Xəbər lenti

Ermənistan prezidenti Serj Sarkisyan yenidən İran prezidenti seçilən Həsən Ruhaninin avqustun 5-də keçiriləcək inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək. Ermənistan mediasının məlumatına görə, Sarkisyan İrana səfəri işgüzar xarakter daşıyır və o, məzuniyyətini yarımçıq kəsərək Tehrana gedəcək.

Bu səfər andiçmə mərasimində iştirak məqsədi daşısa da, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin Soçi görüşü fonunda diqqət çəkir.

Ermənistan-Rusiya münasibətlərində ciddi böhran müşahidə edilir. Xüsusilə Azərbaycanın Rusiyadan aldığı ağır hərbi texnikanın iki partiyasının bu yaxınlarda Bakıya gətirilməsi İrəvanda narazılığa səbəb oldu. Lakin İrəvan rəsmi şəkildə narazılıq bildirməkdən çəkinir, əvəzində, erməni mediası məsələnin üzərinə ciddi şəkildə gedir.

İyulun 21-də keçirilən Soçi görüşü isə Bakı-Moskva münasibətlərinə yeni stimul verdi. Bu, həm də İrəvanın “Azərbaycan və Rusiya arasından “qara pişik” keçib” arqumentlərinin alt-üst olmasıdır. Hesab etmək olar ki, Sarkisyan İrana səfər etməklə Moskva qarşısında manevr edir.
Rusiya və İran bir çox məsələdə, xüsusilə Suriya münaqişəsində müttəfiq kimi davranır. Lakin Tehran və Moskvanın Cənubi Qafqaz bölgəsində maraqlarının daim toqquşduğu faktı unudulmamalıdır. Bu baxımdan, İran Ermənistan üçün yumşaq manevr etmək imkanı baxımından yaxşı alternativdir. Çünki Qərbə doğru üz çevirmək sərt gediş olar, bunu cəzası da ağır olardı.

Səfərin hansı nəticələri ola bilər?

Prinsip etibarilə, səfərdən ciddi nələrsə gözləmək mümkün deyil.

Birincisi, səfər andiçmə mərasimində iştirak məqsədi daşıyır. Sarkisyan bununla həm İrana yaxınlığını göstərir, Ruhani ilə qarşıdakı dövrdə də yaxşı işləməyi planlaşdırır, həm də Rusiyaya yumşaq mesaj göndərir.

İkincisi, hər şey adi mesajdan o tərəfə keçməyəcək. Çünki İranın istəklərinə baxmayaraq, Ermənistan Tehranın bir çox təklifindən imtina edib. Misal üçün, İran Fars körfəzindən Ermənistana dəhlizin açılmasını təklif etmişdi, İrəvan bu nəzakətlə təklifi geri çevirdi, hərçənd, bunu Ermənistanın blokadadan çıxması üçün əla fürsət hesab etmək olardı. Təbii ki, əsas səbəb Rusiya qorxusudur.

Qarabağ qorxusu

Lakin ortada başqa detal da var. Bu ilin payızında Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyadan görüşü gözlənilir. Rusiyanın təşəbbüsü ilə keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə substantiv (ərazilərin qaytarılmasını nəzərdə tutan real danışıqlar) müzakirələr aparılacaq. Əslində bu, Ermənistan üçün son şans ola bilər, əks təqdirdə, bölgədə ciddi toqquşmalar başlanacaq. Toqquşmaların olmasını istəməyən Rusiya Ermənistanı “geri çəkilməyə” məcbur edə bilər. Son günlər Ermənistan mediası da İrəvanda görüşlə bağlı ciddi narahatlıqların olduğunu yazır. Rusiyada gözlənilən görüşə erməni ekspertlərin “Rusiya-Azərbaycan-Ermənistan formatında keçirilən istənilən görüş Ermənistanın ziyanınadır” açıqlamaları fonunda da baxa bilərik.

Hesab etmək olar ki, İrəvan bu görüşə Rusiyanın qarşısında “əli güclü” getmək istəyir. Ötən həftə Ermənistanda ABŞ-a simpatiya nümayişi və NATO ilə münasibətlərə dair çağırışların fəallaşması da təsadüfi deyildi. Görünür, İran səfəri Sarkisyanın Putinin qarşısına qoymaq istədiyi ikinci “kozır” olacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 249          Tarix: 25-07-2017, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma