Xəbər lenti

“Fransa Senatının qəbul etdiyi son qətnamə qərəzlidir. Hüquqi əsası olmasa da, bu, Fransa-Azərbaycan münasibətlərinə ciddi təsir edir”.

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli deyib: “Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini ehtiva edən qətnamə regionda davam edən sülh quruculuğu proseslərinə də mənfi təsir edir. Düşünürəm ki, bu qətnamə Ermənistan daxilindəki radikal, revanşist qüvvələrin mövqeyini gücləndirən, daha da qeyri-konstruktiv, qeyri-rasional mövqedən çıxış etməsinə vadar edən sənəddir. Bu, Fransa Senatının qəbul etdiyi ikinci belə qətnamədir. İki il öncə Vətən müharibəsindən sonra Qarabağdakı qondarma cinayətkar rejimi tanıyan sənəd qəbul edilmişdi.

Qətnamələrin qəbul edilməsində iki başlıca amil var: birincisi Fransada uzun illərdir mövcud olan, şəbəkələşmiş erməni lobbisinin təsiri; ikincisi isə Fransanın regional, geostrateji maraqlarıdır ki, Cənubi Qafqazda fəal siyasət yürütməyə çalışır. Bu siyasətin Fransaya faydası olmayacaq, çünki Cənubi Qafqazın lider dövləti Azərbaycandır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra yeni geosiyasi proseslər gedir və uğursuzluqlar Rusiyanın mövqeyinin zəifləməsinə səbəb olur. Bu geosiyasi boşluqlar qlobal və regional güc mərkəzlərinin bölgədə daha da fəallaşması ilə nəticələnir. Bu cür mövqe Azərbaycan və Fransa arasında münasibətlərin pisləşməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, Fransa uzun müddət ATƏT-in Minsk qrupunun həmsədri olub. Belə bir qərəzli mövqe nümayiş etdirən dövlət vasitəçilik təşəbbüsü ilə necə çıxış edə bilər? Dövlət başçısı səviyyəsində qeyd olunub ki, Fransa bu cür mövqe nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında vasitəçilik edə bilməz. Fransa vasitəçilik üçün siyasi, mənəvi haqqını itirir”.

M.Məmmədli Fransanın Qarabağda iqtisadi maraqları ilə bağlı səslənən fikirlərə də münasibət bildirdi:

“Xüsusilə işğal dövründə Qarabağda fransız şirkətləri fəaliyyət göstərib. Azərbaycanın haqlı etirazına baxmayaraq, onlar çalışmağa davam edib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Fransanın Qarabağda hər hansı iqtisadi maraqlarının olması ilə bağlı səslənən fikirləri ciddi hesab etmirəm”.




Ana səhifəyə qayıt        Baxış: 2 974          Tarix: 17-11-2022, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma