Xəbər lenti
MUSULMANS EN FRANCE, Fransa
13.07.2021


Müəllif: Soltan Məmmədov (Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri)
Azərbaycan-Fransa əlaqələrinin tarixi onların iqtisadi və geosiyasi maraqlarının bir çox sahədə üst-üstə düşdüyünü təsdiqləyən faktlarla zəngindir. Məhz bu səbəbdən, Fransa səfiri Azərbaycanda rəsmən fəaliyyətə başlayan ikinci diplomat olub.

1993-cu ildə Azərbaycan prezidenti seçilmiş Heydər Əliyev ilk rəsmi səfərini Fransaya etmişdi. 2003-cü ildə dövlət başçısı seçilmiş İlham Əliyevin də ilk xarici və rəsmi səfəri Fransaya olub. Bununla belə, son aylar baş verənlər göstərir ki, Bakı-Paris münasibətləri tarixinin heç də yaxşı günlərini yaşamır. Fransanın Ermənistanla Azərbaycan arasında ötən ilin sonlarında baş vermis müharibə zamanı və ondan sonra tutduğu mövqe Azərbaycan ictimaiyyətində haqlı olaraq çoxsaylı suallar doğurub. İnsanlar bu suallara hələ də aydın və detallı cavab tapa bilmir.

Azərbaycanda anlayırlar ki, Fransanın Cənubi Qafqazda həm geosiyasi, həm də iqtisadi mənada böyük maraqları var. Avropanın aparıcı dövləti fəal siyasi fəaliyyət həyata keçirdiyi bölgədə baş verən ciddi hadisələrdən, xüsusilə silahlı toqquşmalardan xəbərsiz ola bilməz. Amma böyük dövlətin siyasəti həm ciddi praqmatik hesablamalara, həm də ölkənin milli maraqlarının bütün komponentləri nəzərə alan konseptual yanaşmaya əsaslanmalıdır. Məsələn, tarixən bölgəyə bağlı və coğrafi cəhətdən yaxın olan, ona Fransadan daha çox təsir gücünə malik Rusiya 44 günlük hərbi əməliyyatlar dövründə neytral mövqeyini mümkün qədər qoruyub saxlamağa çalışıb. O, tərəflərdən hər hansına açıq dəstək ifadə etməyib. Məhz bu səbəbdən, Ermənistanın mövqeyinə birmənalı dəstək verən yüksək səviyyəli fransız rəsmilərin bəyanatları Azərbaycanda təəccüblə qarşılanıb.

Artıq qeyd etdiyim kimi, Azərbaycanın iki prezidenti ilk rəsmi səfərlərini Fransaya ediblər. Bu ciddi siyasi jest Bakının Fransaya verdiyi önəmin, ikitərəfli münasibətlərdə dərin etimadın nümayişi idi. Müstəqillik illərində Azərbaycan daim Fransa ilə əlaqələri inkişaf etdirməyə çalışıb, Paris də öz növbəsində, iki xalqın yaxınlaşması üçün səylər göstərib. Bu, iki ölkənin siyasi və iqtisadi maraqlarının üst-üstə düşdüyünü də nümayiş etdirir.

Odur ki, Bakı Parisin müharibə zamanı və ondan sonra Ermənistana birmənalı dəstəyini Azərbaycan-Fransa münasibətlərinin ruhuna zidd saymaqda haqlıdır.

Fransa Azərbaycanda daim dost ölkə kimi qiymətləndirilib. Azərbaycanda 59 fransız şirkətinin fəaliyyət göstərməsi bunun təsdiqidir. Fransız şirkətlərinin Azərbaycana yatırdıqları investisiyanın həcmi 2 milyard dollardan çoxdur. Azərbaycan isə öz növbəsində, Fransa iqtisadiyyatına 2,6 milyard dollardan çox investisiya qoyub. Azərbaycanın “Azerspace-1” və “Azerspace-2” peykləri orbitə Fransa ilə əməkdaşlıq çərçivəsində göndərilib. Hətta 2020-ci ildə pandemiyanın ciddi məhdudiyyətlərə səbəb olduğu zamanda belə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təqribən 400 milyon dollar olub. Bu göstəricilərə görə Azərbaycan regionun bir çox ölkəsini geridə qoyur. Odur ki, Bakının dostlarından ən azı daha sadiq münasibət gözləmək haqqı var.

Məsələnin bir də beynəlxalq hüquq və tarixi ədalət tərəfi var. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, o cümlədən Fransa tanıyır. Ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı beynəlxalq hüquqda təsdiqlənmiş fundamental prinsiplərdir. Ölkəmiz BMT-yə Sovet dövründə mövcud olmuş sərhədləri ilə qəbul edilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də Sovet İttifaqı illərində rəsmən Azərbaycan ərazisi olub. Odur ki, Fransa Respublikasının yüksək səviyyəli rəsmilərinin bəyanatlarının, Fransa parlamentinin iki palatasında qəbul edilmiş qətnamələrin beynəlxalq hüquqa, tarixi ədalətə zidd olduğunu deyənlər reallığa istinad edirlər. Azərbaycanın Qarabağ məsələsi ilə bağlı mövqeyi məhz beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır…

Üçüncü məsələ Fransanın regiondakı siyasi mövqeyi ilə bağlıdır. Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Rəsmi Paris tərəfindən Ermənistanın mövqeyinin birtərəfli qaydada müdafiə edilməsi onun Minsk qrupunun həmsədri kimi öhdəliklərinə uyğun deyil. Bu, Azərbaycan tərəfində Parisin qərəzsizliyinə və obyektivliyinə şübhə yaradır.
Bundan başqa, Fransa hökuməti və parlamentariləri Yerevandan minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsini də tələb etmir. Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən döyüşlərin dayandırılması ilə əlaqədar 2020-ci il noyabrın 10-da bəyanatın imzalanmasından bu yana həmin minalar 24 Azərbaycan vətəndaşının ölümünə, 100-dən çox insanın yaralanmasına səbəb olub. Bu, Fransanın mövqenin mənfi nəticəsi də sayıla bilər. Belə bir vəziyyətdə ATƏT-in Minsk qrupunun münaqişəni həlli cəhdlərinin 30 il ərzində nəticə verməməsi təəccüblü deyil.

Bundan başqa, Fransanın tərəflərdən birinə davamlı və xüsusi dəstəyi Azərbaycanla Ermənistan arasında münasibətləri bərpasına, etimad mühitinin yaradılmasına və davamlı sülhün saxlanılmasına da kömək etmir. Əksinə, bu dəstək emosiyaları daha da artırır. Azərbaycanda haqlı olaraq hesab edirlər ki, Paris postmünaqişə dövründə sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səylərə töhfə vermək istəyirsə, ATƏT-in Minsk qrupunun həmsədri kimi, neytrallığını, hər iki tərəflə yaxşı əlaqələri qoruyub saxlamalıdır. Çox həssas bölgə olan Cənubi Qafqazda sülhü təmin etmək, əməkdaşlıq mühiti yaratmaq üçün bu, vacibdir.

Azərbaycan Fransa ilə əlaqələrin inkişafında maraqlı olduğunu hər zaman konkret əməllərlə göstərib. Əlbəttə, biz Fransada güclü erməni lobbisinin olduğunu yaxşı bilirik. Lakin eyni zamanda, düşünürük ki, Fransanın Cənubi Qafqazda tarixi, geosiyasi və iqtisadi amillərə əsaslanan maraqlarına yalnız lobbiçilik fəaliyyəti bu qədər ciddi təsir göstərə bilməz. Azərbaycanla Fransanı təkcə siyasi və iqtisadi maraqlar birləşdirmir. Ölkələrimiz arasında uzun tarixi olan dostluq və əməkdaşlıq var. Bu gün Azərbaycanın 338 məktəb və 7 universitetində fransız dili tədris olunur. O, Azərbaycanda ingilis və rus dillərindən sonra geniş tədris olunan üçüncü dildir. Burada 2014-cü ildən Bakı Fransız Liseyi, 2016-cı ildən isə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyət göstərir. Bakı Slavyan Universitetində isə Fransız Mərkəzi yaradılıb.
İkitərəfli mədəni əlaqələrin yüksək səviyyədə olduğunu göstərən daha bir fakt Azərbaycanın Heydər Əliyev Fondu vasitəsilə Fransanın müxtəlif bölgələrində bir çox kilsənin bərpasında iştirakıdır. Azərbaycan Parisdəki Luvr Muzeyində İslam incəsənətinə həsr edilmiş yeni zalların yaradılmasına töhfə verib, Notr-Dam Kilsəsinin təmirinə maliyyə dəstəyi göstərib, Strasburq Kafedral Kilsəsinin XIV əsrə aid vitrinlərinin, Versal Sarayının parkındakı “Amazonka”nın və “Qulpları maral balasının başları ilə bəzədilmiş vaza”nın bərpasını həyata keçirib. Azərbaycanın 14 şəhəri ilə Fransanın 12 şəhəri və bir əyaləti arasında qardaşlıq, dostluq və əməkdaşlıq xartiyaları imzalanıb.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan Bakıya 2021-ci il yanvarın 26-da etdiyi səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə birgə mədəni tədbirlərin keçirilməsi ilə bağlı təkliflər irəli sürüb. Azərbaycan bu təşəbbüsü alqışlayıb. Bakıda hesab edirlər ki, bu, münasibətlərdə tərəfdaşlıq ruhunun bərpası baxımından zəruridir.

Ümid edirik ki, ikitərəfli əlaqələrimizi ləkələyən problemləri həll edə biləcək, gələcəyə baxaraq Cənubi Qafqazda sülh, təhlükəsizlik, sabitlik və tərəqqini təmin etmək üçün səylərimizi birləşdirməyə nail olacağıq. Bu, həm Azərbaycan və Fransa xalqlarının, həm də regionun bütün ölkələrinin marağına uyğundur. Buna nail olmağın ən yaxşı yolu isə bütün açıq sualları birlikdə müzakirə etməkdir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: MUSULMANS EN FRANCE


Ana səhifəyə qayıt        Baxış: 4 293          Tarix: 13-07-2021, 12:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma