Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edən Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədr müavini, deputat Konstantin Zatulinin Azərbaycan tərəfinin Rusiyaya nota verməsi ilə bağlı yaydığı bəyanata münasibət bildirib.
Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumatda deyilib ki, Azərbaycan Rusiya əlaqələri o qədər möhkəm və konstruktivdir ki, bu münasibətlərə ziyan vurmaq cəhdləri uğursuzluğa məhkumdur.
Bildirilib ki, səfirlik Zatulinin mətbuat xidmətinin yaydığı bəyanatla diqqətlə tanış olub: “Həmin bəyanatda Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə verilən nota isterik kampaniyanın pik nöqtəsi adlandırılıb. Diqqətinizə çatdırırıq ki, cənab Zatulinin "isterik kampaniya" adlandırdığı nota onun uzun illərdən bəri tutduğu vəzifədən istifadə edərək Azərbaycanla Rusiya arasındakı yüksək səviyyəli əməkdaşlığa zərər vurmaq məqsədi ilə apardığı destruktiv fəaliyyətə son qoymasına çağırış etməkdən başqa bir şey deyil. Konstantin Zatulinin diqqətinə çatdırırıq ki, bu əlaqələr o qədər möhkəm və konstruktivdir ki, Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurmaq cəhdləri uğursuzluğa məhkumdur”.
Səfirlik humanitar niyyətlər adı altında özünü "sülh bələdçisi" kimi göstərməyə çalışan Zatulini 30 ildən çoxdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, Xocalı soyqırımında və digər müharibə cinayətlərində günahkarların cəzalandırılmasına diqqət yönəltməyə çağırıb: "Rusiyalı deputatın mətbuat xidməti tərəfindən gətirilən əsassız arqumentlərə gəlincə, səfirlik deputatın münaqişənin ədalətli həlli ilə bağlı verdiyi açıqlamalara dair dəqiq cavabın olmaması səbəbindən Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib. Yəqin ki, Zatulinin özündən başqa bu həqiqət hamıya çoxdan məlumdur. Yalnız Azərbaycan deyil, bütün dünya ictimaiyyəti, o cümlədən Rusiya da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin nə olduğunu yaxşı bilir. Üstəlik, bir daha təkrar edirik ki, guya “sülh xəbərçisi” olan Konstantin Zatulin rəsmi şəxs kimi, hakim partiyanın üzvü və parlamentdəki bir nümayəndəsi olmaqla, Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın rəsmi mövqeyinə riayət etməyə borcludur, hansı ki bu mövqeyi o deyil, Rusiyanın rəhbərliyi müəyyənləşdirir. Səfirliyin notasında qeyd olunan söz və niyyətləri təhrif etməklə açıq-aşkar təqdim etmək cəhdləri onun qərəzli mövqeyinin təzahüründən başqa bir şey deyil. Biz Rusiya Federasiyasının rəsmi mövqeyindən çıxış edirik və Rusiya Xarici İşlər Nazirliyinin diplomatik notalarına əsaslanırıq. Təbii ki, Konstantin Zatulinin öz şəxsi mövqeyini erməni dostları və havadarları ilə bölüşmək hüququ var və yəqin ki, bu, rəhbərlik etdiyi MDB ölkələri İnstitunun yeməkxanasında baş verir. Bununla belə, bir deputatın Azərbaycan qanunvericiliyini pozaraq işğal olunmuş ərazilərə səfər etməsi, separatçı tədbirlərdə iştirakı tamamilə yolverilməzdir. Bu həm də cənab Zatulinin özünün statusu və nüfuzuna zərbə vurur. ABŞ və Avropa ölkələrinin nümayəndələrinin işğal altındakı Azərbaycan ərazisində keçirilən tədbirdə iştirakına və Azərbaycanın buna reaksiyasına gəldikdə isə, bildiririk ki, bu ölkələrdəki səfirliklərimiz tərəfindən müvafiq tədbirlər görülür. Eyni zamanda, qeyd etmək istərdik ki, bölgədəki əsas ölkə və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyadan gözləntilər kifayət qədər böyükdür və buna görə də rusiyalı millət vəkilinin bu kimi tədbirlərdə iştirakına reaksiya da buna müvafiqdir”.
Paylaş: