Xəbər lenti

 
İrəvanda İranla Ermənistan arasında Naxçıvan dəmiryolu dəhlizinin açılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
 
Ovqat.com-un məlumatına görə, İranın Yol və Səhərsalma nazirinin müavini Səid Rasuli bunu bildirib.
 
Onun sözlərinə görə, regionda baş verən son hadisələri, eləcə də Ermənistanla Azərbaycan arasında baş verən sülhü nəzərə alaraq, Culfadan Naxçıvana, oradan isə Yerevan, Tbilisi və Moskvaya dəmir yolu yüklərinin daşınması variantı gündəlikdədir: “Biz bu yolu Rusiya tərəfi ilə bir neçə görüşdə, eləcə də Ermənistan hakimiyyəti ilə müzakirə etmişik”.
 
O, 6 maddədən ibarət sənədin imzalandığını bəyan edib və bildirib ki, bu memorandumda hər iki ölkə İrandan Rusiya və Avropaya gedən dəmir yolu şəbəkəsi ilə yüklərin daşınması sahəsində əməkdaşlıq etmək əzmində olduqlarını ortaya qoyublar.
 
Rəsulinin iddiasına görə, sənəddə hər iki tərəfin digər nəqliyyat marşrutları yüklərinin dəmir yollarına cəlb edilməsi üçün əllərindən gələni edəcəkləri qeyd olunur. "Hindistandan bütün yüklər Rusiyaya və geriyə dənizlə daşınır. Amma İran vasitəsilə dəmir yolu marşrutu vaxta qənaət edir və qiymətdə də dəniz marşrutu ilə rəqabət apara bilər”, - deyə İran rəsmisi əlavə edib.
 
Rasulinin iddiasına görə, memoranduma logistika mərkəzləri ilə bağlı bəndlər də daxil edilib və tərəflər müştərilərə, maraqlı qeyri-hökumət tərəflərə, şirkətlərə və s. məlumat verirlər: “Bu sənəd Fars körfəzindən Qara dənizə dəmir yolu çəkmək üçün yaxşı bir başlanğıcdır. Rusiyanın Yollar nazirinin müavini ilə telefon danışığında bu məsələ Rusiya ilə apardığımız digər müzakirələrlə birlikdə qaldırılmışdır və onlar da bu aksiyanı dəstəkləmişlər”.


 
O, ümid etdiyini bildirib ki, bu səylər tezliklə Şimal-Cənub dəhlizində dəmir yolu daşımaları marşrutunun aktivləşdirilməsinə və İran torpağının müstəsna imkanlarından və ölkədə xüsusi geosiyasi vəziyyətdən istifadə olunmasına gətirib çıxaracaq.
 
Qeyd edək ki, Azərbaycan Ermənistandan bütün kommunikasiya xətlərinin açılmasını tələb edir, bunun hüquqi bazası kimi 10 noyabr 2020-ci il tarixində imzalanmış 3 tərəfli bəyanatı göstərir. Ermənistan isə həmin bəyanatda yalnız dəmiryolunun açılmasının nəzərdə tutulduğunu bildirirək, öz öhdəliklərindən boyun qaçırır. İran Yol və Şəhərsalma Nazirliyinin rəsmisinin açıqlamasına görə, Tehranla İrəvan arasında bağlanan anlaşma memorandumu da məhz dəmiryolunun açılmasını və Naxçıvandan onlara dəhliz verilməsini nəzərdə tutur. Onun sözlərinə inansaq, Rusiya da bu təşəbbüsə xeyir-dua verib. Belə çıxır ki, Rusiyanın xeyir-duası ilə İran və Ermənistan arasında bağlanan sənəddə qalib tərəf kimi masaya oturub bəyanat imzalayan Azərbaycanın və onun strateji müttəfiq Türkiyənin mövqeyi nəzərə alınmır. Sözsüz ki, belə bir məntiqə əsaslanan müqavilə Azərbaycan tərəfindən də qəbul oluna bilməz.
 
Xatırladaq ki, 44 günlük müharibədən bir müddət sonra İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif regional səfərlərə start vermiş, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyədə mühüm görüşlər keçirmişdi. Səfərin sonunda isə o, Naxçıvana gəlmiş və Muxtar Respublikanın dəmir yolu potensialı ilə maraqlanmışdı. Belə çıxır ki, məqsəd bu memorandumun imzalanması idi. 
 
Zərifin son Bakı və İrəvan səfərindən sonra İranın Yol və Şəhərsalma Nazirliyi rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi heç də yaxşı təəssürat yaratmır və rəsmi Bakı yaranan bir sıra suallara aydınlıq gətirməlidir. Ən əsas isə bu suala: Zəngəzur maşın yolu dəhlizi açılacaqmı?
 
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 811          Tarix: 26-05-2021, 20:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma