Rusiya Türkiyəyə qaz nəqlini artırmağa, həmçinin Türkiyə ərazisində vahid paylayıcı habın yaradılması təklifinə sadiqdir.
Musavat.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəlio həmkarı Hakan Fidanla görüşündən sonra keçirilən brifinqdə deyib.
O, Fidanla görüşündə bir daha ölkəsinin bu layihənin reallaşdırılmasına hazır olduğunu bildirib: “Öz tərəfimizdən biz iki dövlətin başçısının razılaşdırdığı kimi, Türkiyədə qazpaylayıcı hab yaratmaqla Rusiyanın təbii qazın Türkiyəyə nəqlini artırmaq planına sadiq olduğunu elan etdik”.
Lavrov həmçinin qeyd edib ki, Rusiya və Türkiyə energetika sahəsində strateji layihələri inkişaf etdirirlər: “Akkuyu atom elektrik stansiyasındakı bütün dörd blokun hamısının işə salınması istiqamətində işlər uğurla davam etdirilir”.
Qeyd edək ki, Türkiyədə qaz habının yaradılması ideyasını Rusiya prezidenti Vladimir Putin ötən ilin oktyabrında irəli sürmüş, təklif Türkiyə tərəfindən müsbət qarşılanmışdı. Ötən müddət ərzində Türkiyə layihənin icrası üçün xeyli fəaliyyətlər həyata keçirib. Lakin iyulda Afrika dövlət başçıları ilə görüşən Putin Türkiyədə qaz habı deyil, elektron satış platformasının yaradılmasını təklif etdiyini açıqladı. Daha sonra Rusiyanın İranda qaz habının yaradılması planında iştirakına dair məlumatlar yayıldı. Belə görünür ki, Ukrayna yanvardan etibarən Rusiya qazının öz ərazisindən nəqlini tam dayandıracağını elan etdikdən sonra Moskvada Türkiyədə hab yaradılması layihəsinə geridönüş edilib. Çünki bu halda Rusiya qazının Avropadakı azsaylı müştərilərə yeganə çatdırılma imkanı Türkiyə üzərindəndir...
Paylaş: