Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu il yanvarın 29-da Baş nazir vəzifəsindən istefa verib. Gürcüstanın hakim Gürcü arzusu - Demokratik Gürcüstan Partiyası Baş nazir postuna İrakli Kobaxidzenin namizədliyini təsdiqləyib. Gürcüstanda yeni hakimiyyət formalaşdıqdan sonra Azərbaycanla münasibətlərin hansı formada davam edəcəyi maraq doğurur.
Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze Modern.az-a bildirib ki, yeni hökumət əlaqələrə daha böyük töhfələr verə bilər:
“Gürcüstanda yeni hökumət formalaşır. Amma demək olmaz ki, xarici siyasətdə, xüsusilə də qonşu ölkələrlə münasibətlərdə dəyişiklik olacaq. Amma yeni hökumət dövründə Tbilisi ilə Bakı arasında münasibətlər daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksələ bilər. Bu regionda sabitlik və sülhün inkişafı üçün mütləqdir. Böyük layihələrin icrası regionda sülhü tələb edir. Yeni hökumət regiona, xüsusilə də Azərbaycanla münasibətlərə müsbət təsir göstərəcək. Hakim partiya Azərbaycan və Ermənistan arasında münasibətlərə də öz töhfəsini verə bilər”.
Ekspert Gürcüstanın bundan sonra Avropaya inteqrasiyasından da danışıb:
“Hakim Gürcü Arzusu Partiyası hakimiyyətdə olduğu dövrdə, Avropa İttifaqına namizəd statusunu əldə edə bilib. İndi isə Aİ qarşısında öhdəlikləri yerinə yetirmək üçün həm ölkə xaricində, həm də daxilində yeni simalara ehtiyac var. Bidzina İvanişvilinin də siyasətə qayıtması Gürcüstanın daha güclü olacağına bir işarədir. Ona görə də növbəti illərdə daha güclü Gürcüstan görə bilərik”.
Qeyd edək ki, İrakli Qaribaşvili 2013-cü ildən 2015-ci ilə qədər hökumət başçısı vəzifəsini icra edib. Daha sonra İ.Qaribaşvili 2021-ci ildə yenidən Baş nazir vəzifəsinə qayıdıb.
Paylaş: