Xəbər lenti

Oğru oğurlamaqdan bezmədiyi və getdikcə daha böyük oğurluğa həvəsləndiyi kimi, Fransa da 1 nömrəli erməni havadarı kimi hər fürsətdə Azərbaycana qarşı yaramaz vərdişindən əl çəkmir. Sanki 44 günlük müharibədə başını əzdiyimiz tərəf Ermənistan yox, Firəngistan imiş.

Bu ölkə Senatının Azərbaycan əleyhinə məlum rüsvayçı qətnaməsindən cəmi bir neçə gün sonra Tunisdə, Frankofoniyanın sammitində rəsmi Parisin növbəti dəfə Azərbaycanın ünvanına banlaması qənaətimizə şəkk-şübhə saxlamadı.

Aydındır ki, fransızların “qarın ağrısı”nın əsas səbəbi ermənilərlə bağlı deyil. Ən əvvəl Güney Qafqazda Azərbaycan-Türkiyə tandeminin getdikcə daha da güclənməsi, az sonra Azərbaycan-İsrail-Türkiyə strateji “üçbucağı”nın real məzmun qazana biləcəyi və Fransanın bölgəyə yolunun həmişəlik bağlanacağı ilə ilgilidir.

“Kiçik və gəzəyən bacı” Ermənistan isə buna qarşı sadəcə, oynanılan “kartlar”dan biri kimi əldə saxlanmaqdadır. Yəni kapitulyant ölkə və onun maraqları rəsmi Parisdən ötrü hədəf yox, öz məqsədlərinə doğru yolda yalnızca vasitədir.

Bunu anlayan erməni ekspertlər də var. O səbəbə onlar Fransanın Ermənistana görə “yaxa cırması”na, ermənidən çox erməni olmaq istəməsinə ciddi fikir verməyin tərəfdarı deyillər.

“Fransa Senatının qəbul etdiyi, Azərbaycanın “işğalçı” siyasətini pisləyən qətnamə daha çox Qərbin erməni cəmiyyətində müəyyən əhval-ruhiyyə yaratmağa hesablanmış piarıdır”.

Erməni şərhçi Tiqran Köçəryan bu fikirdədir.

“Fransa Ermənistan üçün ənənəvi dost ölkədir və bu ölkənin güclü erməni icması bu işə mühüm töhfə verib. Lakin mövcud vəziyyətdə Fransa Qərbin bir növ “xeyirxah polisi”nə çevrilib və bu ölkənin simasında digər Qərb ölkələrinin uğur qazana bilməyəcəyi məsələlərdə iştirakçı olmağa çalışır”, - deyə Köçəryan yerli telekanala müsahibəsində deyib.

Bununla yanaşı, Köçəryan Fransanın NATO və Avropa İttifaqının üzvü olduğunu və həmin strukturların qayda-qanunlarına tabe olduğunu xatırladıb. “Fransanın müstəqil ölkə olmaqdan uzaq olduğunun sübutu həm də ona Rusiya ilə istədiyi səviyyədə münasibət qurmaq imkanının verilməməsidir”, - deyə o qeyd edib.

O, həmçinin 44 günlük müharibədən az sonra da Fransa Senatının Azərbaycana qarşı sərt qərarlar verdiyini yada salıb: “Amma ötən iki ildə bu yöndə heç nə edilməyib. Yəni iş bəyanatlardan o yana keçməyib. Əgər biz yalnız Fransa prezidenti Emmanuel Makronun statusları ilə kifayətlənməli olsaq, o zaman bu, biz pozitiv nəticələrə gəlib çıxmayacağıq”.

Erməni təhlilçi bu xüsusda məhz reallıqları rəhbər tutmağa çağırıb. “Reallıqlar isə elədir ki, “artsax”da de-fakto fransızlar yox, Rusiya sülhməramlıları var və “artsaxlıların” təhlükəsizliyini məhz onlar təmin edir”, - deyə əlavə edib.

Öz növbəsində başqa bir erməni politoloq Qrant Melik-Şahnazaryan yazır: “Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması və iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesi kifayət qədər səngiyib - əgər artıq proses əks istiqamətdə inkişaf eləmirsə. Səbəblər hələ ki, dəqiq məlum deyil, amma məndə belə təəssürat var ki, Rusiya tərəfinin bu məsələyə müdaxiləsi həlledicidir. Əliyevin iki gün qabaq səsləndirdiyi şikayət də (Ruben Vardanyanla bağlı sərt açıqlama nəzərdə tutulur – red.) buna sübutdur”.

Melik-Şahnazaryana görə, bu və ya digər şəkildə son günlərdə baş verənlər yaxşı və pis xəbərlərin olduğunu göstərir: “Yaxşı xəbər odur ki, Ermənistanın növbəti kapitulyasiyası təxirə salınır. Əgər biz xalq olaraq düzgün davranış nümayiş etdirsək, onu sıfırlamaq da olar. Pis xəbər odur ki, müharibə təhlükəsi yenidən artır”.

Demək, ermənilər üçün sülh müqaviləsinin ləngiməsi də əslində yaxşı xəbər deyil. İkisi də bəd xəbərdir. Odur ki, nə qədər gec deyil, seçimlərini düz eləsinlər. Əgər növbəti “dəmir qapaz”ı yemək istəmirlərsə, onda sülh prosesindən bərk-bərk yapışsınlar, nəinki oyun oynasınlar və köhnə, heç kimə gərək olmayan ritorikaya qayıtsınlar.

“Bayratkar”ların zarafatı pis olur...

Z.SƏFƏROĞLU,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 303          Tarix: 20-11-2022, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma