasibətlərdə müsbət irəliləyişi qeyd edir və Xəzərin statusu haqqında Konvensiyanın imzalanması kimi ümumi uğur hekayəsindən bəhs edirlər. Halbuki bu uğuru digər üç iştirakçı (Qazaxıstan, İran və Türkmənistan) ilə də bölüşmək lazımdır.
Bundan başqa, sentyabrın 1-i Putin və Əliyevin Soçi danışıqları ərəfəsində KİV-də Azərbaycanın KTMT-yə mümkün üzvlük perspektivləri aktiv şəkildə müzakirə edilib. Bu fonda belə bir sual meydana çıxır: Rusiya-Azərbaycan münasibətlərindəki intensivlik Moskvanın prioritetlərində dəyişikliyin baş verdiyini göstərir? Bunu Rusiyanın xarici siyasi dönüşünün başlanğıcı, ya da ən azından əvvəlki mövqeyinin təftişi kimi şərh etmək olarmı?
Geosiyasi dönüşlər olmadan
Yuxarıda qeyd edilən suallara cavabların taktiki və strateji ölçüsü var. Birinci halda Soçi və Bakı danışıqlarının gündəliyinə nəzər yetirməmiz və Dağlıq Qarabağ mövzusunun bu görüşlərdə əsas yer tutmadığını qeydə almağımız kifayətdir. Üstəlik, münaqişənin həllinin tezləşdirilməsinə, danışıqların sürətləndirilməsinə dair hər hansı müraciət edilməyib, konkret plan təklif edilməyib, müzakirə olunmayıb.Əksinə, sosial-iqtisadi süjetlərin üstünlüyü göz qabağındadır.
Əliyev Rusiya-Azərbaycan regionlararası forumunda çıxışı zamanı xüsusilə qeyd edib ki, “Rusiya Azərbaycan üçün qeyri-neft sahəsində məhsullarımızın idxalında və ixracında bir nömrəli tərəfdaşdır”. Milli iqtisadiyyatın diversifikasiyası bir neçə ildir Bakı üçün prioritet tapşırıqdır. Qərb tərəfdən sanksiya təzyiqinin artdığı bir şəraitdə Moskva Avrasiyada müxtəlif tərəfdaşlarla əlaqələrin genişləndirilməsində maraqlıdır. Özü də təkcə inteqrasiya birlikləri formatında deyil, eyni zamanda ikitərəfli əsasda.Məncə, Dağlıq Qarabağ mövzusuna toxunmamaq təsadüfi deyil. Çox vaxt Rusiya-Azərbaycan, eləcə də Rusiya-Ermənistan münasibətlərinin gətirildiyi bu mövzunun dar çərçivəsindən çıxmaq Moskva üçün çox vacibdir.
İkitərəfli münasibətlərin gündəliyinin mürəkkəbləşdirilməsi mümkün böhran hallarında deskalasiya arqumenti kimi tərəfdaşlığa marağı istifadə etmək üçün müəyyən”ipucu” tapmağa kömək edəcək.
Bu zaman nəzərə almaq lazımdır ki, Bakıda Moskvanı necə qiymətləndirirlərsə qiymətləndirsinlər, iki ölkənin gələcək yaxınlığına mane olacaq çox məsələ var. Və burada söhbət ayrı-ayrı görüşlərdən, danışıqlardan deyil, strategiyadan gedir. Azərbaycanın xarici siyasi kursu, prinsipcə, maraqların balansına və inteqrasiya layihələrinə sərt bağlılıqdan imtinaya əsaslanıb. Bakıda ikitərəfli münasibətlər modelinə üstünlük verilir. Belə bir model nəinki Rusiya, ilk növbədə Türkiyə, habelə İran, İsrail və ABŞ nümunəsində də özünü doğruldub. Yuxarıda qeyd edilən ölkələr arasında münasibətlər kifayət qədər mürəkkəb olsa da, onların hamısı Azərbaycana, Azərbaycan da onlara maraq göstərir. Çətin ki, bu xətti nəyləsə sındırmaq mümkün olsun. Ona görə Bakı “əsrin müqaviləsini” və Qərbin enerji nəhəngləri ilə strateji tərəfdaşlığını yenidən nəzərdən keçirməyəcək, eyni zamanda “qoşulmamaq” kursundan imtina etməyəcək.
Bu baxımdan Zaqafqaziyada geosiyasi dönüşlər barədə müzakirə predmeti yoxdur. Moskva İrəvanla bağlı hansı əndişəsini səsləndirirsə səsləndirsin, başa düşür ki, sabahkı dönüşün bəxş edəcəyi qeyri-müəyyən “faydaların” müqabilində Ermənistanla bugünkü strateji ittifaqdan imtina etmək strateji cəhətdən əhəmiyyətli Avrasiya regionunda Rusiyanın mövqeyini möhkəmlətməyəcək. Özü də belə bir dönüşü təsəvvür etsək belə, onun Bakı-Ankara (Türkiyə isə NATO-nun mühüm üzvüdür) alyansının prinsipial təftişinə və ya “əsrin müqaviləsi”nin “Rosneft”, ya da “Qazprom” ilə nəzəri “minilliyin müqaviləsi”nin xeyrinə nəzərdən keçirilməsinə gətirib çıxaracağı gözlənilmir.
Niyə balanslaşdırma qaçılmazdır?
Yox, əgər belədirsə, onda növbəti sual meydana çıxır: əgər Ermənistanın strateji müttəfiq olduğu, Azərbaycanın isə sovet diplomatı və eksperti Gennadi Gerasimovun uğurlu metaforundan istifadə edərək “Sinatra doktrinası”na əməl etdiyi, yəni öz xarici siyasi yolu ilə irəlilədiyi aydındırsa, onda Bakı və İrəvan arasında bu qədər çətin tarazlıq Moskvanın nəyinə gərəkdir?
Əlbəttə, rus silahlarının Dağlıq Qarabağla bağlı öz planlarını heç zaman gizlətməyən, nəzəri cəhətdən gələcəkdə deyil, artıq bu gün Ermənistanla silahlı insidentə cəlb edilən ölkəyə – Azərbaycana tədarük problemi birinci yerə çıxır.
Sadalanan bütün arqumentlər doğrudur. Lakin yaddan çıxartmaq lazım deyil ki, istənilən halda Ermənistan Rusiya üçün qiymətlidir, rəsmi Azərbaycan Rusiyada rəqib görmür.
Bəli, Azərbaycan ictimaiyyəti daxilində müxtəlif mövqelər, o cümlədən Moskvaya qarşı kəskin tənqidlər səslənir, amma ölkə rəhbərliyi Rusiyanı “aqressiv imperiya” kimi nəzərdən keçirmir, əskinə, onda Qarabağ probleminin əsas mediatorunu və etibarlı tərəfdaş görürlər.
Aydındır ki, öz əlinlə özünə yeni düşmən yaratmaq düzgün olmaz (özü də Türkiyə ilə əlaqələrini nəzərə alsaq). Abxaziya və Cənubi Osetiyanı tanıdıqdan sonra Gürcüstana təsirini itirən Moskva Dağıstan bölgəsində və Xəzər dənizində ümumi sərhədə malik olduğu Azərbaycanda oxşar ssenarinin təkrarlanmasına yol verə bilməz.
Yox, əgər Rusiyadan silah tədarükündən danışmaq gərəkirsə, onda bu silahlar Azərbaycana ümumi idxalın sadəcə beşdə bir hissəsini təşkil edir. Bu bazarda isə Rusiya ilə yanaşı, Türkiyə, Ukrayna və İsrail də mühüm rol oynayır. Xəzəryanı respublikanın iqtisadi vəziyyəti elədir ki, silah idxal edən digər mənbələrlə problemi yaranmır. Üstəlik, Rusiya 2006-cı ildən Azərbaycana silah tədarük edir. Və “dördgünlük müharibə” zamanı gərginliyin eksklüziv mənbəyini bu silahlarda görmək məsələni bəsitləşdirmək olardı.
Qarabağa görə qisas almaq ideyası 2016-cı ildən əvvəl də rəsmi Azərbaycanın diskursunun bir hissəsi olub. Rusiya Azərbaycana silah tədarük etmədiyi dövrlərdə də belə bir ideya mövcud olub.
Digər məsələ: tədarük edilən silahların nomenklaturası, həmçinin hərbi-texniki formata da aid edilən Rusiya-Ermənistan kooperasiyalarına yeni təkanlar.
Yeri gəlmişkən, Ermənistanla münasibətlərində də Moskvanın Qarabağ çərçivəsi ilə məhdudlaşmaması çox vacibdir. Əks təqdirdə, əsasən süni şəkildə yaradılmış “rus silahı” “yüksək Avropa standartlarına” qarşı dilemması güclənəcək ki, bu da heç cürə Moskva və İrəvan arasında ikitərəfli strateji münasibətlərin möhkəmlənməsinə yardım etməyəcək.
(Xpressa.net)
Paylaş: