Rusiyanın hakim “Vahid Rusiya” partiyasından olan deputat Yevgeni Fyodorov Dövlət Dumasına SSRİ-nin keçmiş sərhədləri daxilində bərpasını təklif edən qanun layihəsi hazırlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Focus” nəşri məlumat yayıb.
Fyodorov öz mövqeyini öncə belə əsaslandırır ki, keçmiş SSRİ-nin tərkibində olmuş müstəqil dövlətlərin ərazisində hər zaman müxtəlif münaqişələr baş verir. “Ona görə də Rusiya bu ölkələrin hər biri ilə döyüşməli olsa belə, onları yenidən Moskvanın nəzarətinə qaytarmaq məntiqlidir”.
Deputat ardınca iddia edib ki, guya sabiq müttəfiq respublikalar SSRİ-ni qanunsuz tərk edib və buna görə də Rusiyanın onları geri qaytarmaq hüququ var: “Ukraynanın hazırkı işğalı belə qayıdışın başlanğıcıdır”.
Onun fikrincə, keçmiş İttifaq respublikaları Rusiya Federasiyası ilə münaqişə vəziyyətində olub və gələcəkdə də münaqişədə olacaqlar. Deputat əmin edir ki, bu məsələləri yoluna qoymaq üçün Rusiya hamı ilə vuruşacaq.
“SSRİ-nin bütün ərazisi qeyri-sabitdir. Ətrafda hərbi əməliyyatlar gedir. Ukrayna ilə bağlı hekayə artıq yüzüncüdür. Bundan əvvəl Tacikistan, Dnestryanı, Gürcüstan və digər konfliktlər var idi. Bu o deməkdir ki, 90-91-ci il qanununun pozulması daimi qarşıdurmalara səbəb olub. Onları dayandırmaq üçün biz əsasa – qanunun mövqeyinə qayıtmalı olacağıq”, - Fedorov faktiki postsovet ölkələrini hədələyib.
Rus deputatın Litvaya qarşı da iddiaları var. Onun nəzərincə, Litva NATO-nun üzvü olmamalıdır. Və əlavə edib ki, (SSRİ) sərhədlərinin bərpası məsələləri ilə xüsusi hüquqşünaslar məşğul olmalıdır...
Diqqət edin, bunu LDPR-in hansısa radikal-faşist təmayüllü deputatı, yaxud kommunistlərin lideri Gennadi Züqanov yox, məhz prezident Vladimir Putinin sədri olduğu hakim “Vahid Rusiya” partiyasının üzvü bəyan edir. Nəinki bəyan edir, üstəlik bu avantüraya “hüquqi” don geydirmək üçün parlamentin aşağı palatasına qanun layihəsi də təqdim edir!
O zaman sual yaranır: bu, həm də Kreml rəhbərinin mövqeyi, sözü deyil ki?
İkinci yandan, “sabiq müttəfiq respublikalar SSRİ-ni qanunsuz tərk edib” nə demək, əgər son (1977) SSRİ Konstitusiyasına görə (preambula hissəsi), müttəfiq respublikaların ittifaq dövlətindən sərbəst çıxmaq hüququ olubsa və sovetlər birliyi ümumiyyətlə könüllü birlik olubsa?..
Xatırladaq ki, Rusiya prezidenti dəfələrlə SSRİ-nin bərpasının qeyri-mümkün olduğunu bildirib. Hərçənd belə bir ifadə də işlədib: “Sovet İttifaqının dağılmasına acımayanların ürəyi, onun bərpasını mümkün sayanların isə ağlı yoxdur”.
Elə isə bu ağılsız deputat Fyodorov hakim partiyada nə gəzir? O, nəyin, hansı müharibənin anonsunu verir? Həmsərhəd postsovet ölkələrini şantaj eləmək üçünmü ortaya atılıb belə bir təxribatçı qanun layihəsi? Ukrayna bataqlığında ilişib qalan Rusiya işğalçı müharibələrdən bezmədimi?
Yəqin ki, yox. Çünki bir çox siyasi təhlilçilərə görə, Moskva “SSRİ-2” layihəsindən heç də vaz keçməyib və bunu suveren Ukraynaya qarşı təcavüzkar siyasəti ilə bütün dünyaya əyani göstərməkdədir. Odur ki, hamı işini bilsin...
İşə bax. Rusiya Federasiyası adlanan hazırkı Rusiya imperiyası məgər qanun-qayda əsasında, halallıqlamı qurulub ki? İmperiyaların çöküşünün nə qanunisi, nə qanunsuzu, qospodin Fyodorov?
Rusiya getsin hələ Kalininqradı (əsl adı Kinsbörq) halal yiyəsinə - almanlara, Kuril adalarını yaponlara qaytarsın, işğal elədiyi Şimali Qafqazı, digər aborigen xalqların yaşadığı əraziləri öz halal sahiblərinə (çeçenlərə, inquşlara, tatarlara, başqırdlara, yakutlara və s.) geri versin, nəinki postsovet ölkələrə qarşı iştah dişini itiləsin.
İşğalçı bir dövlətin deputatı hansı haqdan-hüquqdan, qanundan dəm vurur, əgər Rusiyanın özü istilaçı müharibələrin nəticəsidirsə? Nəhayət, siz heç həmin o keçmiş müttəfiq respublikaların xalqlarından soruşmusunuzmu ki, onlar rusla təzədən vahid dövlətdə olmaq istəyir, ya yox?
Siz heç Belarusu, qotur və vassal Ermənistanı vahid dövlətdə birləşdirə bilmirsiz, Şuşa Bəyannaməsinin qarantı altında olan Azərbaycanı, digər ölkələri necə yenidən ilhaq edəcəksiniz? Bayırda 1920-ci illər deyil e, 2020-ci illərdir.
Rusiya yaxşı olar indiki sərhədlərinin qeydinə qalsın. Yoxsa bir də gördün sonuncu ən böyük “xalqlar həbsxanası” Moskva quberniyasına qədər kiçildi...
Paylaş: