Xəbər lenti

İtaliyanın baş naziri: "Onlar düşmən deyillər və sülh axtarışı haqqında danışarkən bunu xatırlamaq vacibdir"
İtaliyanın baş naziri Mario Draqi Vaşinqtona son səfəri zamanı ABŞ prezidenti Co Baydeni Ukraynadakı münaqişəni həll etmək üçün rusiyalı həmkarı Vladimir Putinə zəng etməyə çağırıb. Bu barədə RİA Novosti məlumat yayıb.

Draqi deyib ki, onun fikrincə, Putin guya yalnız onun (Baydenin) sözlərini eşitmək istəyir. “Deməliyəm ki, bu məsləhət uğurlu oldu. Çünki bir gün sonra o deyil, Amerikanın müdafiə naziri Rusiyanın müdafiə naziri ilə danışıb” deyə, agentlik onun sözlərini sitat gətirir.
İtaliyanın baş naziri əlavə edib ki, rusları mövcud vəziyyətə görə günahkar saymaq və düşmən hesab etmək olmaz. "Onlar düşmən deyillər və sülh axtarışı haqqında danışarkən bunu xatırlamaq vacibdir", Draqi əlavə edib.

Yada salaq ki, Draqi sonuncu dəfə aprel ayında Rusiya prezidenti ilə danışmışdı. “Rusiya Prezidenti Vladimir Putinə zəng etməyin heç bir mənası yoxdur. Çünki o, ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istəmir və sülh axtarışında deyil”- deyə Mario Draqi bildirmişdi.

“Sona qədər ümid edirdim ki, Putin bunu etməyəcək. Müharibə başlamazdan əvvəl ona zəng vurdum. Lakin bir neçə həftə sonra o, hücuma keçdi. Onunla sona qədər danışmağa çalışdım. Hələlik Putinin məqsədi sülh axtarmaq deyil. Onun niyyəti Ukraynanın müqavimətini qırmaq, ölkəni işğal etməkdir. Mən atəşkəs barədə təkid edəndə o, bunun da vaxtının hələ çatmadığını vurğuladı. Bir neçə gün ərzində yenidən danışacağımıza söz verərək vidalaşdıq. Amma sonra Buçadan dəhşətli xəbərlər gəldi. Beləliklə, mən başa düşdüm ki, danışıqlar, həqiqətən, mənasızdır”,- İtaliyanın baş nazir bildirmişdi. Onun fikrincə, tətbiq edilən sanksiyalar Rusiyanı dayandırmayacaq: “Bunlar Kremli zəiflətməyə hesablanıb. Amma məhdudiyyətlər Ukraynadakı Rusiya qoşunlarını dayandırmayacaq ”.

Yada salaq ki, İtaliya hökuməti iki gün əvvəl BMT-nin baş katibi Antonio Quterreşə Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün dörd mərhələdən ibarət planı təqdim edib . Bu barədə “Repubblica” qəzeti məlumat yayıb. Planı İtaliya Xarici İşlər Nazirliyi hazırlayıb.
Birinci mərhələ növbəti sülh danışıqlarına yol açacaq atəşkəs nəzərdə tutur. Bir sıra ölkələr rejimə əməl olunmasına nəzarət etməli olacaqlar: ABŞ, Çin, Türkiyə, Almaniya, İtaliya, Böyük Britaniya, Kanada, Fransa və İsrail

Daha sonra cəbhənin demilitarizasiyası və Ukraynanın beynəlxalq neytral statusu ilə bağlı danışıqların aparılması gözlənilir. Həmçinin, ikinci mərhələdə Ukraynanın Aİ-yə daxil edilməsi planlaşdırılır. Plana görə, hazırkı mərhələdə müzakirə platforması sülh konfransı olmalıdır.
Üçüncü mərhələ Rusiya ilə Ukrayna arasında “ərazi məsələləri”nin müzakirəsini nəzərdə tutur.

Yekun mərhələ Rusiya ilə Aİ arasında münasibətləri tənzimləyən Avropada təhlükəsizlik haqqında sazişin bağlanmasını nəzərdə tutur.
İtaliya Xarici İşlər Nazirliyinin planına əsasən, sülh sazişinin əsas şərtləri strateji sabitlik, tərksilah və silahlara nəzarət, münaqişələrin qarşısının alınması və Moskva ilə Avropa İttifaqı arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi olacaq.

Orxan ƏLİYEV,
Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 3 138          Tarix: 20-05-2022, 22:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma