Xəbər lenti

 

Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) Türkiyə-Azərbaycan ikitərəfli biznes və iqtisadi əlaqələrini müzakirə etmək üçün hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə yüksək səviyyəli tədbir keçirib.

Bu barədə Report-a Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) məlumat verilib.

Bildirilib ki, hər il keçirilən və sayca altıncı olan bu toplantı DEİK-in Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, TEAS-ın Türkiyə nümayəndəsi Rəna Rzayeva və “Paşa Bank Türkiyə”nin baş meneceri Cənk Eynehan tərəfindən təşkil olunub.

Təşkilatçıların məruzə və təqdimatlarında iki ölkə arasında ticarətin indiki vəziyyəti, inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan söhbət açılıb.

Səlcuk Akat DEİK-in məqsədinin Türkiyə və Azərbaycan arasındakı ikitərəfli ticarət əlaqələrini daha da gücləndirmək olduğunu vurğulayıb və Şuranın ötən il həyata keçirdiyi müxtəlif layihələr barədə danışıb. Akatın sözlərinə görə, 2020-ci ildə Türkiyədə Azərbaycan sərmayələrinin səviyyəsi 20 milyard ABŞ dollarına çatacaq. Bu, əsasən SOCAR tərəfindən görülən işlər hesabına baş verəcək.

Cənk Eynehan qeyd edib ki, iki ölkə arasındakı iqtisadi və sosial tərəfdaşlıq genişləndiyindən “Paşa Bank” regionun maliyyə körpüsünə çevrilmişdir. Natiqin Azərbaycan iqtisadiyyatına dair hesabatında sərmayə yatırımı mühitinin genişləndirilməsi üçün həyata keçirilmiş müxtəlif islahat paketləri müzakirə olunub.

R.Rzayeva Azərbaycanın müxtəlif biznes imkanlarının Avropada təbliğində TEAS-ın rolundan danışıb. O qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində işgüzar əlaqələrin çox güclü zəminə malik olmasına baxmayaraq, qeyri-neft sektorları olan turizm, aqrobiznes və logistika sahələrində də böyük əməkdaşlıq potensialı var. O, Türkiyə-Azərbaycan strateji tərəfdaşlığının DEİK-in fəaliyyəti nəticəsində daha yeni səviyyəyə çatacağına ümidvar olduğunu bildirib.




Ana səhifəyə qayıt        Baxış: 858          Tarix: 21-07-2017, 21:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma