Xəbər lenti
Dünən, 19:25

Rusiya və Qərb arasında kəskin qlobal qarşıdurma davam edəcək, Cənubi Qafqazda sabitlik olmayacaq.

Publika.az xəbər verir ki, bunu gürcü politoloq Soso Tsintsadze 2024-cü ildə bölgədə gözlənilən prosesləri şərh edərkən deyib.

Gürcü politoloq hesab edir ki, Ukrayna müharibəsi əvvəlki illərdə olduğu kimi bu il də beynəlxalq münasibətlərdə həlledici mövqeyə malik olacaq:

“Rusiyanın geri çəkiləcəyi və Ukrayna müharibəsini qarşılıqlı məqbul şərtlərlə dayandıracağına dair heç bir əlamət yoxdur. Bu o deməkdir ki, Rusiya və Qərb arasında qlobal qarşıdurma davam edəcək. Vəziyyət uzandıqca, görürük ki, Rusiya sanksiyalara, geosiyasi təzyiqlərə uyğunlaşır, yeni koalisiyalar, tərəfdaşlar, yeni bazarlar tapmağa çalışır, ona görə də münaqişənin bu cür uzanması Moskvaya sərf edir. Qərb çalışırdı ki, hər şey intensiv və böyük sürətlə Ukraynanın xeyrinə tamamlansın. Bu baş vermir və belə vəziyyət nə Avropa, nə də Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir”.

S.Tsintsadze bildirib ki, Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi də baş vermədi:

“Rusiyanın mövqeyini gücləndirmək prosesinə İran da qoşulub və Türkiyənin də gizli şəkildə dəstəyi var. Qərb çalışacaq ki, Cənubi Qafqazda təsirini tarazlaşdırsın. Bu prosesdə region ölkələrini risklər gözləyir. Gürcüstan və Ermənistan bir sıra geosiyasi qüvvələrin təzyiq hədəfi olacaq. Bir tərəfdən Qərb, digər tərəfdən Rusiya-İran-Türkiyə təzyiq edəcək. Gürcüstan və Ermənistan Qərbin istəklərinə açıqdır, lakin Qərb hər iki ölkədən daha böyük cəsarət gözləyir. Rusiya-İran-Türkiyə koalisiyası isə bununun əksini istəyir və bu istiqamətdə səylər göstərəcəklər”.

Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə, gürcü politoloq hesab edir ki, ABŞ və Rusiya danışıqlar prosesini idarə etməyə çalışsalar, regionda problemlər yaranacaq:

“Zaman göstərir ki, tərəflər birbaşa formatda danışıqlar apara, yaxud Gürcüstanın təklifi ilə razılaşa bilərlər. İnkar etmirəm ki, bunun çətinlikləri var, lakin real sülh üçün bütün tərəflər birbaşa formatda razılığa gəlməlidir, əks təqdirdə, münaqişə sonsuza qədər uzanacaq. Azərbaycan-Ermənistan danışıqları ötənilki məntiqlə davam edərsə, Cənubi Qafqazda sabitlik olmayacaq”.




Ana səhifəyə qayıt        Baxış: 4 388          Tarix: 8-01-2024, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma