Xəbər lenti

Avqustun 5-də Soçidə keçirilən Ərdoğan-Putin görüşünə Çeçenistan rəhbəri Ramzan Kadırovun da qatılacağına dair bir çox mətbuat orqanlarda məlumat verilmişdi. Hətta həmin gün Kadırovun Putinin iqamətgahına gəlişini və binaya daxil olmasını əks etdirən videokadrlar da yayılmışdı. Kadırovun özü də belə bir niyyətinin olduğunu gizlətmirdi. Lakin məlum olub ki, belə bir görüş baş tutmayıb.

“AzPolitika.info” xəbər verir ki, tanınmış rusiyalı hüquqşünas, Rusiya müxalifətinin ən fəal üzvlərindən olan Mark Feyqin Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri zamanı Kadırovla hər hansı formada görüşdən imtina etdiyinə dair məlumata malik olduğunu bildirib: “Ərdoğan Kadırovla görüşməyib. Onu görüşə buraxmayıblar. Onu gətiriblər, ancaq heç kim onunla görüşməyib. Sadəcə, şəkil çəkdirib və gedib. Putin istəyirdi ki, Kadırov Ərdoğanla görüşdə iştirak etsin. Ancaq bu, baş vermədi”.

Kadırov da Ərdoğanla görüşə dair heç nə deməyib və bildirib ki, Soçidə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanla görüşüb. Ancaq mətbuatın yazdığına görə, əsas məqsəd məhz Ərdoğanla görüşmək idi. Türkiyə tərəfi isə Kadırovun Çavuşoğlu və Fidanla görüşünə dair hər hansı məlumat yaymayıb.

Putinin nədən Kadırovu Ərdoğanla görüşdürmək istədiyinə aid hər hansı rəsmi məlumat yoxdur. Ancaq ekspertlər hesab edirlər ki, Kadırovun məqsədi ötən il Türkiyədə yaşayan müxalif çeçen siyasi fəallarını qətlə yetirmək istəyərkən türk xüsusi xidmət orqanları tərəfindən həbs olunan bir qrup çeçen əsilli şəxsin azadlığına nail olmaqdır. Onların bu cinayəti Çeçenistan rəhbərliyinin sifarişilə həyata keçirmək istədikləri bildirilir. Məlum olduğu kimi, bundan öncə də dəfələrlə çeçen siyasi fəallar Türkiyədə qətlə yetirilib və bunun sifarişinin Qroznıdan gəldiyi heç kimdə şübhə doğurmur. İndi Türkiyə həbsxanasındakı “killerlər”in məhkəmədə hansı ifadələr verəcəyini nəzərə alsaq, Kadırovun narahatlığını anlamaq çətin olmaz...

Ümumilikdə isə Kadırov heç vaxt Türkiyə ilə bağlı birmənalı mövqeyə malik olmayıb. O, dəfələrlə Türkiyəni özünə rəqib bildiyi “çeçen terrorçuları” himayə etməkdə günahlandırıb və Türkiyədə Cövhər Dudayevə heykəl qoyulmasına, küçələrə onun adının verilməsinə etiraz edib. Hətta buna cavab olaraq, Qroznıda PKK lideri Abdulla Öcalana heykəl qoyacağı ilə hədələyib.

Xatırladaq ki, Kadırov Mariupoldakı “Azovstal” zavodundan ukraynalı döyüşçülərin və onların ailə üzvlərinin təxliyəsi ilə bağlı Türkiyə rəhbərliyinin təşəbbüsünə də qeyri-adekvat münasibət bildirərək, Ərdoğana müraciət etmişdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan administrasiyası “Azovstal”da qalmış “Azov” alayının nasistlərini təxliyə etməyə hazır olduğunu açıqlayıb. Hörmətlə müsəlman dövlətinin rəhbərinə xatırlatmaq istərdim ki, “Azov” alayı faşist-millətçi cinayətkar silahlı qruplaşmadır. Onların sizi aldatmasına icazə verməyin”.

Ancaq belə görünür ki, bütün bunlara baxmayaraq, Kadırov yenə özündə Ərdoğanla görüş tələb edəcək sifət tapa bilib. Lakin istəyi baş tutmayıb...




Ana səhifəyə qayıt        Baxış: 3 610          Tarix: 9-08-2022, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma