Xəbər lenti

Qonşu dövlət Xəzər regionunda nəqliyyat qovşağına çevrilmək niyyətindədir. Bu məqsədlə Birləşmiş Ərəb Əmirlikləri ilə Xəzər dənizində birgə donanma yaradılacaq. Qazaxlar bu layihəyə neft ixracında Rusiyadan asılılığa son qoyacaq şans kimi baxırlar. Rusiyalı ekspertlər isə layihənin reallaşmasının real olmadığı qənaətindədirlər.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik. 

Enerji resurslarının nəqli üçün alternativ yollar axtarışında olan Qazaxıstan ambisiyalı layihələr həyata keçirməkdə davam edir. Qonşu dövlət Mərkəzi Asiya və Xəzər regionunda tamhüquqlu nəqliyyat qovşağına çevrilmək niyyətində olduğunu açıq şəkildə bəyan edir. Ölkə prezidenti Kasım-Jomart Tokayev Əbu-Dabidə səfərdə olarkən bu planlardan birini açıqlayıb. Bu planın reallaşmasında Astanaya Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və bu ölkənin dünyaca məşhur “Abu Dhabi Ports” şirkəti kömək edəcək. BƏƏ-nin qeyd olunan şirkəti Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkəti ilə birlikdə Xəzər dənizində tanker və ticarət donanması yaradacaq və iri neft-qaz layihələri ilə işləyəcək. Bəs bu planın hədəfi nədir? Bəlli olduğu kimi, Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərb Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar açıq da olmasa, dolayısı ilə Rusiya ilə əməkdaşlıq edən ölkələri də hədəfə alır. Qazaxıstan da sanksiyaların yaratdığı reallıqlarda alternativ yollar axtarır. 

Əbu-Dabi limanlarının təcrübəsindən istifadə arzusu  

Qeyd edək ki, “Abu Dhabi Ports Company (ADPC) BƏƏ-də liman sənayesi və logistika operatorudur. Şirkət BƏƏ və Qvineyada 11 limana sahibdir və onları idarə edir. KMG İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev və ADPC-nin rəhbəri Məhəmməd Əl-Şamisi Qazaxıstan prezidentinin BƏƏ-yə səfəri çərçivəsində Əbu-Dabidə görülən işlərin təfərrüatlarını müzakirə ediblər. Şirkət rəhbərləri dəniz və sahilboyu yükdaşımaları sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıblar. Tərəflər Xəzər dənizində iri dəniz neft-qaz layihələrinə xidmət göstərmək üçün əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər. “Şirkətlərimiz arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması birgə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək. Bu saziş çərçivəsində cari ildən başlayaraq Qazaxıstanın investisiya layihələrində fəal iştirak edəcək birgə müəssisə yaradılır. Biz Qazaxıstanda dəniz neft-qaz yataqlarının işlənməsi layihələrinə və nəqliyyat-logistika layihələrinə xidmət göstərməkdə Əbu-Dabi limanlarının təcrübəsindən istifadə etməyə ümid edirik”, - deyə Mirzəqaliyev bildirib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Abu Dhabi Ports Group”un Xəzər dənizində dəniz və liman infrastrukturunun inkişafı planlarını və KMG ilə strateji tərəfdaşlıq sazişinin imzalanmasını alqışlayıb. Dövlət başçısı qeyd edib ki, Qazaxıstan Mərkəzi Asiya və Xəzər regionunda tamhüquqlu nəqliyyat qovşağına çevrilmək niyyətindədir və nəqliyyat marşrutlarının şaxələndirilməsi üzərində işləyir. “Ölkəmiz xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu və Şimal-Cənub Nəqliyyat Dəhlizini fəal şəkildə inkişaf etdirir”, - deyə Tokayev vurğulayıb.

Qazax neftinin ixracı üçün alternativ marşrutlar

Məsələ ondadır ki, bir müddət əvvəl Qazaxıstan olduqca ağır vəziyyətə düşmüşdü. Rusiya qazax neftinin ixracı ilə bağlı əngəllər yarada biləcəyini nümayiş etdirmişdi. Rəsmi Astana bu səbəbdən də indi neftinin alternativ marşrutlarla ixracına nail olmağa çalışır. Bu məqsədlə hətta Azərbaycanın enerji boru kəmərlərinin imkanları araşdırılmağa başlayıb. Əgər rəsmi Astana bu vəziyyətdən ən az itki ilə çıxmağı bacarsa, Kremlin ona qarşı təzyiq vasitəsi kimi yararlandığı daha bir faktordan xilas olmaq şansı qazanacaq. Yuxarıda qeyd edilən razılaşmaya əsasən, tərəflər Qazaxıstan neftinin ixracı üçün alternativ marşrutların inkişafını nəzərə alaraq Xəzər dənizindəki layihələri dəstəkləmək üçün donanma (müxtəlif tipli kiçik ölçülü gəmilər), habelə Aktau limanı vasitəsilə Azərbaycan istiqamətində hərəkət edəcək tanker donanması yaradacaqlar. Hər iki tərəf ticarət donanmasının yaradılması imkanlarını da araşdıracaq. Tokayevin sözlərinə görə, 2025-ci ilə qədər Aktau limanında konteyner qovşağı tikiləcək ki, bu da konteyner daşımalarının həcmini artırmalıdır. Proqnozlara görə, bu layihələrin icrası ilə Qazaxıstanın dəniz limanları ilə konteyner daşımalarının həcmi 5,4 dəfə artacaq. İndi Qazaxıstanın dəniz limanlarının gücü ildə təxminən 21,2 milyon tondur. Kurık limanında çoxfunksiyalı Sarja dəniz terminalının tikintisi planlaşdırılır. 

Rusiya layihədən narahat olub?

Rusiya mediası dərhal layihəyə şübhə ilə yanaşıb. Düzdür, qeyd olunur ki, Qazaxıstanın bu nəqliyyat dəhlizini aktivləşdirməyə çalışması başadüşüləndir. “Amma Əmirliklər külli miqdarda pul yatırsa belə, çətin ki, pul qazansın”, - deyə rusiyalı ekspert Aleksandr Knyazev bildirib. O hesab edir ki, infrastruktura milyardlarla dollar sərmayə qoyulsa belə, bu, Rusiya ərazisindən enerji daşıyıcılarının və ya əmtəə axınının tranzitinə alternativ olmayacaq. Lakin ekspert vurğulayıb ki, “İrandan dəmir yolu ilə, Özbəkistandan isə BTQ vasitəsilə Türkiyənin Mersin limanına yönləndirilə bilən kiçik əmtəə axınları üçün bir istisna var”.

Xəzər Strateji Araşdırmalar İnstitutunun regional layihələr üzrə direktoru Yuri Solozobov isə bildirib ki, Moskvanın Xəzərdə Şimal-Cənub dəhlizinin inkişafı strategiyası var: “Azərbaycandan keçən qərb marşrutu perspektivli istiqamətdir və inkişaf edəcək dəniz yolu var. Bu gəmilərin tikintisi və limanların yenidən qurulması üçün yüksək xərclər nəzərdə tutur. Bütün Xəzəryanı ölkələrdən yalnız Azərbaycan və Türkmənistan liman təsərrüfatının yenidən qurulmasına nail olublar. Qazaxıstan səylər göstərdi, lakin bunlar kifayət deyil”.




Ana səhifəyə qayıt        Baxış: 3 815          Tarix: 28-01-2023, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma