“2018-ci ilin aprel inqilabından sonra hakimiyyətə gələn Nikol Paşinyan ilk dövrləri çıxmaq şərtilə, hakimiyyətini saxlamaq üçün davamlı olaraq mübarizə aparmaqdadır”.
Bu fikirləri Musavat.com-a açıqlamasında hüquqşünas Sahib Məmmədov Ermənistan rəhbərliyinin mövcud, ziddiyyətlərlə dolu siyasətinə, həmçinin Qərbin post-Paşinyan dövrünə hazırlaşması barədə erməni mediasındakı xəbərlərə reaksiyasında söyləyib.
Ekspert deyib ki, həmişə Rusiyanın təsiri altında olan, faktiki olaraq Rusiyanın quberniyası və Cənubi Qafqazda forpostu rolunu oynayan Ermənistanın birdən-birə Qərbə meyl etməsi və Rusiyaya qarşı demarşları ona qarşı daxili müqaviməti gücləndirib, 2020-ci ildə Ermənistanın Azərbaycanla 44 günlük müharibədə biabırçı məğlubiyyətindən sonra isə Paşinyan hakimiyyətinin zorla devrilməsi üçün genişmiqyaslı aksiyalara start verilib:
“Lakin yeni müharibədən qorxmuş və acı məğlubiyyətdən özünə gələ bilməmiş xalq bu prosesə aktiv qoşulmayıb. Nəticədə Nikol Paşinyan hakimiyyətini nəinki qoruyub saxlayıb, həm də onu möhkəmləndirərək rəqiblərini sıxışdıra bilib. Paşinyanın hakimiyyətini qoruya bilməsinin səbəblərindən biri də Qərb ölkələrinə meyillənməklə yanaşı, Rusiyadan tam üz döndərməməsi idi. Əslində bu, mümkün də deyildi. Rusiya Ermənistanda kifayət qədər möhkəmlənib. Ermənistanda hərbi bazaları mövcuddur, bu ölkənin sərhədlərinin mühafizəsindən tutmuş, iqtisadiyyatın aparıcı bütün sahələri Rusiya dövlətinin və ya Rusiya biznesinin əlində cəmləşib. 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma və onun nəticəsi olaraq Azərbaycanın öz sərhədləri daxilində olan, lakin Ermənistanın onları öz ərazisi hesab etdiyi strateji yüksəkliklərdə möhkəmlənməsindən, ötən ilin sentyabr ayında isə Azərbaycanın bir sutka davam edən uğurlu antiterror tədbirlərindən sonra vəziyyət yenidən əsaslı surətdə dəyişdi.
Ermənistan hələ 2022-ci ilin sentyabr döyüşlərindən və 2022-ci ilin son aylarından Laçın yolunda başladığı tədbirlərdən sonra Rusiyanı ittiham etməyə başladı”.
S.Məmmədov digər mühüm məqama da diqqət çəkib:
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının proseslərə qoşulmaması, Ermənistanın nöqteyi-nəzərindən Rusiyanın müttəfiqlik borcunu yerinə yetirməməsi Ermənistanın Rusiyaya qarşı ardıcıl olaraq demarşlar etməsinə gətirdi və bunun pik nöqtəsi olaraq Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulması oldu. Rusiya prezidentinə qarşı cinayət işinə başlamış bir məhkəmənin yurisdiksiyasına qoşulmaq faktiki olaraq Rusiyaya qarşı düşmən cəbhəsinə keçməyə bərabər idi. Lakin Rusiya hələ də səbr nümayiş etdirməkdədir. Rusiya gözləyir ki, Paşinyanın Qərbdən gözləntiləri özünü doğrultmayacaq və o, yenidən Rusiyaya tərəf meyillənəcək, yaxud uzunmüddətli planda Paşinyanı daha münasib şəxslə əvəz edilməsinə nail olacaq. Qərb isə o qədər də səbrli deyil. Paşinyana verdikləri azacıq dəstəyin əvəzini dərhal tələb edirlər. Bu tələb isə Ermənistanın Rusiyadan birdəfəlik üz döndərməsi və bu istiqamətdə hüquqi addımlar atmasıdır”.
Ekspertin sözlərinə əsasən, Ermənistan seçim etməlidir:
“Rusiyanın nüfuz dairəsində olan qurumlardan çıxmalı, Rusiya hərbi kontingentini ölkədən çıxarmalı, tam qərbyönümlü siyasətə başlamalı və bu istiqamətdə hüquqi addımlar atmalıdır. Bu olmasa, o zaman Qərbin elə Paşinyan komandasının içərisindən daha münasib şəxsin hakimiyyətə gəlməsi istiqamətində fəaliyyətə başlaması istisna deyil. Ona görə də yaxın dövr Paşinyan üçün çətin olaraq qalacaq. Bir tərəfdən Azərbaycanla olan münasibətləri yenidən alovlandırmaq istəmir, çünki indiki halda bu, Ermənistan üçün daha ağır nəticələrə gətirəcək, digər tərəfdən Rusiya ilə əlaqələri daha da soyuqlaşdırmaq istəmir, çünki bunun da nəticələri Ermənistan üçün ağır ola bilər, o biri tərəfdən isə Qərbin artan tələblərini yerinə yetirə bilmir. Bütün hallarda Paşinyan hələ ki, “suyun üzündə qala bilir”. Çünki Ermənistanın əksəriyyət əhalisi hələ ki, onu dəstəkləyir. Fikrimcə, revanş indiki halda o qədər də real görünmür”.
E.Paşasoy,
Musavat.com
Paylaş: