İranın Qafandakı baş konsulu Morteza Abedin Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə qarşı dolayı eyhamlar vurub.
Diplomat Ermənistanın News.am saytına müsahibəsində deyib ki, İran Qafanda konsulluq açdıqdan sonra sakinlər özlərini daha rahat və təhlükəsiz hiss edirlər.
Bununla diplomat sətiraltı bildirmək istəyir ki, İran Azərbaycana qarşı Ermənistanın təhlükəsizliyinə zəmanət verir.
Hərçənd ki, Azərbaycanla İran arasında hərbi və siyasi gərginlik dövrü arxada qalıb, indi iki ölkə maraqlarını iqtisadi-ticari platformalarda birləşdirərək regional əməkdaşlığın konturlarını cızır.
Ancaq İran Yaxın Şərqdə üzləşdiyi riskləri dolayı vasitələrlə Cənubi Qafqazda da hiss etdirməkdə maraqlıdır.
Çünki İran xarici siyasətində izlənən klassik bir ənənə var: nə qədər çox münaqişə və müharibə varsa, İran ideoloji istiqamətlərini təhlükəsizlik boşluqlarına yeritməlidir.
Yox, bu, o mənanı çıxarmaq üçün əsas deyil ki, dünya arenasında sıxışdırılan İran Cənubi Qafqazda Qərblə açıq qarşıdurma trayektoriyasına girməkdə maraqlıdır.
Ancaq İran mütləq sülh də istəmir, buna görə də regiondakı hadisələri özünəməxsus ifadələrlə təsvir edərək gərginliyin mənbəyini saxlamaq məcrasında qalır.
Nəzərə alaq ki, İran təhlükəsizlik cəhətdən zəifliklər hiss edir, ona görə ki, ölkənin daxilində belə, xarici kəşfiyyat orqanlarının fəaliyyəti tez-tez vurğulanır.
İranın daxili təhlükəsizlik arenasında titrəyişlər olduqca, bu, SEPAH və onun kölgəsində olan qüvvələri “xarici cəbhə üzrə” aktivləşdirir. Tehran bununla ideoloji amili qabardaraq hərbi-siyasi elitanın xalq tərəfindən dəstəklənməsi imkanlarını araşdırır.
Buna görə də demək mümkündür ki, cənab Abedinin açıqlaması İran hərbi-siyasi və ruhani elitasındakı sərt xətt tərəfdarlarının ümumiləşmiş səsidir.
Ancaq nəticə etibarı ilə iranlı diplomatın bəyanatı ölkəsinin həm xarici siyasətdə, həm də daxili siyasi mühitdə ehtiyat görə bilməməsindən irəli gələn böhranı vurğulayır.
İkinci bir tərəfdən, İran Azərbaycanla münasibətlərdə “istənilən zaman gərginliyə getməkdə maraqlıyıq” ismarışını verir. Bu mesaj Azərbaycan və Türkiyədən Zəngəzur dəhlizinin əhəmiyyəti barədə yüksələn mövqelərə verilən klassik reaksiyanın təkrarıdır.
Düzdür, bu, İranın strateji şüuraltındakı məramın ifadəsidir, amma bəyanat diplomatiya cəhətdən də qüsurlu hesab oluna bilər.
Ona görə ki, bir diplomatın yerli sakinlərin hiss və düşüncələrini manipulyasiya edərək onu Azərbaycana qarşı müqavimət oxu kimi yönləndirməsi etik deyil. İkinci bir tərəfdən, konsulluqla təhlükəsizliyin nə əlaqəsinin olması sualı yaranır.
Başqa bir tərəfdən də sual olunur: Məgər Azərbaycan ermənilərin hüquq və təhlükəsizliyini şübhə altına alır? Xeyr, əksinə, Azərbaycan Ermənistanla sülh gündəliyindəki ştrixləri regional sülh, firavanlıq və region xalqlarının rifahı kodeksinə kökləyir.
oxu.az
Aqşin Kərimov
Paylaş: