Xəbər lenti

«Mingəçevirdə baş vermiş bir qəzaya görə ölkənin enerji təhlükəsizliyini sual altına qoymaq düzgün olmazdı. Bu, obyektivlikdən çox-çox uzaqdır. İstənilən sistem qəzadan sığortalanmayıb».

«Azərenerji» ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın Azərbaycanın elektrik şəbəkəsinin müasir tələblərə cavab verməməsi haqda yazdıqlarını şərh edərkən söyləyib.

«Mən ümumiyyətlə, hörmətli səfirin dediklərinə fikir bildirmək, aydınlıq gətirmək istəmirəm. Bu, subyektiv fikirlərdir. Bununla belə, «Azərenerji»nin mövqeyini çatdırıram ki, qayğılanmağa əsas yoxdur» Y.Babanlı əlavə edib.

Xatırladaq ki, bu il iyulun 3-də Mingəçevirdə Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkənin böyük hissəsi saatlarla elektriksiz qalmışdı. Bunun ardınca günün sonunda daha bir qəza baş vermişdi. O zaman iş gününün sonu olduğundan yüzlərlə insan metrostansiya tunellərində qalmışdı.

«Azərenerji» hadisəni isti havada elektrik enerjisinə tələbatın artması ilə izah etsə də, bu açıqlama ölkə başçısı tərəfindən qəbul edilməmişdi. Bundan sonra dövlət komissiyası yaradılmışdı və komissiya iki ay sonra nəticələri prezidentə təqdim etmişdi. Həmin rəy tam şəkildə ictimaiyyətə açıqlanmamışdı. Prezident «Azərenerji» ASC rəhbərini işdən çıxarmış, hökumət enerji sahəsində islahatların aparılacağını bəyan etmişdi.

«Azərenerji»: «Bu, böyük nöqsan idi»

«Doğrudur, Mingəçevirdə çox ciddi qəza baş vermişdi. Bu, böyük nöqsan idi. Amma bu qəzanın enerji təhlükəsizliyinə birbaşa aidiyyəti yoxdur», – Y.Babanlı deyib. O, bu sahədə «fundamental» işlər görüldüyünü də qeyd edir:

«Son 15 ildə görülən genişmiqyaslı, fundamental tədbirlər nəticəsində ölkənin enerji təhlükəsizliyi qarantiya altına alınıb. Sistemdaxili hər hansı qüsur, nöqsan var idi, ancaq bununla bağlı konkret qərarlar qəbul edilib. O cümlədən reabilitasiya planı təsdiqlənib. Yaxın gələcəkdə ölkənin enerji infrastrukturu köklü şəkildə yenilənəcək, müasirləşdiriləcək. Ona görə də, qayğılanmağa dəyməz. Biz dövlətik. Dövlət başçımızın mövqeyi var ortada. Görülən işlər göz qabağındadır».

Y.Babanlı ölkənin enerji sisteminin yeni, keyfiyyət mərhələsinə qədəm qoyduğunu bildirir. O, keçmiş səfirin yazdığı kimi, ölkənin enerji sisteminin mühafizə sahəsində problem olmadığını da qeyd edir: «Yaydakı qəzanın mühafizə ilə əlaqəsi yoxdur. Yarımstansiyanın özünün daxilində mühafizə sistemi var və onlar da yeni avadanlıqlarla təchiz edilir».

Noyabrın 14-də “Azadlıq” radiosuna açıqlama verən energetika nazirinin müşaviri, nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva da elektrik stansiyalarındakı qəzalara infrastrukturun köhnə olmasını səbəb göstərmişdi: «Hər bir stansiyada vəziyyət araşdırılır. Hər birində fərqli problem var. Bəzilərində infrastruktur köhnəlib, bəzilərində qoyuluş gücü ilə istehsal gücü arasında böyük fərq var. Görüləcək tədbirlər müəyyənləşdirilib. Reallaşdırılması yönündə işlər gedir».

Hökumətin ünvanına səsləndirilən tənqidlərlə bağlı Energetika Nazirliyinin rəsmisi cavab olaraq demişdi ki, enerji sektorunda böyük islahatlar aparılır və islahatlar infrastrukturun yenilənməsinə yönəlib.

Keçmiş səfir İT və telekommunikasiya sahəsindəki problemlərə də toxunub. R.Sekuta Azərbaycanda elektrik şəbəkələri kimi, İT və telekommunikasiya sistemlərinin də həm köhnəldiyini, hazırkı tələbatlara cavab vermədiyini, həm də xarici təsirlərə, müdaxilələrə açıq olduğunu yazır.

O, Amerikanın təhlil mərkəzlərinin Cənubi Qafqaz və Mərkəzi Asiya respublikalarında vacib infrastrukturların mühafizəsini araşdırdığını bildirir. Bu haqda keçmiş səfir Amerikadakı Xəzər Siyasi Mərkəzinin saytındakı məqaləsində məlumat verir.

R.Sekutanın İT və telekommunikasiya sahəsi haqqında dedikləri ilə bağlı  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bununla bağlı sualları məqalə ilə tanış olduqdan sonra cavablandıracaqlarını deyiblər.

Amerikalı diplomatsa yazır: «Vacib infrastrukturun mühafizəsi bu sistemlərin qurulması qədər vacibdir, amma çox vaxt bu infrastruktur sistemlərinin mühafizə və ya bərpası işləri ya təxirə salınır, ya maliyyələşdirilmir, ya da ümumiyyətlə, diqqətdən kənar qalır».

Bu ilin iyulunda Azərbaycanın elektrik şəbəkəsində yaranan qəzaya toxunan keçmiş səfir bildirir ki, bu sahədə boşluqlar siyasi çaxnaşmalara da gətirib çıxara bilər.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 317          Tarix: 30-11-2018, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma