Xəbər lenti

 
Fevralın 22-də Rusiya prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olan azərbaycanlı həmkarı İlham Əliyevlə müttəfiqlik barədə danışıqlar aparacaq. 
 
Ovqat.com xəbər verir ki, Kremlin mətbuat xidməti bu barədə məlumat yayıb.
 
"Danışıqların yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran əməkdaşlıq bəyannaməsi imzalanacaq", - məlumatda deyilir.
 
Kremlin məlumatına görə, tərəflər siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrini müzakirə etməyi planlaşdırırlar.
 
Bundan başqa, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, o cümlədən iqtisadi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərə baxılması nəzərdə tutulur”, - deyə Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, Kremlin necə xəbərlər yaymasından asılı olmayaraq, Azərbaycan Qərb ölkələri ilə iqtisadi, siyasi və hərbi inteqrasiya prosesini ardıcıl olaraq davam etdirir, bu sahədə mümüh addımlar atır. Şərqi Avropanın qaz və neftlə təmin olunmasında səylərini bir an belə dayandırmayan, bu regiona nəql etdiyi enerji mənbələrinin həcmini artıran Azərbaycan NATO ilə də əlaqələrini gücləndirir. Cəmi 1 həftə öncə - 15 dekabrda Azərbaycan Prezidenti İlham Əliyevə zəng edən NATO-nun Baş katibi Yens Stoltenberq də bu həqiqəti rəsmən dilə gətirmiş, Avropanın ən “etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına” görə Azərbaycana təşəkkürünü bildirmişdi. Prezident İlham Əliyev isə Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini onun diqqətinə çatdırmışdı.


 
Tərəflər həmçinin telefon danışığında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluqlarını ifadə etmiş, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparmışdılar.
 
Prezident İlham Əliyev Moskva səfərindən bir gün əvvəl - fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi də Azərbaycanın regional və qlobal əməkdaşlıq sahəsində mövqeyini ortaya qoyur. Bugünkü görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, Aİ-nin iki komissarının Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirakının müsbət qiymətləndirdiyini və bunun Avropa İttifaqının Azərbaycan ilə münasibətlərə verdiyi önəmin ifadəsi olduğunu vurğulayıb. Ölkə başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin şaxələndirilmiş xarakter aldığını və bir çox sahələri əhatə etdiyini qonaqlarının diqqətə çatdırıb. Prezident İlham Əliyev həmçinin bildirib ki, Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin bəyan etdiyi kimi, Azərbaycana müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xəttini ayrılması da əlaqələrimizin müsbət inkişafının göstəricisidir.
 
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan arasında kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və digər prinsipial məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.


 
Prezident İlham Əliyevin eyni anda həm Rusiya, həm də Avropa İttifaqı ilə münasibətlərini qorumağa çalışmaması mərhum prezident Heydər Əliyevdən miras qalan balanslaşdırılmış xarici siyasət kursunun uğurla davam etdirilməsinə işarədir. Xüsusilə indiki dövrdə bu kursu davam etdirmək nə qədər çətin olsa da, ölkəmizin təhlükəsizliyi baxımından olduqca vacibdir. İlham Əliyevin xarici siyasət sahəsində təcrübəsi bu ağır və məsuliyyətli işi incə bir tel üzərində yürüdə bilmək qabiliyyətindən xəbər verir.
 
Xaricdən yayımlanan bir çox media qurumları İlham Əliyevin sabahkı Moskva səfərinin hansısa ittifaqlara üzv olmaq məqsədi daşıdığına dair proqnozlar versə də, ölkə başçısının səfərdən öncə Qərb ölkələri ilə əməkdaşlıq perspektivlərini gücləndirən xətt seçməsi və səfərə də məhz bu cür mesajlarla çıxması rəsmi Bakının Heydər Əliyevdən miras qalan balanslaşdırıcı xarici siyasət kursuna sadiq qaldığına və bu məsələdə güzəştə getməyəcəyinə dəlalət edir. Əslində Kremlin yaydığı məlumatlar da Rusiya ilə Azərbaycan arasındakı daha da gücləndiriləcək əməkdaşlıqların siyasi, ticari-iqtisadi və humanitar sahədən kənara çıxmayacağından xəbər verir. Sözsüz ki, müzakirə olunan bir sıra məsələlərin sadəcə xoş niyyət formatında qalacağı da istisna deyil. Bütün hallarda xarici tərəfdaşlarımızla münasibətlərimizi onların Azərbaycanın suverenlik haqlarına nə qədər hörmətlə yanaşıb-yanaşmayacağı müəyyənləşdirəcək.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 146          Tarix: 21-02-2022, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma