Xəbər lenti


Prezident İlham Əliyev 14 iyulda, Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki tarixi çıxışı ilə sanki ürəyimizə su səpdi. Təsadüfi deyil ki, indi bu çıxış ətrafında müzakirələr təkcə Azərbaycanda aparılmır.

44 günlük müharibədən sonra Prezident Əliyevin hər bir kəlməsini sərf-nəzər edən Ermənistanda, həmçinin dünyanın aparıcı paytaxtlarında da geniş müzakirəyə səbəb olan tarixi mesajlar, səslənən xəbərdarlıqlar. Çünki artıq aksiomadır: Əliyev heç nəyi təsadüfən demir...
Bu yerdə qeyd edim ki, tarixi həqiqətlərin əks olunduğu tarixi çıxış üçün seçildiyi günün özü də tarixi məna kəsb edirdi. 14 iyul mərhum prezident Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümü idi. Və həmin gün İlham Əliyev şəhid ailələri və qazilərlə görüşü zamanı hər birimizin ürəyindən xəbər verən, düşmənin və onun havadarlarınınsa ürəyini dəlib keçən sərrast fikirlər söylədi. Sitat: “Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Tarixi sənədlər, xəritələr göstərir sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda ərazi iddiası ilə çıxış etdiyimizi deyirlər: Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Bütün kommunikasiyalar açılandan sonra Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə!”.

Yuxarıda qeyd etdiyim kimi, tarix əbəs yerə seçilməmişdi. Şuşa zəfərindən Şəhidlər Xiyabanından xalqa qələbə müjdəsi verərkən “Mən xoşbəxt oğulam ki, Şuşada atamın vəsiyyətini yerinə yetirdim, deyən İlham Əliyev kim bilir ürəyində millətimiz və dövlətimiz naminə daha hansı xoş arzu-istəkləri daşıyır? Bəlkə daha bir vəsiyyət var, bu dəfə Qarakilsə, cənab Prezidentin baba yurdu ilə bağlı... Mən tam əminəm ki, “Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur”, bəyanatı elə-belə səslənmədi, həm də ata Əliyevlə bağlı əlamətdar tarixdə. Təsadüfi deyil ki, düşmən dərhal duyuq düşdü, məhz bu çıxışdan sonra David Babayan adlı birisi “Heydər Əliyev Zəngəzurda doğulubsa, bu, o demək deyil ki, Zəngəzur Azərbaycanındır”, kimi bəsit reaksiya verdi. Qorxurlar, “ilan vuran ala çatıdan qorxan kimi”. Amma artıq ox yaydan çıxıb, hədəf geniş auditoriyaya – bütün dünya azərbaycanlılarına, diasporamıza, diplomatik heyətə, müvafiq qurumlara göstərildi. Hamımız qarabağlı olduq, şükürlər olsun, torpaqlarımızı azad etdik. İndi zəngəzurlu, göyçəli, irəvanlı olmaq vədəsidir.
Lakin bu məsələdə diqqətli olmağımızda fayda var. Qərbi Zəngəzura qayıdışımız, bu istiqamətdə apardığımız təbliğat heç də ərazi iddiası kimi təqdim olunmamalıdır biz tərəfdən! Bu cür təqdimatdan əleyhimizə istifadə edə bilərlər...Dövlətimizin başçısı da konkret tarixə istinad edir. Sitat: “Tarixi sənədlər, xəritələr göstərir sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl”. Bəli, müstəqil Azərbaycanın prezidenti bütün dünyaya bəyan edir ki, ötən əsrin arxiv sənədlərini qaldırın, baxın, onda görəcəksiniz Qarabağ söhbəti bir yana qalsın, heç Ermənistan adlanan qondarma dövlətin də yerləşdiyi ərazilərə tarixi bağlılığı yoxdur.

Kəsəsi, bu, Azərbaycan Demokratik Respublikasının sərhədlərinin bərpa olunması istiqamətində atılmalı olan addımdır. Təbii ki, biz bununla varislik prinsipinə istinad edirik, Azərbaycan Respublikası ADR-in hüquqi varisidir, birinci respublikamızın ərazisi isə indiki kimi, 86,6 min kv.km yox, 114 min kv.km olub. İnanmayanlar Paris Sülh Konfransının 1920-ci il 11 yanvar tarixli arxiv sənədlərinə baxsınlar. (1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında 114 min kv.km-lik əraziyə sahib olan Azərbaycanı de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu) Yenə də şübhə edənlər Zəngəzurun ermənilərə verilməsindən bəhs edən manşet (!) yazını Fransanın paytaxtı Parisdə nəşr olunan “L’Œuvre” qəzetinin 1921-ci il yanvar tarixli nömrəsindən oxuya bilər. Ermənilərin “bacı”sı da tarixi həqiqəti yazıb, manşetdən tirajlayıb!
Bir də ki, 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında konkret yazılıb: Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.
Ermənilər Türkiyə və Azərbaycana qarşı şablon, saxta iddialarından əl götürməsələr, heç şübhəsiz ərazi iddiası da olacaq: 1918-ci ilin 29 mayında ermənilərə siyasi mərkəz olaraq verilən İrəvan şəhərilə bağlı...

Bu günlərdə iki ölkə arasında sərhədlərlə bağlı cəfəng iddialar səsləndirənlər üçün kifayət qədər mənbələr var, əgər onları maraqlandırısa... 1920-ci ilin sənədlərindəErmənistan – Azərbaycan sərhədi aşağıdakı kimi təsvir edilirdi: “Azərbaycan ilə Ermənistanın sərhədi Sürməli qəzasının keçmiş inzibati sərhədi ilə Araz çayına qədər gedir, İrəvan qəzasının Ağamazlı, Baş Gərni və İmirzin kəndlərindən keçir və sonra Yeni Bəyazid və Şərur-Dərələyəz qəzalarının sərhədləri ilə gedir, sonra Göyçə gölü üzrə dönür, Gözəldərə kəndi Ermənistana keçir, Daşkənd və Basarkeçər kəndləri isə Azərbaycanda qalır. Sərhəd Göyçə gölünü tən yarı bölür və sonra Gəncə və İrəvan quberniyalarının sərhədləri ilə gedir, burada Çubuqlu kəndi Ermənistana keçir, Göyçə gölünün bütün şərq sahili Azərbaycanda qalır. Bu sərhədin əsasında Azərbaycan ərazisinə bütün Gəncə quberniyası və İrəvan quberniyasının bütün Sürməli, Naxçıvan və ŞərurDərələyəz qəzaları, həmçinin İrəvan qəzasının cənub hissəsi Kəmərli, Böyük Vedi, Davalı və Yeni Bəyazidin şərq hissəsi keçir”. Tam aydın dillə yazılı, hətta bolşevik işğalından sonrakı aylarda. Göyçə gölündən keçir sərhədimiz! Bu gün Ermənistan Qaragöl davası etməklə intihar gününü yaxınlaşdırır! 44 günlük Vətən Müharibəsi günlərində belə, Azərbaycan tarixini xarici auditoriyaya belə öyrədən, “Kürəkçay” müqaviləsindən üzü bəri tarixi həqiqətləri beynəlxalq ictimaiyyətə çatdıran Prezident Əliyev də konkret tarixi dəlillərə istinad edir, erməniləri havalandıran budur!

Bəli, Zəngəzurun Şərqi varsa, Qərbi də var, dövlətimizin başçısı bunu açıq mətnlə bəyan etdi. Erməni tərəf ötən həftələrdən – Azərbaycan Prezidenti Qarabağ və Şərbi Zəngəzur iqtisadi zonalarının yaradılması barədə tarixi Sərəncam imzalayan gündən aqoniya vəziyyətindədirlər. Onlar da bu həqiqəti sezmişdilər: “Zəngəzurun Şərqi varsa, demək Qərbi də var”- deyib də, ağalarından kömək gözləyirlər neçə gündür... Zəngəzurla bağlı məsələlər o qədər açıq-aydındır ki. 1920-ci il dekabrın 1-də Azərbaycana rəhbərlik etmiş Nəriman Nərimanovun Zəngəzurun Ermənistana güzəşti ilə bağlı bəyanatından bir gün sonra S.Orconikidze Bakıdan Lenin və Stalinə yazırdı ki, “Azərbaycan dünən Zəngəzurun Ermənistanın xeyrinə verilməsini bəyan etmişdir” . Görün o vaxt daşnakların“Aşxatavor” qəzeti nə yazırdı: “Zəngəzur və Qarabağdan imtina edən (o vaxt Qarabağ da son anda muxtariyyat statusunun verilməsi müqabilində saxlandı-E.P.) Azərbaycan gücsüz Ermənistana kömək etmək istəyir”. Bunlar elə tarixi həqiqətlərdir ki, nəinki digərləri, heç ermənilərin özləri də inkar edə bilmirlər, arxiv ortada!
Azərbaycan Prezidentinin 14 iyul 2021-ci il tarixli çıxışından oxuyuruq: “Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır. Azərbaycan tərəfi bu istiqamətdə işlərin başlanmasına hazırdır. Ancaq Ermənistan tərəfindən buna rəsmi reaksiya yoxdur. Müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Sülh müqaviləsi ilə bağlı olan təklifimiz yeni real vəziyyətə əsaslanır. Hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir”. Şübhəsiz ki, buradakı qətiyyət, əminlik həm Azərbaycanın qüdrətinə, həm də 1 əsr öncəki tarixi faktlara və gerçəkliyə əsaslanır.

Erməni qurldurların Şuşa ətrafında təxribatlar törətməsi sərhədlərimiz daxilində gərginliyi tətikləyib, bizi daha böyük hədəflərdən yayındırmaq məqsədi daşıyır. Təbii ki, bu, Türkiyə lideri demişkən onların “boyunu aşan” məsələdir. Qarabağ məsələsi xırda istisnalarla bitib, əl-ayağımıza dolaşanlara bir neçə saatlıq Dəmir yumruq bəs edər. Bu gün Azərbaycan Prezidenti Zəngəzur və digər tarixi ərazilərimizlə bağlı konkret hədəfi nişan verib, yol xəritəsi göstərib. Azərbaycan diasporunun Qarabağla bağlı artıq keçmişdə qalan tələblərinin yerini Zəngəzur, Göyçə, İrəvan əvəzləməlidir. Tarixçilərimiz üstünü kül basmış tarixi həqiqətləri, arxiv materiallarını dünyabpyunca üzə çıxartmalı, müxtəlif dillərdə nəşrinə nail olmaları, yaymalıdırlar. Diplomatiyamız dövlət başçısının illər öncə elan etdiyi “hücum”u davam etdirməlidir. Durdu yox, yalnız irəli! Bir halda ki, bu hücumun önündə, bütün beynəlxalq təzyiqlərə rəğmən ölkə prezidenti dayanır, hər fürsətdə böyük hədəfləri göstərir, xalqımız və dövlətimiz üçün yaranmış tarixi fürsətlərdən yararlanmağı tövsiyə edir, hər birimizin fərd olaraq bu prosesə əliimizdən gələn töhfəni vermək borcumuzdur! Tarixdə belə fürsətlər əsrdə bir dəfə yaranır.

Bəziləri Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi haqda verilən prezident sərəncamına sadəcə aşıq sənətinə verilən qiymətin təzahürü kimi yanaşır. Amma bu sərəncamın alt qatında böyük məqsəd var. Cənab Prezident faktiki olaraq bu sərəncamla deyib ki, təkcə Aşıq Ələsgərin varlığı, çəkisi bütövlükdə ermənilərdən qat-qat ağırdır. “Qafqazın aborigen xalqı” olduğunu sərsəmcəsinə iddia edən ermənilərin bu bölgədəki yaşı (1828-ci ildən buraya köçürülüblər-E.P.) Aşıq Ələsgərdən belə kiçikdir, nəinki bütünlüklə Azərbaycan xalqından. Təsadüfi deyildi ki, Aşıq Ələsgərin 150 illik yubileyi barədə vaxtilə Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə keçirilmişdi, özü də Göyçə mahalında, böyük ozanın büstünün açılış törənindəki iştirakçıların sayına baxmaq kifayətdir ki, bu torpaqların kimə mənsub olduğu barədə qənaət formalaşsın.

İlham Əliyev 14 iyun çıxışında Ermənistanın müharibə cinayətləri törətdiyini, sonrakı aylarda revanşistlərin baş qaldırmaq cəhdlərinin olduğunu qeyd edərək xəbərdarlığını dilə gətirdi: Dəmir yumruq yerində! Və onu da bir daha xüsusi vurğuladı ki, “Dağlıq Qarabağ” ifadəsi işlədilməməlidir. “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzalanmış Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”. Bu, təkcə Azərbaycan ictimaiyyəti üçün səslənməyib, Qarabağın cəhənnəmdən səsi gələn statusundan dəm vuran həmsədrlərə, digərlərinə verilən mesajdır.

Beləcə, Azərbaycan lideri çıxışı ilə prosesin yeni müstəviyə adladığını bəyanlamış oldu. Məcburi köçkünlərimizin Qarabağa qayıdışı üçün gecəli-gündüzlü işlər aparılır, bu mövzu qapanmış sayılmalıdır. İndi daha uzaq hədəflər var: qaçqınların BÖYÜK QAYIDIŞI! Ermənistandakı dədə-baba yurdlarından didərgin salınan sonuncu 300 min soydaşımızın taleyidir masada! Xoşluqla baş verəcəksə, Ermənistan da xilas olacaq, əks təqdirdə günün birində Qərbi Zəngəzurda “Ağıllı kənd” layihəsi işlənəcək.

Müdafiə Nazirliyinin son açıqlamasına diqqət edək: “İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb”. Ermənsitan tarixi Zərkəndə “Kut”, Basarkeçərə ", “Geğarkunik” kimi qondarma adlar qoyub. Müdafiə Nazirliyi Ali Baş Komandanın tarixi yurdlarımıza Böyük Qayıdışla bağlı çağırışına operativ reaksiya verdi, tarixi adları rəsmi açıqlamasına əlavə etməklə. Davamı mütləq olacaq!
 Elşad Paşasoy,
Musavat.com


Ana səhifəyə qayıt        Baxış: 4 128          Tarix: 16-07-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma