Xəbər lenti

Xəbər verdiyimiz kimi, vitse-spiker Adil Əliyev bu gün mətbuata verdiyi açıqlamada Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz, son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizənin həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini ciddi narahat etdiyini və onların eyni mərkəzdə birləşdiyini bildirib. 

Adil Əliyev, 5-ci kolonun hələ də aktiv olması barədə danışıb və bu aktivləşmədə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin günahkar olduğunu da qeyd edib. 

Millət vəkili əlavə edib ki, məqsəd təkcə İlham Əliyevi qaralamaq deyil, həm də onun ən yaxın ətrafını ləkələməkdir:

“Əlbəttə, bu, artıq sirr deyil ki, uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Mehdiyev məhz bu təxribatçı əməllərinə görə işdən qovuldu. Baxmayaraq ki, bu, açıq şəkildə ifadə olunmasa da, əsas səbəb Ramiz Mehdiyevin təxribatçı əməlləri idi. Bu adam əlində olan səlahiyyətlərindən istifadə edərək, əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlət ilə xalq arasında uçurumlar yaradır. Korrupsioner məmurların hamısı onun ətrafında cəmləşdirən Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyin zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib. Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək. Ramiz Mehdiyevin ölkədəki radikal müxalifətlə də gizli əlaqələri var…” 

Adil Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Əsas müzakirə isə “5-ci kolon niyə yenidən aktivləşib?” sualı ətrafında aparılır. 

Mövzu ilə əlaqədar Missiya.Az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, 5-ci kolonun aktiv fəaliyyət göstərməsində tək müxalifət deyil, iqtidar daxilindəki qruplaşmaların da rolu var: “Onların arasında korrupsiyaya qarşı mübarizənin effektini aşağı salmağa çalışanlar var. Vitse-spiker Adil Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər əslində ona işarədir. Məncə, Azərbaycanda sağlam qüvvələr dövlətin gələcəyi üçün daha doğru istiqamətləri müəyyən etməlidirlər və birlikdə prezidentə dəstək verməlidirlər ki, bu prosesi uğurla, sona kimi aparmaq mümkün olsun. Çünki təkcə prezidentin iradəsi ilə məsələ yekunlaşa bilməz”. 

Fazil Mustafa vurğulayıb ki, islahatların effektiv olması üçün cəmiyyətin dəstəyi mütləqdir: “Bu mütləq insanların dəstəyinə də ehtiyac duyulan bir məsələdir. Adil müəllimin açıqlaması da bu məqsədi güdür. Mən hesab edirəm ki, burda da əsas niyyət həqiqətən də islahatçı qüvvələri birləşdirməkdir. Biz çalışmalıyıq ki, ümumiyyətlə islahatlara dəstək verə biləcək böyük bir hərəkat ortaya çıxsın və səmimi şəkildə ölkədə ciddi islahatlar aparmaq mümkün olsun”. 

Millət vəkili vitse-spiker Adil Əliyevin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin təxribatçı əməllərinə görə işdən qovulması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Mən konkret kimin günahkar olub-olmadığına hüquqi məsələ kimi baxıram. Yəni ki, gərək əlimizdə kimin birbaşa bu məsələnin iştirakçısı, və ya göstəriş verəni olmasını sübut etmək üçün konkret faktlar olsun. Mən belə faktlara sahib deyiləm”.




Ana səhifəyə qayıt        Baxış: 4 213          Tarix: 19-07-2022, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma