Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Ukraynaya Rusiya qoşunlarının hücum mövqeləri barədə məlumatları açıqlamağı təklif edib.
Priqojin bu məlumatlar müqabilində öz döyüşçülərinin ağır itkilər verdiyi Baxmutdan Ukrayna Silahlı Qüvvələri bölmələrinin geri çəkməsini istəyib. Lakin Ukrayna tərəfi bu təkliflə razılaşmayıb.
Bu məlumatlar “Discord” platforması vasitəsilə şəbəkəyə sızan ABŞ kəşfiyyat sənədlərinin açıqlanan yeni nüsxələrində əks olunub.
Bu barədə “Washington Post” nəşri məlumat verib.
Materialda qeyd olunur ki, Priqojin bəzi öz məxfi əlaqələri vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə belə bir qeyri-adi təklif edib. Bu təklif yanvarın sonunda Baxmuta hücumlar zamanı minlərlə “vaqnerçi”nin həlak olduğu zaman edilib.
“Priqojin açıq şəkildə Rusiya hərbi başçıları ilə mübahisə edirdi. Priqojin şiddətlə iddia edirdi ki, hərbi başçılar onun ordu qüvvələrini silahlandırmaq və yenidən təchiz etmək iqtidarında olmadılar. Bu ordu qüvvələri isə Moskvanın müharibə səylərinə həyati dəstək hesab olunurdu. Lakin o, həm də Rusiya Prezidenti Vladimir Putinin müttəfiqidir. Putin isə Priqojinin “Vaqner” döyüşçülərinin həyatlarını rusiyalı əsgərlərlə dəyişmək təklifini satqınlıq kimi qiymətləndirə bilər”, - deyə nəşr yazır.
Buna baxmayaraq sənəddə “Vaqner” rəhbərinin Rusiya qoşunlarının hansı mövqelərini açıqlamağı təklif etdiyi qeyd olunmur.
“İki ukraynalı məmur Priqojinin Ukrayna kəşfiyyat idarəsi ilə bir neçə dəfə danışdığını təsdiqləyib. Məmurlardan biri deyib ki, Priqojin dəfələrlə Baxmutla bağlı təklif edib, lakin Kiyev bu təklifi qəbul etməyib. Çünki rəsmilər Priqojinə etibar etmədikləri üçün onun təkliflərini də qeyri-səmimi hesab ediblər”, - deyə materialda bildirilir.
“Vaşinqton da “Vaqner” rəhbərinin belə niyyətinə inanmayıb”, - deyə ABŞ rəsmisi qeyd edib.
“Ukrayna və ABŞ rəsmiləri məxfi məlumatları anonimlik şərti əsasında müzakirə ediblər”, - deyə “Washington Post” yazır.
Pentaqonun sızdırılmış digər sənədləri göstərir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmiləri Priqojinin ordunun fəaliyyəti ilə bağlı tənqidlərinə və əlavə resurs tələblərinə necə reaksiya verəcəklərini bilməyiblər.
Sənədlərdə, həmçinin Priqojin və müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla yüksəkrütbəli Rusiya rəsmiləri arasında hakimiyyət mübarizəsindən bəhs edilir.
“Bu gərgin fonda Priqojin Ukrayna kəşfiyyatı ilə gizli əlaqə saxlayıb. Sənədlərin birində deyilir ki, telefon danışıqları ilə yanaşı o, hətta Kəşfiyyat İdarəsinin zabitləri ilə Afrikanın adı açıqlanmayan bir ölkəsində üzbəüz görüşlər də keçirib”, - deyə yazıda vurğulanır.
Materialda o da bildirilir ki, Priqojin guya ukraynalı kəşfiyyatçılara Rusiya qoşunlarının döyüş sursatı ilə təminatda çətinlik çəkdiyini deyib, Ukrayna Silahlı Qüvvələrinə irəliləməyi və işğal olunmuş Krımla inzibati sərhədi ələ keçirməyi tövsiyə edib.
Paylaş: