Xəbər lenti

“Məsələ odur ki, mən İranla bağlı tez-tez açıqlamalar verirəm və görünür, mənim açıqlamalarım İranın maraqlarına uyğun gəlmir. İran məni şantaj edib “vurmaq” üçün belə bir iyrənc metoda əl atıb. İyrənc metod da ondan ibarətdir ki, mənim fikirlərimi tamamilə təhrif ediblər. Hətta heç kontektsdən də çıxarmayıblar, sadəcə təhrif edib o cür də təqdim ediblər”.

Bu sözləri Yenisabah.az-a açıqlmasında Ovqat.com saytının baş redaktoru, jurnalist Heydər Oğuz deyib.

Jurnalist “Kanal13” “YouTube” kanalına Naxçıvandakı mövcud vəziyyətlə bağlı verdiyi müsahibənin İranın “Səhər” telekanalı tərəfindən təhrif edilərək təqdim edilməsi faktına münasibət bildirib:

“Mən də açığı İrandan bunu gözləyirəm. İran mənim üçün qeyri-adi bir ölkə deyil. Hətta Qurani-Kərimi belə təhrif edib dünyada müsəlmanların arasına qan salmaq işində mütəxəssisləşmiş bir dövlətdir İran. Bunların bütün məqsədləri və həyat qayələri buna işləyir. Çünki İran Fransa tərəfindən qurulmuş bir dövlətdir. Bundan Azərbaycana qarşı nə gözləmək olar?

Onlar, əslində, guya məni “vuraraq” bu dövlətin gözündən salmağa çalışırlar. Halbuki bu dövlət mənim canım-ciyərimdir, mən bu dövlətin qurulmasında rol oynayan adamam və bu dövlət mənim ən əziz dəyərimdir. İndi görünür, məni bu dövlətin gözündən salmaq istəyirlər. Hər halda dövlət də bunu başa düşür ki, burada bir fırıldaq və qərəz var”.

Məsələyə aydınlıq gətirən müsahibimiz əlavə edib:

“Mən orada nə demişəm bəs? Mən demişəm ki, Naxçıvandakı rejimdə elə bir zülm siyasəti yürüdürlər ki, insanları öz dövlətindən küsdürürlər. Bu da İran kimi xarici ölkələrə sərf edir.

Deməli, İranda “İranın Naxçıvanı” adlı bir təşkilat yaradılıb. Onun adından da “Telegram” səhifəsində bir kanal yaradılıb və onlar öz fikirlərini orada ifadə edirlər. Bu da onu göstərir ki, İran maraqlıdır ki, Naxçıvanda bir separatizm ab-havası yaradılsın.

Mən Azərbaycan hakimiyyətinə xəbərdarlıq etmişdim ki, İranın bu siyasətinin qarşısını almaq lazımdır. Yəni İranın və Naxçıvan hakimiyyətinin siyasətinin qarşısını alıb, oradakı muxtar quruma bir əncam çəkilməlidir. O “xan”ın qeyri-məhdud hakimiyyətinə son qoymaq lazımdır. Çünki Rusiya yaxın zamanlarda yox olub gedəcək, yerində də İran bitəcək. Onların da məqsədi həmin o təşkilatı yaratmaqla ortaya qoyub. Mənim fikrim budur.

Mən hər daim demişəm ki, bu siyasəti İran Azərbaycana qarşı yürütmək istəyir, məqsədi də bəllidir. Özü belə açıq şəkildə deyir ki, mən Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyəm, bu zaman türk birliyi yarana bilər. Naxçıvan xanlığının da orada yürütüyü bu siyasət birbaşa İranın bu məqsəldərinə xidmət edir”, – vurğulayıb.

“Məlum açıqlamadan sonra sizə qarşı təzyiqlər oldumu” sualına isə jurnalist belə cavab verib:

“İnsanlar gözləmirlər ki, mən elə söz deyim. Mən onsuz da İrana qarşı deyiləm, mən sadəcə İranın yürütdüyü axmaq siyasətə qarşıyam. Məndən soruşurlar ki, sən bu axmaq siyasətə qarşı hər zaman verdiyin müsahibələrlə qarşı çıxmısan. İndi necə olub belə məlumat vermisən? Halbuki bu məlumat yenə deyirəm, yalandır.

Mən bu fikirləri “Kanal13”ə verdiyim müsahibədə demişəm ki, Naxçıvan hakimiyyətinin sərt siyasəti İranın işinə yarayır. Həmin müsahibə keçən həftənin şənbə günü yayımlanıb. Mən orada Naxçıvanda baş verən hadisələr və İranın Naxçıvan siyasəti ilə bağlı yürütdüyü mövqeni mən ifadə etmişəm. Mən “Kanal13”dən xahiş etdim ki, həmin 10 dəqiqəlik çıxışı ayrıca yayımlasınlar. Yəni mən bunu nəinki çağırış şəklində demişəm, əksinə, əxz etmişəm ki, İran bunu Azərbaycana qarşı istifadə etmək istəyir. Naxçıvanın hakimiyyətinin yürütdüyü axmaq siyasət də İranın siyasətinə rəvac verir”.

Müsahibimiz aydınlaşdırıb ki, sonuncu müsahibəsi təhrif edilib:

“Hətta kontektsdən belə çıxarmayıblar. O da yoxdur. Mən, ümumiyyətlə, orada belə anlama gələn bir fikir deməmişəm. Adamlar sözlərimi təhrif edib, özlərindən bir fikir uydurub. Bu da İranın gözlənilən mövqeyidir, çünki mən bundan artıq bir şey gözləmirəm onlardan. Yenə deyirəm, Qurani-Kərimi belə təhrif edib, insanlara yanlış anladırlar. Allahın sözünü inkar edən bir müsəlman dövləti bu qədər cəsarət edib xəyanətə gedirsə, mən bəndənin haqqında iftira atması normal bir şeydir. Allahdan qorxmayan bəndədən necə qorxacaq?!”

Rafi MÜSLÜMOV




Ana səhifəyə qayıt        Baxış: 6 300          Tarix: 21-10-2022, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma