Siyasi şərhçi: “Erməni baş nazir sülh sazişinin imzalanmasını yəqin ki, istəyir, lakin...”
Ötən həftə ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Lui Bono bir ay ərzində ikinci dəfə regionda oldu. İrəvan baş çəkdi. Bu həftə isə Bakıya gələcəyi gözlənilir. Görünən budur ki, ABŞ öz vasitəçilik təşəbbüslərini təzədən bərpa eləmək istəyir. Xüsusən də o fonda ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev keçən həftə bölgədə sülhün əldə olunmasına regiondan uzaq güclərin mane olduğunu söyləyib. Onu da deyib ki, Moskva tərəflər arasında sülh müqaviləsi hazırlığının içindədir.
Ermənistan isə son vaxtlar Rusiya platformasından israrla yayınır, daha çox özünü “komfort”da hiss etdiyi Qərbə, xüsusən də Fransanın olduğu danışıq masalarına və formatlara can atır. İrəvan hətta Moskvanı az qala fzərbaycanpərəst mövqe tutmaqda suçlamağa başlayıb.
Məsələn, Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Ovik Ağazaryan bildirib ki, Rusiya platforması o qədər də effektiv deyil, çünki Rusiya artıq müəyyən mənada bu münaqişənin tərəfidir (yəni guya Bakının mövqeyindədir). “Məncə, bu səbəbdən bizim ikilik qarşısında tənha olduğumuz yerdə Ermənistanın danışıqlarda iştirak etməsi qəbuledilməzdir. Son illər biz müttəfiqimizin (Rusiyanın - red.) passivliyini və fəaliyyətsizliyini müşahidə edirik ki, bu da çox ağır nəticələrə gətirib çıxarıb”, - Ağazaryan bildirib.
Yəni belə çıxır, Türkiyə lideri Ərdoğanın təklif etdiyi “dördlü format”a da (Azərbaycan-Türkiyə-Ermənistan-Rusiya) Ermənistan özünü “tənha” hiss etdiyi üçün qatılmayacaq. Yeri gəlmişkən, noyabrın 9-da Daşkənddəki tədbirdə R.T. Ərdoğan bir daha İrəvana səslənib. Sitat: “Qarabağın azad olunması nəticəsində regionda sülhə bir az da yaxınlaşdıq. Ermənistan öhdəliklərini yerinə yetirsə, bu proses daha da asanlaşacaq”.
Yerinə yetirəcəkmi? Bu arada məlum olub ki, Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri uzun fasilədən sonra Moskvada görüşəcək. Lakin dəqiq tarix bəlli deyil. Eyni zamanda Brüsseldə gələn ay, ilsonu “üçlü” formatda (Əliyev-Paşinyan-Mişel) növbəti görüş barədə KİV-lərdə məlumat yayılıb.
Göründüyü kimi, sanki ən yaxşı vasitəçilik uğrunda Rusiya və Qərb (Vaşinqton, Brüssel) arasında növbəti yarış başlayıb. Necə deyərlər, hərə öz formatını xilas etməyə çalışır. Kimdə uğurlu alınacaq? Hələlik söyləmək çətindir.
Nikol Paşinyan bu dəfə Parisdə, Sülh Forumu çərçivəsində Azərbaycanın ünvanına böhtanlar səsləndirib, Bakını həyasızcasına “etnik təmizləmə”də suçlayıb. Ardınca da riyakarcasına sülhdən dəm vurub, sülh müqaviləsi üçün İrəvanın “üç prinsip”ini təkrarlayıb (eyni ritorikanı Parisdə YUNESKO-nun iclasında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan səsləndirib). “Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kv/km hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır. İkinci prinsip - sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il Almatı Bəyannaməsinə uyğun aparılmalıdır. Üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasına aiddir”.
Öz növbəsində Bakı İrəvana göndərdiyi 5 prinsiplə bağlı yekun təkliflərinə ondan cavab gözləyir.
Bəs İrəvana sülh anlaşması imzalamağa nə mane olur? Sözsüz ki, Ermənistan gec-tez Azərbaycanla sülh sənədini imzalayacaq. Çünki bu hamıdan çox onun özünə lazımdır. Bəs tarix? Paşinyan dönəmində bu mümkün olacaqmı? Nikol əsas nədən qorxur - terror ediləcəyindən, yoxsa Ermənistanın toparlanması, silahlanması üçün vaxt qazanacağını xəyal edir?
Abutalıb Səmədov: Dünya ictimaiyyəti bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu
Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın müəyyən dəyişikliklərlə Qranada da qəbul olunan 3 təklifin əslinə qalsa, qəbulu mümkün olan məsələlərdir. Ancaq Nikol Paşinyan bəzi məsələləri anlamaq istəmir və bu da təbiidir ki, danışıqlarda müəyyən problemlər yaradır: “Birincisi, tələb, yaxud təklif edirdi ki, konkret rəqəm göstərilsin. Ancaq o biri tərəfdən deyir ki, Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinə 8 işğal olunmuş kənd də daxildir, Ermənistanın 29,8 min kvadratkilometr ərazisinə isə həm Başkəndi, həm də digər kəndləri daxil edir. Eyni zamanda onu da deyir ki, anklavların qaytarılması müəyyən problemlər yarada bilər və ərazi mübadiləsi imkanları da nəzərdən keçirilə bilər. Təbiidir ki, bu halda delimitasiya keçirilməlidir və ondan sonra ola bilər ki, Ermənistanın ərazisinin ölçüsündə azalma və ya artma olsun. Eyni şey Azərbaycana da aiddir. Yəni burada dəqiq rəqəm tələb eləmək hesab edirəm ki, yalnız danışıqları çətinə salmaq cəhdidir. Xəritələrlə bağlı da eyni şeyi demək olar. Paşinyan konkret 1975-ci ilə xəritəsi əsasında delimitasiya aparılmasını təklif edirdi. Hətta Qranada da bunu qəbul eləmədilər və son xəritələr əsasında aparılması daha düzgün sayıldı. Son xəritələr deyəndə nə vaxtın xəritələrinin nəzərdə tutulması da problemli məsələdir. Yəni burada da təkid eləmək ki, mütləq bir xəritə əsasında -1975-ci il xəritəsi əsasında aparılmalıdır, bu da təbii ki, əlavə problemlər yaradıb. Üstəlik, 2021-ci ilin noyabrında Soçidə imzalanmış razılaşmaya görə orada konkret bir xəritədən söhbət getmir, xəritələrdən söhbət gedir. Azərbaycanın da mövqeyi bundan ibarətdir ki, delimitasiya Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında saxlanılan xəritələr əsasında aparılmalıdır”.
Siyasi şərhçinin fikrincə, Paşinyan sülh sazişinin imzalanmasını yəqin ki, istəyir: “Mən onun Ermənistanın güclənəcəyinə ümid etdiyinə inanmıram. Nə qədər təsadüfi siyasətçi olsa da Paşinyan dərk edir ki, belə bir şeyin olması mümkün deyil və zaman keçdikcə Azərbaycan Ordusu ilə Ermənistan ordusu arasında fərq daha da böyüyəcək. Bu, Ermənistanın təbiidir ki, xeyrinə olmayacaq. Sülh razılaşmasının imzalanmasında əsas problem Qərblə Rusiya arasında ziddiyyətlərin son həddə qədər kəskinləşməsi ilə bağlıdır. İndi əsas məsələ sazişin harada imzalanmasıdır. Rusiyada imzalanmanı Qərb qəbul eləmir, Qərb platformasına Rusiya etiraz edir. Bu vəziyyəti hamıdan əvvəl görən Azərbaycan Prezidenti Gürcüstanı təklif elədi. Güman etmək olar ki, həm Rusiya, həm də Qərb bu təklifi dərhal qəbul etməli idilər və Paşinyan da razılığını bildirməlidir. Lakin o, hələ də razılığını bildirməyib. Qərb də görünür ki, icazə vermədiyinə görə Nikol susmağa üstünlük verir. Əsas problem də budur. Sülh sazişinin məzmunundan daha çox onun harada imzalanması əsas problem kimi qarşımızda durur. Gec-tez Ermənistan da bu nəticəyə gəlməlidir ki, Gürcüstandan əlverişli variant yoxdur. Əks halda, çox ciddi problemlər yaranacaq. Qərb son dövrlərdə açıq ermənipərəst mövqeyə keçib ki, bu da Azərbaycanın Qərbin vasitəçiliyinə ciddi şübhə ilə yanaşmağına əsas verib. Paşinyan devrilməyindən və ya terrora məruz qalacağından şübhəsiz ki, qorxur və bu amili daim nəzərə alır. Ancaq bu, o qədər real deyil. Paşinyan hakimiyyətini ən çətin dövrlərdə qoruyub və sülh sazişini imzalayandan sonra da qoruyacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Paylaş: