Xəbər lenti
Dünən, 19:25

Ermənistan yarandığı gündən xarici havadarlarının tapşırığı ilə idarə olunub. 2016-cı ilin Aprel döyüşləri ərəfəsində və ondan sonra ölkənin ovaxtkı prezidenti Serj Sarqsyan az qala hər rüb Moskvaya səfər edər, yeni tapşırıqlar alardı. Bunlar onun çıxışları və fəaliyyətində açıq şəkildə görünürdü.

İndi istiqamət dəyişib. Ermənistanın baş naziri Nikol Paşinyan və başqa rəsmilər Fransaya, Avropa İttifaqının üzlərinə xoş baxan ölkələrinə gedirlər. Ermənistanın bu addımları qıcıq yaratsa da, bəzi açıqlamalar nəzərə alınmazsa, Kreml hələ özünü təmkinli aparır. Ancaq bu səbrin bir həddi olacağını da ehtimal etmək olar. Çünki son 15 ilin təcrübəsində Gürcüstan və Ukrayna hadisələri var.

Keçmiş Prezident Mixeil Saakaşvilinin oxşar davranışı 2008-ci ilin avqustunda Cənubi Osetiya və Abxaziyanın “özünü müstəqil elan etməsi” və Rusiyanın onları “tanıması” ilə nəticələndi. Bir müddət sonra isə həm də Ukrayna vətəndaşı olan Saakaşvili Gürcüstanda “dövlət sərhədini qanunsuz pozmaq” maddəsi ilə mühakimə olundu və hazırda həbsxanadadır.

Bu gün isə Nikol Paşinyan sponsoru olan Fransaya, eləcə də digər Qərb ölkələrinə arxalanaraq Rusiyanın nəzarəti altından çıxmağa cəhd edir, başqa sözlə, Rusiyanın lokomotiv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi qurumlarda iştirakdan imtina etməklə özünü müstəqil göstərməyə çalışır.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanın KTMT-də iştirakını tamamilə bərpa edəcəyinə ümidvardır. Bu, rəsmi İrəvana daha bir soyuq ismarışdır.

Ukrayna hadisələri sübut etdi ki, Moskva onun nüfuzundan ayrılmaq məsələsinə çox ciddi yanaşır və bunu özünün təhlükəsizliyi ilə eyni tutur.

Yeri gəlmişkən, Azərbaycanın SSRİ-nin tərkibindən çıxmaq istəyinə görə 1990-cı ilin yanvarında Bakıda və bir sıra rayonlarda qanlı hadisələr törədildi. Rusiya bunu Gürcüstanda, Baltikyanı ölkələrdə də törətmişdi. Ancaq bu illər ərzində Ermənistanın başı həmişə Kremlin havadar əli ilə tumarlanıb.

Ukraynadan sonra indi növbə, deyəsən, Ermənistana çatır. Ehtimal edilir ki, Ermənistan Rusiyaya qarşı müharibəyə hazırlaşır. Hətta bununla bağlı Fransada 7 təlim mərkəzinin fəaliyyət göstərdiyi də bildirilib.

Bu günlərdə “Zerqulio” kanalının iddiasına əsasən, erməni əsgərlərinin təlimi ilə “Fontevrault L'Abbe”dəki təlim mərkəzi məşğul olur. Məlumata görə, kanalda həmin mərkəzlərin foto və videogörüntüləri də var. Xüsusilə, Mailly-le-Caen ərazisindəki təlim mərkəzinə döyüş hazırlığı mərkəzi (CENTAC – “Centre d'entrainement au” ) və komanda post zabitləri üçün təlim mərkəzi (CES – “Center d'entrainement des post de”) daxildir.

Hadisələr sübut etdi ki, Ukrayna və onu dəstəkləyənlər Rusiyaya qarşı müharibəyə hazır deyillər.

Bu günlərdə Nikol Paşinyan bildirib ki, Ermənistan silahlı qüvvələri "5-ci kolon"dan təmizlənib. Keçmiş sovet respublikalarında bu “kolon” üzvləri adətən Rusiyaya aid olur. Odur ki, Paşinyan bununla ordusunu Rusiyanın adamlarından təmizlədiyi ismarışını çatdırıb.

Rusiya da hadisələrdən xəbərdar kimi davranır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır. Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda residiv (hadisənin təkrar baş verməsi) riski qalmaqdadır: “Onlar bu regionun təhlükəsizliyini, sabitliyini və rifahını təmin etmək üçün heç nə etmirlər”.

Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri və tərəflər arasında bir sıra sənədlərin imzalanması bu şübhələrin artmasına əsas verən amillərdir.

Belə anlaşılır ki, Ukraynadakı proseslərə yardım məqsədi ilə Ermənistanı döyüşə hazırlayırlar. Əslində, Ermənistanla Rusiya arasında müharibənin başlaması üçün zəmin də yox deyil. Nəzərə alaq ki, rəsmi İrəvan 102 saylı hərbi bazanın çıxmasını, Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədlərini özünün qorumaq istədiyi tələblərini irəli sürür. Bununla bağlı Ermənistan ərazisində əvvəllər keçirilmiş anti-Rusiya tədbirlərinə oxşar aksiyalar təşkil edilir. Bu kimi hadisələrə dözməyən Rusiya əvvəlcə tərəfdarları vasitəsi ilə anti-hökumət tədbirlərinin keçirilməsini himayə edir. Paşinyan hökumətinin aksiyanı güc yolu ilə dağıtmasının qarşısını Rusiya eyni üsulla alır. Belə bir ssenari tərəflər arasında hərbi, yaxud qarşıdurmaya yol aça bilər. Bütün bunların baş verməsi üçün Moskvanın təmkini pozması kifayət edər.

Ancaq hələlik Kreml səbr nümayiş etdirir, İrəvan isə müxtəlif iddialarla Rusiyanın tədbirlərinə qatılmamaqda israr edir.

İrəvanla Moskva arasındakı indiki münasibətlərdə Rusiyanın da üzərinə az məsuliyyət düşmür. Məlum 10 noyabr bəyanatından (Ermənistanın kapitulyasiya aktı-müəl.) sonra Ermənistanın silahlanması ilə bağlı məsələlərə embarqo tətbiq edilsəydi, indiki mənzərə yaranmazdı.

Yeri gəlmişkən, kapitulyasiya alman sözü olub təslim olmaq deməkdir. Beynəlxalq hüquqda bir-birinə zidd olan qüvvələr arasında silahlı mübarizənin dayandırılması və döyüşən dövlətlərdən birinin silahlı qüvvələrinin təslim edilməsi haqqında sazişdir. Belə vəziyyətdə təslim olan, yaxud işğalçı tərəf bütün silahlarını təhvil verir. Ona uzun və ya müəyyən müddətə silahlı qüvvələr yaratmaq, yaxud silah satılması və s. bu kimi məsələlər, hərbi yardımlar qadağan edilir. Ancaq Ermənistana bu cəza tətbiq olunmadı. Ona görə də İrəvan indi regionda destruktiv ünsürə çevrilib...

Report.az




Ana səhifəyə qayıt        Baxış: 5 614          Tarix: 27-11-2023, 14:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma